Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-38/2024 25.01.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə. Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyul 2022-ci il tarixli, 2022-03108 nömrəli barışıq sazişinin alimentin tutulması hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs ilə 17 yanvar 2018-ci il tarixdə ailə həyatı qurmuş və nikahlarını Naftalan Şəhər Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Onların 11 fevral 2019-cu il tarixdə X4 və 04 may 2021-ci il tarixdə X5 adlı 2 övladları anadan olmuşdur. Birgə yaşamaları mümkün olmadığı üçün aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. O, maraqlı şəxsdən alimentin alınması üçün qanunvericiliyin tələbinə görə Goranboy şəhər Mediasiya şurasına müraciət etmiş, Maraqlı şəxs ilə 04 iyul 2022-ci il tarixdə mediasiya prosesində iştirak etmiş və cavabdehlə övladlarına alimentin təyin olunması barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladları 11 fevral 2019-cu il təvəllüdlü X4 və 04 may 2021-ci il təvəllüdlü X2 üçün xx.xx.2022-ci il tarixdən etibarən hər ay hər uşaq üçün 180 (yüz səksən) manat, iki uşaq üçün 360 (üç yüz altmış) manat aliment ödəməyi öhdəsinə götürmüş, buna dair barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs barışıq sazişinin 2.1.3-cü bəndinin tələblərini pozaraq hər ay qeyd olunan alimenti ödəməmiş, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirdi ki, o, barışıq sazişi bağladıqları vaxt müddətdən artıq hərbi qulluqçu kimi işləmiş, aylıq maaşı 1000 manatdan artıq olduğuna görə sazişdə qeyd edilən məbləği ödəmək üçün razılıq vermişdir. Sonradan müqaviləsi bitmiş və ordudan təxris olunmuşdur. Daha sonra Naftalan şəhərində yerləşən Çinar sanatoriyasında işləmiş osa da, sanatoriya təmir üçün bağlandığından hazırda 100- 150 manat maaş alır. Əməkhaqqısının az olmasına görə son vaxtlar aliment üzrə ödənişlərini edə bilməmişdir. Lakin barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 fevral 2019-cu ildə Goranboy rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 may 2021-ci ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 04 iyul 2022-ci il tarixli, 2022-03108 nömrəli Barışıq Sazişindən görünür ki, ata Maraqlı şəxs övladları 11 fevral 2019-cu il təvəllüdlü X4 və 04 may 2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün avqust ayının 1-dən başlayaraq 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 16 yanvar 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: 04 iyul 2022-ci il tarixli, 2022-03108 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 avqust 2022-ci ildən başlayaraq Maraqlı şəxs 11 fevral 2019-cu il təvəllüdlü X4 və 04 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz almış) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Apellyasiya Məhkəməsinə Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(052)-38/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-38/2024
25.01.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver