Məhkəmə qərarları › İş №2(052)-36/2023

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-36/2023

16.01.2023 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-36/2023 16.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X1. İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və həmin müqavilə ilə bağlı ödənilmiş pul tələbinə” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və həmin müqavilə ilə bağlı ödənilmiş pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı ilk olaraq müqavilənin ləğv edilməsi təklifi barədə cavabdeh cəmiyyətə müraciət etməli olduğu halda buna əməl etməmiş, cəmiyyətin bu məsələ ilə bağlı imtinasını almadan və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində cəmiyyətdən cavab almadan birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və həmin müqavilə ilə bağlı ödənilmiş pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar