Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-195/2023 21.09.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh İB-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 25 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 4320 m3 qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Həmin mənzil təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O da, taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS əməkdaşları gələrək ona məxsus olan evə quraşdırılmış sayğacı başqa sayğac ilə əvəz etmiş, sayğac aparıldıqdan sonra 17 iyun 2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, aktda sayğacın çıxarılma səbəbi kimi sayğacın istismar müddətinin bitməsi yazılmışdır. Həmin akt ona Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS-yə müraciət etdikdən sonra verilmişdir. Sonradan üzərindən müddət keçdikdən sonra Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS əməkdaşları gələrək onun iştirakı ilə qanunsuz akt tərtib etmişlər. O həmin aktı imzalamaqdan imtina etmişdir. 25 aprel 2023-cü il tarixli, ******* nömrəli həmin aktda sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb qeyd olunmuşdur. 25 aprel 2023-cü il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 4320 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda həmin akt etibarsız hesab olunmalı və 4320 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, 17 iyun 2020-ci il tarixli, ******* nömrəli aktdan da göründüyü kimi onun evinə quraşdırılmış sayğac həmin sayğacın istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. 25 aprel 2023-cü il tarixli, ******* nömrəli aktda isə sayğaca baxış keçirilməsi və nöqsanlar qeyd edilmişdir. Sayğacda hər hansı zədə olmuşsa, bu barədə rəy verilməli idi. O, Cavabdeh İB-nin qaz sayğaclarına nəzarət komissiyasının rəyini görməmiş, həmin rəy ona verilməmişdir. O, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Eyni zamanda, 25 aprel 2023-cü il tarixli, ******* nömrəli aktda sayğaca baxış keçirilməsi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın yaddaş arxivinin oxunması, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması qeyd olunmuşdur. Sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsinə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz İstismarı İdarəsi guya sayğaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edildiyini qeyd edir. Halbuki, Qaz İstismarı İdarəsinin işçiləri hər ay qaz sayğacına baxaraq işlədilmiş qazın bildirişini vermiş, bildiriş əsasında da, qazın pulu dövlət büdcəsinə ödənilir. Qaz İstismarı İdarəsinin işçiləri bu qədər müddət ərzində sayğaca baxarkən hər hansı bir müdaxilə görmədikləri halda onun sayğaca müdaxilə etdiyini və artıq qaz sərfiyyatı olduğunu qeyd etmişlər. Əgər sayğaca müdaxilə olmuşdursa, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmirdisə və yaxud başqa bir nasazlıq vardısa sahə nəzarətçisi bunların dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığı halda işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Odur ki, tərtib olunmuş akt əsassızdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh təşkilat tərəfindən qanunsuz olaraq akt tərtib olunmuş və ona borc hesablanmışdır. Halbuki onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS tərəfindən təsdiq edilmiş 25 aprel 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1-də yaşayan istehlakçı İddiaçı məxsus evin qaz sayğacına baxış keçirildi, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin ümumi məsələlər üzrə rəis müavini Süleyman Qarayev tərəfindən təsdiq edilmiş 25 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1-də yaşayan istehlakçı İddiaçı məxsus evin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 4320 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17 iyun 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1-də yaşayan istehlakçı İddiaçı məxsus evin qaz sayğacı sayğacın istismar müddəti bitdiyi üçün çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəm qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, 17 aprel 2020-ci il tarixdə Cavabdeh əməkdaşları sayğacı hər hansı nasazlığa görə deyil, sayğacın istismar müddətinin bitməsinə görə yenisi ilə əvəz etmişlər. Həmçinin hazırda mübahisələndirilən aktda sayğacda aşkar edilmiş qüsur kimi hər hansı fiziki müdaxilə deyil, yalnız sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi yazılmışdır. Bu isə onu deməyə əsas verir ki, hazırda qaz sərfiyyatının həcminin qeyd edilməməsinin səbəbi qeyri-müəyyəndir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 25 aprel 2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında 4320 kub/metr qaz sərfiyyatına görə hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Gəncə X2 İdarəsinin Naftalan XS əməkdaşları tərəfindən tərtib edilmiş 25 aprel 2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında 4320 kub/metr qaz sərfiyyatına görə hesablanmış borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(052)-195/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-195/2023
21.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver