Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-47/2024 05.03.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh İB-yə qarşı «hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən 24 saylı binanın 06 saylı mənzilində yaşayır və eyni zamanda Naftalan şəhəri "Muğan bağçılıq” ərazisində bağ evi vardır. O, yaşadığı ərazidə Cavabdeh abonenti olduğu üçün təbii qazdan istifadə edir və istifadə etdiyi təbii qazın pulunu həmişə vaxtlıvaxtında ödəmişdir. Buna görə də, Cavabdeh İB-nin əməkdaşları ilə aralarında heç vaxt narazılıq olmamışdır. 05 dekabr 2022-cl il tarixdə "Azəriqaz” İB-nin Naftalan şəhər əməkdaşları tərəfindən onun bağ evində istifadəsində olan qaz sayğacı müddəti ötdüyü üçün dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Bu zaman ona əməkdaşlar tərəfindən hər hansı bir irad və ya nöqsan bildirilməmişdir. O, bu barədə olan 05 dekabr 2022-ci il tarixli ******* №-li AKT-ı məhkəməyə təqdim etmişdir. Bir neçə ay sonra "Azəriqaz” İB-nin Naftalan şəhəri üzrə nəzarətçisi tərəfindən ona bildirilmişdir ki, guya ki, onun tərəfindən təbii qazdan istifadə qaydalarını pozulduğu üçün ona 1555.20 (bir min beş yüz əlli beş manat iyirimi qəpik) manat cərimə tətbiq olunmuşdur. O, bunu aydınlaşdırmaq üçün Cavabdeh Naftalan şəhər şöbəsində olaraq borcun necə, haradan yarandığını öyrənmək istədikdə, ona xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT və xx.xx.2023-cü il tarixdə tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə verilmiş və borcunun olduğu bildirilmişdir. Narazılğı olacağı təqdirdə isə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı Akt-da göstərilir ki, sayğac işlədiyindən plomblar açılaraq daxilinə baxış keçirilmişdir, hesablama mexanizminin hərəkəti dişli çarxının kənar təsir nəticəsində kəsildiyi aşkar olunmuşdur, vintlərdən biri aşkar olunmamışdır, xətalar normadan artıqdır, sayğac istismara yararsızdır. O hesab edir ki, barəsində yazılmış borc qanunsuzdur və bu səbəbdən silinməlidir. Belə ki, sayğac istismar müddəti bitdiyi üçün dəyişdirilmiş və ona həmin vaxt heç bir irad bildirilməmişdir. Bundan başqa sayğac onun həyətindən kənarda olmaqla, küçədə quraşdırılmışdır. Sayğaca nəzarət etmək isə onun vəzifəsi deyildir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli sayğac onun həyətində deyil, küçədə hasarın üzərində yerləşir. Sayğacın üzərinə isə hər hansı qoruyucu vasitə quraşdırılmamışdır. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Bundan başqa sayğac yenisi ilə əvəz edilərkən köhnə sayğacın plombu üzərində olmuşdur. Əgər plomb sayğacın üzərindədirsə, ona hər hansı formada müdaxilə edilməsi də, mümkün deyil. Əslində həmin sayğaca ümumiyyətlə heç bir müdaxilə edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı ilişərək işləməsi və qazı fasilələrlə buraxması səbəbi ilə çıxarılmış, sayğac Zenner tipli yenisi ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Gəncə X3 İdarəsi tərəfindən təsdiq edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı ilişərək işlədiyindən plomblar açılaraq daxilinə baxış keçirildiyi, hesablama mexanizmini hərəkətə gətirərək dişli çarxın kənar təsir nəticəsində kəsildiyi, vintillərdən birinin aşkar olunmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Gəncə X3 İdarəsi tərəfindən təsdiq edilmiş 27 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 12960 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş “abonentin saldosundan” görünür ki, 13 fevral 2023-cü il tarixli, ******* nömrəli akt əsasında abonent İddiaçı barəsində 2023-cü ilin fevral ayında 1555.20 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacı küçədə quraşdırılmış və kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmişdir. Bununla da, Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin tələbini pozmuşdur. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, 05 dekabr 2022-ci il tarixdə Cavabdeh əməkdaşları sayğacı onun ilişərək işləməsi səbəbindən dəyişərkən sayğacın plombları üzərində olmuşdur. Bu isə onu deməyə əsas verir ki, nasaz sayğac yenisi ilə əvəz edilərkən, ona əvvəlcədən müdaxilənin edilmiş olması qeyri müəyyən olmuşdur. Belə ki, sayğacın plobları açılmadan onun hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsilməsinin mümkünlüyü inandırıcı görünmür. Bundan başqa qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda istehlakçıya bu barədə məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməli idi. Qaz paylayıcı təşkilat tərtib edilmiş akt və digər əlaqəli sənədlərdə sayğaca müdaxilə edilmiş olmasını qeyd etsə də, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair birlik tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının yararsız hala düşməsində bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən, sayğacda aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində hər hansı sanksiya tətbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh tərəfindən 13 fevral 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555.20 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində 13 fevral 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1555.20 manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(052)-47/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-47/2024
05.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver