Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-212/2024 29.12.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən barəsində hesablanmış 3110.40 (üç min yüz on manat qırx qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır və Cavabdeh abonenti kimi təbii qaz istifadəçisidir. Cavabdeh nümayəndələri ilə aralarında heç bir mübahisə, yaxud hər hansı bir narazılıq olmamışdır. xx.xx.2022-ci il tarixdə oğlu Naftalan QİS-nə zəng vuraraq qaz sayğacında problem olduğu və sayğaca pul yükləməyin mümkün olmadığını bildirmişdir. Cavabdeh İB-nin X5 İstismarı İdarəsinin Naftalan XS əməkdaşları tərəfindən sayğaca baxılmış və Zenner smart tipli G-4 markalı **********793 №-li qaz sayğacı Element bitdiyinə görə çıxarılmış, yeni Zenner smart tipli G- 4 markalı sayğac quraşdırılmışdır. Bu zaman "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* №-li, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, yeni quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir, qaz sayğacı abonentə təhvil verilmişdir və abonentə sayğacın dövlət yoxlamasının rəyinə əsasən tədbir görüləcəkdir. Bu zaman əməkdaşlar tərəfindən hər hansı bir irad, yəni sayğaca müdaxilə olunması ilə bağlı onlara məlumat verilməmişdir. xx.xx.2023-cü il tarixli tələbnamə ilə isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası tələb olunmuşdur. 27 iyun 2022-ci il tarixli, ******* saylı aktdan da görünür ki, onun yaşadığı evə quraşdırılmış sayğac həmin tarixdə Element bitdiyinə görə Zenner tipli sayğac ilə əvəz edilərək dəyişdirilmişdir. 14 aprel 2023cü il tarixli ******* saylı aktda isə sayğaca baxış keçirilməsi və nöqsanlar qeyd edilmişdir. Belə ki, sayğacda hər hansı zədə olmuşsa bu barədə rəy verilməli idi. O, Cavabdeh İB-nin qaz sayğaclarına nəzarət komissiyasının rəyini görməmiş, həmin rəy ona verilməmişdir. 14 aprel 2023-cü il tarixli ******* saylı aktda isə imza etməmişdir. 21 noyabr 2024-cü il tarixində Cavabdeh İB-nin X5 İstismarı İdarəsinin Naftalan XS əməkdaşları tərəfindən ona bildiriş verilmiş, bildirişdə deyilmişdir ki, təbii qazdan istifadə qaydalarını pozduğu üçün ona 3110.40 manat cərimə tətbiq olunmuşdur. Bunu aydınlaşdırmaq üçün "Azəriqaz” X1 XS-də olmuş, bu borcun necə və haradan yarandığını öyrənmək istədikdə, ona məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə və xx.xx.2022-ci il tarixli ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT verilmiş və bildirilmişdir ki, borcundan narazılığı olacağı təqdirdə məhkəməyə müraciət edə bilər. O, barəsində yazılmış borcu qanunsuz hesab edir və aşağıdakı səbəblərə görə hesab edir ki, borc silinməlidir. Belə ki, "Azəriqaz” X1 XS-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə sayğacın elementi bitdiyi üçün dəyişdirilmiş və ona həmin vaxt sayğaca dair heç bir irad bildirilməmişdir. Sayğacın plombu üzərində olmuşdur. O, qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Əgər sayğaca müdaxilə olmuşdursa, bu hal ona bildirilməli idilər. Bundan başqa sayğac onun evindən kənarda, yəni küçədə quraşdırılmışdır. Sayğaca nəzarət etmək isə onun vəzifəsi deyildir və bu ümumiyyətlə mümkün deyildir. Sayğacın elementinin bitməsi isə ona heç bir öhdəlik yarada bilməz. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun anasıdır. Yaşadıqları ev fərdi yaşayış evidir. Həmin evə quraşdırılmış sayğac isə smart kart tipli elektron sayğac olmuşdur. 2022-ci ilin yay aylarında sayğacda balans bitdiyi üçün kart vasitəsi ilə sayğaca qaz yükləmək istəmiş, lakin bu mümkün olmamışdır. Həmin vaxt sayğacın üzərində olan ekranın işlək olmadığı müəyyən olunmuşdur. O da, sayğacın işləmədiyini gördüyü üçün Naftalan qaz istismar sahəsinin qaynar xəttinə zəng vurmuş və oradan nümayəndə çağırmışdır. Qısa müddət ərzində nümayəndə gəlmiş, sayğaca baxış keçirmiş və belə qənaətə gəlmişdir ki, sayğacın elementi, yəni enerji daşı bitmişdir. Bu səbəbdən sayğac sökülmüş və bir gün sonra yenisi ilə əvəz edilmişdir. Sayğac sökülərkən saz vəziyyətdə olmuş və plombu üzərində olmuşdur. Həmin vaxtan bugünədək əvəz olunmuş sayğac istifadələrindədir. Sayğacın 2022-ci ildə sökülərək yenisi ilə əvəz edilməsinə baxmayaraq üzərindən iki ildən çox müddət keçdikdən sonra evlərinə bildiriş gəlmiş, bildirişdə sayğaca müdaxilə edildiyi və bu səbəbdən 3110.40 manat məbləğində dəymiş ziyana görə borc hesablandığı qeyd edilmişdir. Bu barədə qaz idarəsinin nümayəndələrindən məlumat almaq istəmiş, onlar isə borcun necə yarandığnı bilmədiklərini, bununla bağlı məhkəməyə müraciət etmək hüquqlarının olduğunu ona demişlər. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Belə ki, yazılmış borc tam əsassızdır. Çünki borcun yazılmasına heç bir səbəb yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17 iyun 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan istehlakçı İddiaçı məxsus evin Zenner smart tipli qaz sayğacı elementi bitdiyi üçün sökülmüş və yeni Zenner tipli Qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin X5 İstismarı İdarəsinin Naftalan XS-i üzrə rəis müavini X2 tərəfindən təsdiq edilmiş 14 aprel 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanına quraşdırılmış sayğaca ümumi baxış keçirilmiş, nöqsan kimi “sayğacın elementi bitmişdir, element yuvası açıldı və məlum oldu ki, element naqili kənar təsir nəticəsində kəsilmişdir. Müvəqqəti element quraşdırıldı, xx.xx.2022-ci il tarixə elektron göstərici 2275 m3 olmuşdur. Sayğacın giriş plastmas borusundakı süzgəc kənar təsir nəticəsində zədələnmişdir, sayğac istismara yararsızdır” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin X5 İstismarı İdarəsinin Baş mühəndisi Süleyman Qarayev tərəfindən təsdiq edilmiş 25 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanına məxsus qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 25920 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin zahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qərara əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacı həyətyanı torpaq sahəsindən kənarda quraşdırılmış və kənar müdaxilədən qorunması üçün sayğac mühafizə olunmamışdır. Bununla da, Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin tələbini pozmuşdur. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, 17 iyun 2022-ci il tarixdə Cavabdeh əməkdaşları sayğacı istehlakçının müraciəti əsasında yenisi ilə əvəz etmiş və bu zaman sayğacda hər hansı fiziki qüsur olmamışdır. Belə ki, həmin tarixdə tərtib edilmiş aktdan da görünür ki, qeyriişlək vəziyyətdə olan sayğacın çıxarılma səbəbi kimi “elementin bitməsi” göstərilmişdir. Bu isə onu deməyə əsas verir ki, sayğac yenisi ilə əvəz edilərkən, əvəz edilmənin səbəbi məlum olmuşdur. Odur ki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun (sayğaca müdaxilə) olması faktı aşkar olunduğu halda istehlakçıya bu barədə məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməli idi. Qaz paylayıcı təşkilat tərtib edilmiş akt və digər əlaqəli sənədlərdə sayğaca müdaxilə edilmiş olmasını qeyd etsə də, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair birlik tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının yararsız hala düşməsində bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən, sayğacda aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində hər hansı sanksiya tətbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 3110.40 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3110.40 (üç min yüz on manat qırx qəpik) manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(052)-212/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-212/2024
29.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver