Məhkəmə qərarları › İş №2(052)-176/2024

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-176/2024

03.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-176/2024 03.12.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun vəkili Vəkil2, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməsi yolu ilə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Naftlan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, 2 saylı küçə, ev 12 ünvanda 0.02 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.6 kv.m olan fərdi yaşayış evindən istifadə etmək hüququnun əvəzində onun tərəfindən cavabdehlərə ümumilikdə 3000 manat pulun ödənilməsi müqabilində evdən istifadə hüquqlarına xitam verilməsi, onların yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər və onların azyaşlı uşağının iddiaçıya məxsus Naftlan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, 2 saylı küçə, ev 12 ünvanda 0.02 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.6 kv.m olan fərdi yaşayış evindən istifadə etmək hüququnun əvəzində onun tərəfindən cavabdehlərə ümumilikdə 3000 manat pulun ödənilməsi müqabilində evdən istifadə hüquqlarına xitam verilməsi, onların yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun evinin təmiri və yenidən qurulması üçün çəkdiyi 13440 (on üç min dörd yüz qırx) manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir. Cavabdeh2 onun evində 2013-cü ildən yaşamağa başlamışdır. O, 2-ci qrup əlildir və xəstəlikdən əziyyət çəkir. Cavabdehlər hazırda ona məxsus evdə yaşayır və bir-biri ilə yola getmir, böyük-kiçik saymır, sözə baxmır və öz bildikləri kimi davranırlar. Cavabdehlər onun əsəblərinə təsir edəcək hərəkətlərə və davranışlara yol verirlər. Cavabdehlərə evdə birgə yaşayış qaydalarına riayət etmələrini məsləhət gördükdə, onlar ona “xoşun gəlmir, get başqa yerdə yaşa” deyə cavab vermişlər. Artıq ortadan hörmət pərdəsi tam şəkildə götürülmüşdür. Onun bundan sonra cavabdehlər ilə birgə yaşaması mümkün deyildir. Cavabdehlər öz hərəkətləri ilə onun dincliyini, rahatlığını tamamilə pozur və mülkiyyətində olan yaşayış evindən istifadəsini mümkünsüz edirlər. Seriya RX № ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanda 0,02 ha həyətyanı torpaq sahəsində, ümumi sahəsi 47,6 kv. m., yaşayış sahəsi 32,2 kv. m., köməkçi sahəsi 15.4 kv. m., otaqların sayı 2 olan fərdi yaşayış evi hazırda onun mülkiyyətindədir. Yaşayış evinin bazar qiyməti isə 14.700 manat təşkil edir. Naftalan şəhərində fərdi yaşayış evlərinin (2-3 otaq) - kirayə verilməsinin aylıq hazırkı bazar qiyməti 80 manatdan 100 manatadək, mənzillərin (1-2 otaq) isə 120 manatdan 200 manatadək müəyyən edilmişdir. O, cavabdehlərə istifadə hüququna xitam verilməsi və evdən çıxmaları barədə bildiriş xəbərdarlıq göndərmiş, lakin onlar onun bu təklifinə razı olmadıqlarını bildirmişlər. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı onun qaynatası olmuşdur. İlk iddia ərizəsində cavabdeh kimi göstərilən oğlu Cavabdeh1 ilə 22 oktyabr 2013-cü ildə el adəti qaydasında ailə qurmuş, lakin Nicatın təqsirindən nikahlarını rəsmi qeyd etdirməmişlər. O, Cavabdeh1 hər dəfə nikahlarını qeyd etdirilməli olduqlarını deyəndə, Nicat müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Birgə yaşadıqları müddətdə 28 yanvar 2017-ci ildə X7 adlı uşaqları doğulmuşdur. O, gəlin kimi 22 oktyabr 2013-cü ildə İddiaçı məxsus həmin evə gəlmiş və uşaqları Zeynəb də, həmin evdə doğulub-böyümüşdür. 2018-ci ildən isə İddiaçı razılığı ilə özü və qızı Zeynəb həmin evə pasport qeydiyyatına düşmüşlər. Hazırda həmin mübahisəli evdə yaşayırlar. O, yaşadıqları ev təmirsiz olduğu üçün təmir etdirmək qərarına gəlmiş və bu məqsədlə cavabdehin razılığı ilə 2023-cü ilin ayrı-ayrı aylarında "xxxx" ASC-nin Naftalan şəhər filialından ümümilikdə 9087 (doqquz min səksən yeddi) manat kredit götürmüşdür. Məhkəməyə təqdim etdiyi kredit müqavilələrinin ödəniş cədvəlindən görünür ki, götürdüyü kreditin əvəzində "xxxx" ASC-nin Naftalan filialına ümumilikdə 13440 manat kredit ödəməlidir. O, həmin evə gəlin gələrkən ev 2 otaq və 1 zaldan ibarət olmaqla, təmirsiz vəziyyətdə olmuşdur. Evdə təmir işlərini usta olan atası və qardaşı aparmışlar. Təmir nəticəsində əlavə olaraq bir otaq, mətbəx, hamam-tualet, dəhliz və həyətdə su hovuzu tikdirmiş və bu işlərə görə heç bir usta pulu ödəməmişdir. Yəni ki, atası və qardaşı ona görə bu işləri haqqını almadan görmüşlər. Cavabdeh İddiaçı hazırda məhkəmədə 3000 manat kompensasiya əvəzində onun və formal olaraq guya ki, oğlu Cavabdeh1 evdən çıxarılmaları barədə iddia qaldırmışdır. O, ilk iddianı əsassız hesab etdiyi üçün qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən həmin evin təmirinə və yeni tikililər üçün çəkdiyi 13440 manat pulun alınaraq ona verilməsini istəyir. İlk iddia üzrə İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ilk iddianı əsaslı, qarşılıqlı iddianı isə əsassız hesab edir. Belə ki, cavabdehlərdən Nicat onun oğlu, Aysel isə gəlnidir. Oğlu ilə Ayselin rəsmi nikahları olmamışdır. Cavabdehlər hazırda ona məxsus evdə yaşasalar da, bir-biri ilə yola getmirlər. Daim evdə səs-küy yaradır və mübahisə edirlər. Oğlu Nicat isə içki aludəçisi olmaqla mütəmadi olaraq evə sərxoş vəziyyətdə gəlir. Oğlunun bu hərəkətləri onu çox narahat edir. Bu səbəbdən artıq cavabdehlər ilə birlikdə yaşamaq istəmir. Bundan sonra həyatını sakit şəkildə davam etdirmək istəyir. Odur ki, oğlu Nicata 3000 manat kompensasiya vermək istəyir ki, ailəsini də götürüb onun evindən çıxsın. Qarşılıqlı iddianı isə qəbul etmir. Belə ki, işə əlavə edilmiş çıxarış və texniki pasportdan görünür ki, ev ona məxsus olmaqla Cavabdeh2 evi təmir etməzdən qabaq da, mövcud olmuşdur. Aysel 2023-cü ildə evdə əlavə olaraq öz vəsaiti hesabına sanitar qovşaq-hamam, mətbəx, uşaq otağı, kolidorun müəyyən hissələrini və həyətdə əlavə su çəni inşa etdirmişdir. Aysel ilk olaraq götürdüyü kreditin 7500 manatını ona vermiş, həmin pul ilə alınan materialların və ustaların pulları verilmişdir. Lakin təmir zamanı Aysel verdiyi 7500 manatdan 650 manatını özünə lazım olduğu üçün ondan götürmüşdür. Qalan 6850 manatı isə həqiqətən də tam şəkildə təmirə xərcləmişdir. Daha sonra Aysel mətbəx mebeli alınması məqsədi ilə bankdan əlavə pul götürmüş və həmin pulu saxlamaq üçün ona vermişdir. Həmin ərəfələrdə ailədə mübahisə düşdüyü üçün Aysel əri ilə dalaşaraq ata evinə getmişdir. Bundan bir neçə gün sonra isə oğlu Nicat Bakı şəhərində avtoqəza tərətmişdir. Hadisədən sonra Nicat ona zəng etmiş və hadisə nəticəsində avtomobillərə vurduğu zərəri ödəmək üçün Ayselin onda olan həmin pulunu ona göndərməsini istəmişdir. O da Ayselin onda olan 1881 manatının üzərinə əlavə bir qədər pul qoymuş və Nicata ümumilikdə 2000 manat pul göndərmişdir. Pulu Nicata verərkən Ayselin bundan xəbəri olmamış və ondan bununla bağlı razılıq almamışdır. Düşünmüşdür ki, oğlu və Aysel bir ailə olduğu üçün buna hər hansı icazənin alınmasına ehtiyac yoxdur. Sonradan həmin məbləğ Ayselə qaytarılmamışdır. Çünki oğlu Nicat Ayselin banka olan kredit borcunu hər ay ödəməkdə davam etmişdir. Hazırda Ayselə ödənəcək ümumiyyətlə heç bir məbləğdə pulu yoxdur. Yalnız oğlu Nicata ailəsini də evdən götürüb çıxması üçün 3000 manat ödəmək fikri vardır. Belə ki, evin vəziyyəti onu qane etmiş və evdə hər hansı təmirə ehtiyacı olmamışdır. Aysel öz yaşayış şəraitini daha da yaxşılaşdırmaq üçün könüllü olaraq evdə təmir işləri aparmışdır. İndi isə Aysel əgər istəyirsə tikdiklərini söküb özü ilə apara bilər. Həmçinin həyətində əvvəldən özü tərəfindən inşa edilmiş su hovuzu olmuşdur. Ona əlavə su hovuzu gərək olmamışdır. Sadalananlara əsasən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. İddiaçı Vəkil2 məhkəmədən ilk iddianın təmin, qarşılıqdlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddianı qəbul edir. Əslində atasının ona pul yox, pulun əvəzinə onda olan maşını ona verməsini istəyərdi. Çünki həmin maşın onun üçün çox dəyərlidir. Həqiqətən də, uzun müddətdir evə sərxoş vəziyyətdə gəlir və bu zaman evdə narazılıqlar yaranır. Daim içkili vəziyyətdə olmasının isə müəyyən səbəbləri vardır. Hazırda evdən çıxmaq istəməsə də, mülkiyyətçi atası olduğu üçün çıxmağa məcburdur. Atası tərəfindən ona ödəniləcək 3000 manat kompensasiya qarşılığında evdən çıxmağa razıdır. Evdən çıxdıqdan sonra ailəsinə də şəxsən özü baxacaqdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, 22 oktyabr 2013-cü il tarixdə İddiaçı oğlu Nicat ilə toyları olmuş və həmin gün qaynatasına məxsus evə gəlin köçmüşdür. Hazırda həmin evdə yaşayır. Lakin Nicat ilə rəsmi nikaha girməmişlər. O, evə gəlin köçərkən ev 2 otaqdan və 1 zaldan ibarət olmuşdur. Həmin vaxt ev təmirsiz vəziyyətdə olmuşdur. Belə ki, onun qaldığı bir otağın sadəcə pəncərəsi olmuş, divarları suvaqsız olmuş, döşəməsi və tavanı olmamışdır. Qalan otaqların isə divarları suvanmış, köhnə döşəmə və tavan omuşdur. Hətta qaldığı yataq otağının döşəməsi 4 ay sonra çökmüş, çarpayını taxtaların üzərinə qoyaraq orada çətinliklə yaşamışdır. Evin ayrıca sanitar qovşağı və mətbəxi isə ümumiyyətlə olmamışdır. 2017-ci ildə uzun müalicələrdən sonra uşağı dünyaya gəlmişdir. Artıq uşağı da olduğu üçün həmin evdə şəraitsiz vəziyyətdə yaşamaq mümkün olmamışdır. Bu səbəbdən məcbur qalmışdır ki, yaşadığı evi öz vəsaiti hesabına təmir etdirsin. 2020-ci ildən X2 işləməyə başlamışdır. Sonradan qaynatası və qaynanasının razılığı ilə bankdan kredit ilə pul götürərək evi təmirə başlamışdır. Bankdan ilk olaraq 15 avqust 2023-cü il tarixli müqavilə ilə 7800 manat kredit götürmüşdür. Bu zaman müəyyən komissiya xərcləri çıxmış və əlinə ümumilikdə 7500 manat pul çatmışdır. Həmin pulu qaynatası Məzahirə vermiş, Məzahir də pulu tam şəkildə təmir üçün alınan mallara xərcləmişdir. Məzahirin dediyi kimi həmin pulun 650 manatını ondan geri almamışdır. Ümumilikdə həmin pul ilə uşaq otağı, mətbəx, sanitar qovşaq, kolidor və həyətdə su hovuzu tikdirmişdir. Tikinti və təmir işlərinin görülməsində atası və qardaşı işləmiş və onlar həmin işləri ona təmənnasız olaraq görmüşlər. Daha sonra o, mətbəx mebeli və uşaq otağının oboy işlərini gördürmək üçün 25 oktyabr 2023-cü il tarixli müqavilə ilə əlavə olaraq 2000 manat pul götürmüşdür. Bu zaman əvvəlki müqavilə yenilənmiş və komissyon xərclər çıxdıqdan sonra onun əlinə cəmi 1881 manat pul çatmış və yeni ödəniş cədvəli tərtib edilmişdir. Həmin pulu da mətbəx mebeli alınana kimi saxlaması üçün qaynatası İddiaçı vermişdir. Həmin ilin noyabr ayında əri Nicat ilə aralarında mübahisə düşmüş və o, uşağını da götürərək atası evinə getmişdir. Atası evində olarkən əri Nicat Bakı şəhərində avtoqəza keçirmiş, bu zaman ona pul lazım olmuş, atasına zəng edərək pul istəmişdir. Atası Məzahir də, ona saxlamağa vermiş olduğu 1881 manat pulu onun xəbəri olmadan oğlu Nicata göndərmişdir. Daha sonra həmin ilin dekabr ayının 30-da o, qaynatasının evinə qayıtmış və qaynatasından pulu istəyəndə məlum olmuşdur ki, pul Nicatın avtoqəza işinə xərclənmişdir. Qaynatasından pulunu geri istədikdə o, bildirmişdir ki, hazırda anası ilə aralarında məhkəmədə mülki iş vardır və anasından müəyyən məbləğdə pul alacaqdır ki, həmin pulu da ona geri qaytaracaqdır. Lakin həmin pul bugünədək ona qaytarılmamışdır. 01 may 2024-cü il tarixdə isə bankla arasında yeni kredit müqaviləsi bağlanmış, bu zaman bankdan əlavə hər hansı pul götürülməmiş, sadəcə ödəniş cədvəlinə müəyyən dəyişiklik edilmişdir. Hazırda iddia tələbini 13440 manat miqdarında qoymasına səbəb bankdan ümumi götürülən borc nəticəsində onun faizlər ilə birlikdə banka ödəməli olduğu ümumi məbləğin bu qədər olmasıdır. İlk iddianı isə qəbul etmir. Belə ki, himayəsində körpə qız uşağı vardır. Özünün isə qalmağa başqa bir yeri yoxdur. Hər hansı kompensasiya məbləğini qəbul etmək fikri yoxdur. Yalnız qarşılıqlı iddia ərizəsində qeyd etdiyi məbləğ təmin ediləcəyi təqdirdə evdən könüllü şəkildə çıxacaqdır. Odur ki, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 vəkili Vəkil1 məhkəmə iclasında bildirir ki, Cavabdeh2 həqiqətən bankdan qeyd edilən məbləğləri götürərək qaynatasına məxsus və onun gəlin kimi köçdüyü evin təmir və tikinti işlərinin görülməsinə xərclənmişdir. Hesab edir ki, bu halı qarşı tərəf özü də olduğu kimi etiraf etdiyindən, iddia sübuta yetirilmişdir. Təklif edilən kompensasiya məbləği isə çox aşağı həddədir. Həmçinin digər Cavabdeh1 təklif olunan 3000 manat pul ər-arvad arasında yarı bölünməli olsa da, Nicat buna razı deyildir. Qeyd edilənlərə əsasən ilk iddianın rədd edilərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 təşəbbüsü ilə dindirilmiş şahid X3 ifadə verərək bildirir ki, Aysel onun qızıdır. Qızı qaynatasına məxsus yaşadığı evdə təmir və tikinti işlərinə ehtiyac olduğu üçün ona müraciət etmiş, o da usta olduğu üçün oğlu ilə birlikdə həmin evdə təmir işlərini görmüşdür. Bu işləri oğlu ilə hər hansı pul qarşılığında deyil, qızı üçün təmənnasız görmüşdür. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, X4, Cavabdeh2 və X1 şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, 2 saylı küçə ev 12 ünvanında qeydiyyatdadır və orada yaşayırlar. xx.xx.2023-cü il tarixli GTKR3020657B156 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 35 ay müddətinə, illik 19.4 faiz dərəcəsi ilə 7800 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli GTKR4403690B299 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 9690 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli RGRR7600245B156 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 əvvəl bağladığı kredit müqaviləsi üzrə ödəniş şərtləri restrukturizasya edilmiş və yeni ödəniş cədvəli tərtib edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh2 verilmiş 18 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 1881.02 manat pul vəsaiti verilmişdir. İddiaçı vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, Naftalan şəhərində fərdi yaşayış evlərinin və mənzillərin kirayə verilməsinə dair qiymətlər aşağıdakı kimidir: Fərdi yaşayış evləri (2-3 otaq) – 80 manatdan 100 manatadək, Mənzillər (1-2 otaq) – 120 manatdan 200 manatadək. Cavabdeh2 vəkili Vəkil1 tərəfindən məhkəməyə təqdim edilmiş Naftalan şəhər statistika idarəsi tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, 2024-cü ildə Naftalan şəhəri üzrə mənzillərin orta kirayə haqqı 195.74 manat təşkil edir. Məhkəmə ilk iddiaya münasibətdə aşağıdakıları qeyd edir: İlk iddia üzrə işin araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh2 2013-cü ildə İddiaçı oğlu və digər Cavabdeh1 ilə ailə həyatı qurmuş və iddiaçıya məxsus ünvan 1 ünvanda 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayş evinə gəlin köçmüşdür. Lakin bu zaman tərəflər arasında rəsmi nikah qeydə alınmamışdır. xx.xx.2017-ci il tarixdə onların X9 adında uşaqları doğulmuşdur. Daha sonra iddiaçı ilə cavabdehlər arasında münasibətlər pozulmuşdur. Belə ki, iddiaçı oğlu və arvadının daim mübahisə etməsi səbəbəindən onu narahat etdiklərini, bu səbəbdən onlarla yaşamaq istəmədiyini bildirir. Hazırda iddiaçı 3000 manat kompensasiya ödəmək şərti ilə cavabdehlərin və onların azyaşlı uşaqlarının ona məxsus evdən çıxarılmasını istəyir. Cavabdehlərdən Cavabdeh1 iddianı qəbul edir və 3000 manat müqabilində atasına məxsus fərdi yaşayış evdən çıxmağa etiraz etmədiyini bildirir. Digər Cavabdeh2 isə iddianı qəbul etmədiyini, ümumiyyətlə hər hansı kompensasiya istəmədiyini, yalnız mübahisəli fərdi yaşayış evinin təmirinə çəkmiş olduğu və qarşılıqlı iddia ərizəsində qeyd etdiyi məbləğin ona qaytarılacağı təqdirdə evdən çıxmağa razı olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmçinin qərarda qeyd edilmişdir ki, subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətləri məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onları hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin qeyd edilmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Məhkəmə iddiaçının oğlu Cavabdeh1 münasibətdə qeyd edir ki, o, 05 may 1992-ci il tarixdə doğulmuş və iddiaçının ailə üzvüdür. Mübahisəli fərdi yaşayış evinin isə hansı tarixdə inşa edilməsindən və əmlakın rəsmi reyestrdə qeydiyyata alınması tarixindən asılı olmayaraq, tərəflər arasındakı münasibət uzanan xarakter daşıyandır. Odur ki, Cavabdeh1 iddianı etiraf etməsi qəbul edilməli və ona münasibətdə iddia təmin edilməlidir. Bu zaman həmçinin Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında əksini tapmış “subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər” müddəası nəzərə alınmalıdır. Digər Cavabdeh2 münasibətdə isə qeyd edilməlidir ki, o, mübahisəli fərdi yaşayış evinə iddiaçının oğlu ilə qeyri-rəsmi nikan münasibətlərinə girdikdən sonra, yəni 22 oktyabr 2013-cü il tarixdə köçmüşdür. Bu səbəbdən ilk növbədə Cavabdeh2 mübahisəli fərdi yaşayış evinə münasibətdə ümumiyyətlə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabr ayının 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublıkasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığı üçün məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İstinad edilən normadan göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması üçün köçürülən şəxslər ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi Cavabdeh2 iddiaçının oğlu ilə qeyri-rəsmi nikah münasibətlərində olmaqla yuxarıda sadalanan şəxslərin dairəsinə aid deyildir. Beləliklə Cavabdeh2 iddiaçıya münasibətdə nə əri (arvadı), nə qohumu, nə himayəsində olan əmək qabiliyyəti olmayan şəxs, nə də ki, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin siyahısına aiddir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh2 mübahisəli evə münasibətdə istifadə hüququ mövcud olmadığından, mövcud olmayan hüquqa kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi də, müzakirə edilə bilməz. Bundan başqa iddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında 3000 manat kompensasiya məbləğini məhz oğlu Nicata vermək niyyətində olduğunu, oğlunun isə öz qeyri-rəsmi arvadını və uşağını ona məxsus evdən çıxarmasını istədiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2ci maddəsində qeyd olunmuşdur ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 uşaqları X7 28 yanvar 2017-ci il təvəllüdlü olmaqla 14 yaşına çatmamış fiziki şəxsdir. Mülki qanunvericilyin yuxarıda qeyd edilən normasına əsasən həmin şəxsin yaşayış yeri hazırda sağ olan valideynlərinin yanıdır. Beləliklə uşağın valideynləri mübahisəli fərdi yaşayış evindən məhkəmə qərarı əsasında çıxarıldığından, onların yanında yaşayan bir nəfər azyaşlı uşaqları da, onlarla birlikdə evdən çıxarılmalıdır. Beləliklə ilk iddia təmin edilməli, Cavabdeh1 3000 (üç min) manat kompensasiya ödənilməklə onun İddiaçı məxsus Naftlan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, küçə 02, ev 12-də yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 azyaşlı uşaqları X7 ilə birlikdə həmin evdən çıxarılmalıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakıları qeyd edir: Qarşılıqlı iddia üzrə işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh2 2013-cü ildə cavabdeh İddiaçı oğlu Cavabdeh1 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. İddiaçı həmin evdə bir neçə il yaşadıqdan sonra, yəni 2023-cü ildə evi yaşayış üçün şəraitsiz hesab etdiyindən və evin genişləndirilməsini istədiyindən bankdan kredit yolu ilə əldə etdiyi pul vəsaiti hesabına evdə və həyətyanı torpaq sahəsində müəyyən təmir-tikinti işləri aparmışdır. Hazırda İddiaçı ilk iddia ilə Aysel İsgədərovaya qarşı evdən çıxarılma iddiası ilə məhkəməyə müraciət etdiyindən, Aysel də, Məzahirdən ona məxsus evdə təmir-tikinti işlərinin aparılması ilə bağlı çəkmiş olduğu xərcləri, eləcə də mətbəx mebelinin alınması məqsədi ilə onun tərəfindən cavabdehə saxlaması üçün verilmiş pulun əvəzini tələb edir. Həmçinin iddiaçı tələbində iddianın qiymətini 13440 manat müəyyən etməklə, bunu qeyd edilən məqsədlər üçün bankdan kreditə götürmüş olduğu pul vəsaitləri əvəzində banka faizlər ilə birlikdə qaytarmalı olduğu vəsait kimi əsaslandırmışdır. Cavabdeh isə iddiaya etirazını bildirərək qeyd edir ki, həqiqətən də iddiaçı ona məxsus evdə qeyd edilən təmirtikinti işlərini aparmışdır. Lakin iddiaçının təmir işlərini öz təşəbbüsü ilə etdiyini, hazırda iddiaçının görmüş olduğu həmin işlərə onun ehtiyacının olmadığını, iddiaçının əgər istərsə etmiş olduğu təmir işlərini sökə biləcəyini bildirir. Həmçinin cavabdeh həqiqətən də, iddiaçının mətbəx mebelinin alınması məqsədi ilə ona 1881 manat pul vəsaiti verdiyini, o isə həmin vəsaiti iddiaçının razılığı olmadan oğlunun törətmiş olduğu avtoqəza nəticəsində dəymiş maddi ziyanın qarşılanması üçün ona verdiyini etiraf edir. Beləliklə iddiaçı cavabdehdən ümimilikdə 13440 manat pul tələb edir ki, bunun 7500 manatını təmir-tikinti işlərinə görə çəkdiyi xərc, 1881 manatını mətbəx mebelinin alınması üçün cavabdehə saxlamaq üçün verdiyi pul və 4095 manatını isə bankdan kredit öhdəliyi üzrə borcuna görə ödəməli olduğu faizlərin cəmi məbləği ilə izah edir. Məhkəmə təmir-tikinti işlərinin əvəzi olan pul tələbinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir. Odur ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, tələbin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddianın təmin edilməsi üçün iddiaçının hansısa hüquqi əsasla tələb hüququna malik olması, buna müvafiq olaraq cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməlidir. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. Baxılan işin mübahisəsiz hallarından görünür ki, iddiaçı cavabdehin oğlu ilə faktiki ailə münasibətində olduğu dövrdə öz vəsaiti hesabına cavabdehə məxsus evdə təmir işləri və bəzi əlavə tikintilər icra etmişdir. Nəzərə alınmalıdır ki, bir şəxs tərəfindən həmin xərclərin çəkilməsi əvəzsiz bir zənginləşdirmə (bağışlama) ola biləcəyi kimi, əldə edənlə digər müqavilə münasibətlərinin də olması istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşin görünən hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir şəxsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini, yəni verilənlərin bağışlama olmadığını iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Belə ki, iddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında qeyd etdiyi xərcləri mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə çəkdiyini bildirmiş və bunu könüllü olaraq, hər hansı qarşılıq olmadan etdiyini bildirmişdir. Odur ki, hazırki işdə iddiaçı vermiş olduqlarını bağışlama düşüncəsi ilə etmədiyini düşünürsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükünü də daşımış olur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə həmçinin iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsasları da yoxlayaraq qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur və s. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən fərdi yaşayış evində müəyyən təmir işlərinin aparması, bu zaman mülkiyyətçi ilə aralarında hər-hansı öhdəlik-hüquq münasibətləri olmamış, cavabdeh onu bu işlərə cəlb etməmişdir. Əgər iddiaçı könüllü olaraq öz yaşadığı və faktiki münasibətdə olduğu şəxsin atasına məxsus evdə lazımi şəraitin olmaması səbəbindən təmir işləri aparmışsa, bu hissədə cavabdehin, yəni mülkiyyətçinin hər hansı öhədliyi yaranmamışdır. Odur ki, cavabdeh hazırda varlanan şəxs olmadığından, bununla bağlı cavabdehlik daşımamalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını, eləcədə cavabdehin əsassız varlanmış şəxs olmasını sübut edə bilmədiyindən çəkilmiş xərcin əvəzini tələb etməkdə haqlı olmamışdır. Tələbin mətbəx mebeli alınması məqsədi ilə cavabdehə verilmiş pul hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə qeyd edilən əsasla 1881 manat pulun verilməsi, cavabdehin həmin pulu saxlamalı olması, lakin iddiaçının iradəsi olmadan həmin vəsaiti oğluna başqa məqsəd üçün vermiş olması mübahisəzdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya məxsus vəsaitin saxlanması öhdəliyini daşımış olsa da, bunu lazımi qaydada icra etməmişdir. Odur ki, cavabdehin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və həmin məbləği iddiaçıya qaytarmalıdır. İddiaçının bankdan kredit ilə götürülən pul vəsaitinə görə banka ödənilməli olan əlavələr (faizlər) tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bank ilə iki tərəfin razılaşdırılmış iradə ifadəsi əsasında müqavilə bağlamış və aldığı borc müqabilində müəyyən faziləri ödəyəcəyi barədə üzərinə öhədlik götürmüşdür. Odur ki, kreditin hansı məqsəd üçün götürülmüş olmasından asılı olmayaraq, müqavilə şərtlərinə uyğun olaraq ödənilməli olan əlavələrin (fazilərin) cavabdehdən tələb edilməsində hər hansı əsas yoxdur. Beləliklə qarşılıqlı iddia qismən təmin edilməli və cavabdeh İddiaçı 1881 (min səkkiz yüz səksən bir) manat pul vəsaiti alınaraq iddiaçı Cavabdeh2 verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 130 (bir yüz otuz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, ödənilmiş tələbin məbləğinə mütənasib olaraq rüsumun 18 (on səkkiz) manat hissəsi cavabdeh İddiaçı aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh1 3000 (üç min) manat kompensasiya ödənilməklə onun İddiaçı məxsus Naftlan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, küçə 02, ev 12-də yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin və Cavabdeh2 və Cavabdeh1 azyaşlı uşaqları X7 ilə birlikdə həmin evdən çıxarılsınlar. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 1881 (min səkkiz yüz səksən bir) manat pul vəsaiti və ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 18 (on səkkiz) manat dövlət rüsumu alınaraq Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar