Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-138/2023 05.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh İB-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun şəxsi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi qaz sayğacı ilə təchiz edilmişdir. O da, taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. 05 dekabr 2022-ci il tarixdə Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS əməkdaşları yaşadığı ünvana gələrək ona məxsus evə quraşdırılmış sayğacın ilişərək işlədiyindən və qazı fasilələrlə buraxdığını əsas gətirərək yeni Zenner tipli sayğac ilə əvəz etmişlər. Bu barədə 05 dekabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Bir müddət keçdikdən sonra isə 13 fevral 2023-cü il tarixdə Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS əməkdaşları onun iştirakı olmadan qanunsuz akt tərtib etmişlər. 13 fevral 2023-cü il tarixli ******* saylı həmin aktda sayğaca baxış keçirildiyi, hesablama mexanizmini hərəkətə keçirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi, vintlərdən birinin aşkar edilmədiyi, xətaların normadan artıq olduğunu və sayğacın istismara yararsız olduğunu qeyd etmişlər. xx.xx.2023-cü il tarixli tələbnamə ilə isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 12960 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda həmin akt etibarsız hesab olunmalı və 12960 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, 05 dekabr 2022-ci il tarixli, ******* saylı aktdan da göründüyü kimi onun yaşadığı evə quraşdırılmış sayğac həmin tarixdə Zenner tipli sayğac ilə əvəz etmə ilə əlaqədar dəyişdirilmişdir. 13 fevral 2023-cü il tarixli ******* saylı aktda isə sayğaca baxış keçirilməsi və nöqsanlar olması qeyd edilmişdir. Sayğacda hər hansı zədə olmuşsa bu barədə rəy verilməli idi. O, Cavabdeh İB-nin qaz sayğaclarına nəzarət komissiyasının rəyini görməmiş, həmin rəy ona verilməmişdir. O, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Qaz sayğacları bütün şəhər ərazisində küçələrdə quraşdırılmış və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs həmin sayğaca ziyan vura bilər və sayğaca istənilən müdaxiləni edə bilər. Qaz sayğacında baş vermiş nasazlığa görə isə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi guya sayğaca müdaxilə nəticəsində artıq qaz sərfiyyatından istifadə edildiyini qeyd edir. Halbuki qaz idarəsinin işçiləri hər ay qaz sayğacına baxaraq işlətmiş olduğu qazın bildirişini verir, bildiriş əsasında da qazın pulunu dövlət büdcəsinə ödəyir. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayğaca baxarkən orada hər hansı bir müdaxiləni görməmiş, onun sayğaca müdaxilə etdiyini və artıq qaz sərfiyyatı etdiyini qeyd edirlər. Əgər sayğaca müdaxilə olmuşdursa, sahə nəzarətçisi bunun dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Odur ki, tərtib olunmuş akt əsassızdır. Qaz istismar idarəsinin əməkdaşları tərəfindən heç bir çəkiliş aparılmadan, hal şahidləri dəvət edilmədən sadəcə fərziyyə ilə belə bir nəticəyə gələrək qanunsuz akt tərtib edilərək sərfiyyat hesablanmışdır. Akt şahidlərin iştirakı ilə və müvafiq qaydada çəkiliş aparmaqla tərtib olunmalıdır ki, Qaz İstismar İdarəsinin əməkdaşları bu qaydalara riayət etməməklə qanunsuz akt tərtib etmişlər. Qeyd edilənlərə əsasən hazırda həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh təşkilat tərəfindən qanunsuz olaraq akt tərtib olunmuş və barəsində borc hesablanmışdır. Belə ki, qaz sayğacı onun evindən və həyətyanı sahəsindən kənarda, daha dəqiqi küçədə yerləşir. Bu səbəbdən ümumiyyətlə qaz sayğacına uzun illərdir baxmır. Odur ki, onun və ailə üzvlərinin tərəfindən qaz sayğacına hər hansı müdaxilənin edilməsi də mümkünsüzdür. Bundan başqa iş materiallarına əlavə edilmiş abonentin saldosuna nəzər yetirilərsə uzun illərdir onun qaz sərfiyyatına görə lazımi ödənişləri etmiş olduğunu görmək olar. Bu isə onu deməyə əsas verir ki, əsassız yerə qaz sərfiyyatı hesablanmışdır. Qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı ilişərək işləməsi və qazı fasilələrlə buraxması səbəbi ilə çıxarılmış, sayğac Zenner tipli yenisi ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Gəncə X2 İdarəsi tərəfindən təsdiq edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı ilişərək işlədiyindən plomblar açılaraq daxilinə baxış keçirildiyi, hesablama mexanizmini hərəkətə gətirərək dişli çarxın kənar təsir nəticəsində kəsildiyi, vintillərdən birinin aşkar olunmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Gəncə X2 İdarəsi tərəfindən təsdiq edilmiş 27 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 12960 m3 itirilmiş qaz hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacı küçədə yerləşməklə həmin sayğacın kənar müdaxilədən qorunması üçün müvafiq örtük örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda Cavabdeh əməkdaşları sayğaca müdaxilənin edilməsini müəyyən edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Hazırkı mübahisəli aktda sayğaca müdaxilə edilmiş olması qeyd edilsə də, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, dəymiş ziyanın bərpasına dair tərtib edilmiş tələbnamədə 90 gün hesabat müddəti göstərilmiş olsa da, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçədə quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilmişdir. Belə olan halda istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilmiş olması və və həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməmiş olması inandırıcı görünmür. Bundan başqa, həmin aktda qeyd olunmuş müdaxilənin bilavasitə abonent və ya onun ailə üzvləri tərəfindən edilmiş olması, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacın yararsız hala düşməsində bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi sübuta yetmədiyindən iddia təmin edilməklə Cavabdeh Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında 12960 kub/metr qaz sərfiyyatına görə hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında 12960 kub/metr qaz sərfiyyatına görə hesablanmış borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(052)-138/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-138/2023
05.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver