Məhkəmə qərarları › İş №2(052)-19/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-19/2023

10.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-19/2023 10.02.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X26 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı Raquf qızının, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi (vəkil) Nümayəndə1 və cavabdeh Naftalan şəhər dövlət notariat ofisinin notariusu X8 iştirakları ilə. İddiaçı Raquf qızının cavabdehlər Cavabdeh və Naftalan şəhər dövlət notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Raquf qızı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 sentyabr 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 22 sentyabr 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Raquf qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, mərhum X13 onun əri olmuş, nikahlarından X14 adlı bir nəfər uşaqları doğulmuşdur. X13 ilə ayrıldıqdan sonra Aysu onun yanında yaşamışdır. Hazırda Aysunun 12 yaşı vardır. ünvan 1 ünvanında yerləşən ev mərhum əri X9 mülkiyyətində olmuşdur. X13 25 fevral 2022-ci il tarixdə vəfat etdikdən sonra hazırda onun yanında yaşayan Aysu adlı qızı atasının birinci növbədə vərəsəsi olduğu üçün o, Goranboy rayon notariat ofisinə ərizə ilə müraciət etmiş, müraciəti əsasında vərəslik işi açılmışdır. Daha sonra ona bildirilmişdir ki, uşağın atasından miras qalmış əmlakın qəbul edilməsi üçün 6 ay müddət gözlənilməlidir. Həmin müddət keçdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə notariat ofisinə yaxınlaşmış, bu zaman məlum olmuşdur ki, X5 qalmış miras ev barəsində Naftalan şəhər dövlət notariat ofisi tərəfindən mərhumun bacısı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh isə şəhadətnamə əsasında evi mülkiyyətinə keçirmişdir. Halbuki Naftalan şəhər dövlət notariat ofisi mərhumun birinci növbədən vərəsələrinin olmasını nəzərə almamışdır. Belə ki, X9 Aysu ilə yanaşı digər evliliyindən başqa bir övladı da vardır. Qeyd edilən əsaslara görə hesab edir ki, Naftalan şəhər dövlət notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsaslıdır. Belə ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən iddiaçının azyaşlı övladı mərhum atasının birinci növbədən vərəsəsidir. Buna baxmayaraq Naftalan şəhər dövlət notariat ofisi birinci növbədən vərəsənin olmasına baxmayaraq ikinci növbədən vərəsə olan mərhumun bacısının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu isə qanunsuzdur. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Mərhum qardaşı X13 onunla birlikdə yaşamış, xəstə olarkən ona qulluq etmişdir. İddiaçı isə mərhum qardaşı ilə ayrıldıqdan sonra azyaşlı uşağını belə qardaşına göstərməmişdir. Həmçinin qardaşı mübahisəli mənzili ona bağışlamaq istəmiş, hətta bu məqsəd ilə notariat ofisinə müraciət etmişlər. Lakin bəzi problemlər yarandığı üçün bağışlamanın həyata keçirilməsi yubanmış və qardaşı öldüyü üçün proseduru başa çatdıra bilməmişlər. Əslində isə qardaşının əsl məqsədi həmin evi ona bağışlamaq olmuşdur. Bundan başqa qardaşına baxdığı və xəstə vaxtı onun qayğısına qaldığı üçün hesab edir ki, ev onun haqqıdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəm iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Həmçinin iddia ərizəsində iddiaçı miras əmlakı birinci növbə vərəsə kimi qəbul edib faktiki olaraq iddarə etdiklərini qeyd etmişdir. Lakin miras əmlak olan mübahisəli mənzildə yalnız Cavabdeh yaşamış və əmlakı idarə etmişdir. Bundan başqa cavabdeh mərhum qardaşının xəstəliyi dövründə də ona baxmış, onun qeydinə qalmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Naftalan şəhər dövlət notariat ofisinin notariusu X15 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh mərhum qardaşı X13 öldükdən sonra vərəsəsi kimi Naftalan şəhər dövlət notariat ofisinə müraciət etmiş, müraciət əsasında vərəsəlik işi başlanmışdır. 22 sentyabr 2022-ci il tarixdə isə ünvan 1 ünvanında yerləşən mənzilə dair Cavabdeh ikinci dərəcədən vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu zaman Cavabdeh qardaşı ilə uzun illər birlikdə yaşadığını, onun qayğısına qaldığını və qardaşının ölümündən sonra ondan miras qalmış mənzili idarə etdiyini bildirmişdir. Daha sonra məlum olmuşdur ki, İddiaçı Raquf qızı övladı X6 mərhum X9 birinci növbədə vərəsəsi olduğu üçün Goranboy rayon notariat ofisinə müraciət etmiş və eyni vaxtda həmin ofisdə də vərəsəlik işi açılmışdır. Lakin elektron sistemdə bu barədə heç bir məlumata rast gəlinməmişdir. Bu səbəbdən tərəfindən Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən buna hər hansı bir maneənin olduğunu düşünməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 20 aprel 2010-cu ildə doğulmuşdur. X2, anası İddiaçı Raquf qızıdır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X13 26 oktyabr 1966cı ildə doğulmuşdur. X3, anası X7r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 11 iyul 1964-cü ildə doğulmuşdur. X3, anası X7r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 25 fevral 2022-ci il tarixdə ikincili bədxassəli yenitörəmə səbəbinədən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, X4 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil X9 adına mülkiyyət hüququ əsasında fərdi yaşayış fondu kimi qeydə alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş şəxs X9 qanun üzrə vərəsəsi X10 münasibətdə vərəsəlik işi açılmışdır. Vərəsəlik işində olan xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 25 fevral 2022-ci ildə vəfat etmiş X9 vərəsəsi Muradova X17 şəhəri, İ.Həsənzadə küçəsi ev 8, mənzil 37 ünvanda yerləşən mənzildən ibarət miras əmlaka tam pay hüququ almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum X9 mülkiyyətində olmuş, X13 25 fevral 2022-ci il tarixdə vəfat etdikdən sonra onun birinci növbədə vərəsəsi olan X6 anası İddiaçı Raquf qızı mərhumdan miras qalmış əmlakda qızının payının müəyyən edilməsi ücün 17 iyun 2022-ci il tarixdə Goranboy rayon notariat ofisinə, mərhumun bacısı Cavabdeh isə 20 iyul 2022-ci il tarixdə Naftalan şəhər dövlət notariat ofisinə müraciət etmiş, həmin müraciətlər əsasında vərəsəlik işləri açılmışdır. Daha sonra isə ilk olaraq Naftalan şəhər dövlət notariat ofisi tərəfindən mübahisəli mənzilə dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda İddiaçı Raquf qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verilmiş şəhadətnamənin qanunvericiliyin tələblərinə zidd olaraq verildiyini, bu səbəbdən həmin şəhadətnamənin etibarsız hesab edilməsini xahiş edir. İddianı onunla əsaslandırır ki, mərhumun birinci növbədə vərəsəsi olmasına və müvafiq notariat ofisinə müraciət edilməsinə baxmayaraq, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə ikinci növbədə olan vərəsənin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 59-cü maddəsində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Sadalanan maddi hüquq normalarını tələbin qanuni əsası kimi tətbiq edərək məhkəmə qeyd edir ki, 20 aprel 2010-cu il təvəllüdlü X12 mərhum X9 uşağı olmaqla onun birinci növbədə, Cavabdeh isə bacısı olmaqla ikinci növbədə vərəsəsidir. İş materialları ilə müəyyən olunur ki, X6 qanuni nümayəndəsi (anası) notariat ofisinə müraciət etmiş olsa da, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə birinci növbədə vərəsə X6 adına deyil, ikinci növbədə vərəsə Cavabdeh adına verilmişdir. Halbuki Mülki Məcəllənin 1160-cı maddəsində qeyd edilmişdir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu isə onu deməyə əsas verir ki, yekun olaraq “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbləri pozulmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da iddiaçının uşağı X12 mirasdan pay almaq hüququndan məhrum olmuşdur. Odur ki, iddia əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə gəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Naftalan şəhər dövlət notariat ofisi tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli, 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar