Məhkəmə qərarları › İş №2(052)-55/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-55/2025

20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-55/2025 20.05.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə1 və maraqlı şəxs Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Naftalan şəhər İcra Hakimiyyətinə qarşı “hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Naftalan şəhər İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Naftalan şəhəri İcra Hakimiyyəti başçısının 07 aprel 1995-ci il tarixli 64 nömrəli sərəncamı ilə Naftalan şəhəri, “Muğan” bağçılıq yoldaşlıq ərazisindən 9 nömrəli küçə 21 nömrə ilə Heydərov Faiq adına yazılmış torpağın ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi nümayəndəsi (vəkil) Nümayəndə1 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Naftalan şəhər İcra Hakimiyyəti başçısının 07 aprel 1995-ci il tarixli, 64 nömrəli sərəncamı ilə Naftalan şəhəri, “Muğan” bağçılıq yoldaşlıq ərazisi 9 nömrəli küçədə 21 nömrə ilə qeyd edilmiş “Heydərov Faiq” qeydinin yalış olduğundan həmin qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, O, Naftalan şəhər İcra Hakimiyyəti başçısının 07 aprel 1995-ci il tarixli sərəncamı ilə Naftalan şəhərində yerləşən “Muğan” bağçılıq yoldaşlıq ərazisində yerləşən 9-cu küçə sahə 21-də ona 0,06 ha torpaq sahəsi ayrılmışdır. O, torpaq sahəsini aldıqdan sonra indiyə kimi orada müəyyən işlər görmüşdür. Bu yaxınlarda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyərkən adının sərəncamda Asif əvəzinə Faiq kimi yazıldığını müəyyən etmişdir. Bundan sonra o, Naftalan şəhər İcra Hakimiyyətinə müraciət edərək, sərəncamda adının Faiq əvəzinə Asif yazılması barədə düzəliş edilməsini xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, o, məhkəməyə müraciət etməlidir. Qeyd edir ki, məhkəmə qaydası ilə Naftalan şəhər İcra Hakimiyyətinin 07 aprel 1995-ci il tarixli, 64 nömrəli sərəncamında 9 nömrəli küçə 21-nömrə ilə Heydərov Faiq adına yazılmış torpağın ona məxsus olması faktının müəyyən edilməlidir. Odur ki, həmin sənədin əldə edilməsi başqa cür mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, vaxtı ilə Naftalan şəhərində yerləşən “Muğan” bağçılıq yoldaşlığının ərazisində yerləşən 9 nömrəli cu küçə sahə 21-də olan torpaq sahəsi hüquqlarını müdafiə etdiyi Ərizəçi ayrılmış, lakin torpağın ayrılmasına dair sərəncamda Ərizəçi adı yanlış olaraq Herdərov Faiq kimi qeyd edilmişdir. Nəticədə Ərizəçi hüquqları pozulmuşdur. Həmçinin qeyd edilən ünvanda yerləşən torpaq sahəsi hazırda da, ərizəçinin istifadəsindədir. Hətta ərizəçi həmin torpaq sahəsində yarımçıq ev tikdirmiş, lakin maddi imkanı olmadığı üçün tikintini başa çatdıra bilməmişdir. Hazırda ərizəçi torpaq sahəsinə dair çıxarış sənədi almaq istəsə də, qeyd edilən sərəncamda olan yanlışlıq sənədləşmə işlərinin aparılmasına maneçilik törədir. Hesab edir ki, ərizə əsaslıdır. Odur ki, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli sərəncam 1995-ci ildə verilmiş və hazırda həmin sərancam arxiv idarəsində mövcud olsa da, nə Naftalan şəhər İcra Hakimiyyətində, nə də arxiv idarəsində həmin sərəncama dair digər hər hansı sənəd mövcud deyildir. Odur ki, qeyd edilən sərəncama əlavə edilmiş adlı siyahıda 9-cu küçədə 21 nömrə ilə torpaq ayrılması qeyd edilmiş Heydərov Faiq adlı şəxsin həqiqətən də hazırda Ərizəçi olub-olmamasına dair onlarda hər hansı bir məlumat yoxdur. Həmçinin qeyd edilən sərəncamda torpaq ayrılan şəxslərin ümumiyyətlə ata adları qeyd edilməmişdir. Bu səbəbdən həmin şəxslərin şəxsiyyətlərini müəyyənləşdirmək hazırda çətinliklər yaradır. Odur ki, ərizənin məhkəmənin mülahizəsinə uyğun həll edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. Naftalan şəhəri “Muğan” bağçılıq yoldaşlığı ərazisi 9-cu küçə, 27 saylı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur və o, 1990-cı ildən ailəsi ilə birlikdə həmin yerdə inşa etdiyi evdə yaşayır. Belə ki, Naftalan şəhər İcra Hakimiyyətinin 07 aprel 1995-ci il tarixli 64 nömrəli sərəncamı ilə 9 nömrəli küçədə 27 nömrəli sahə onun adına ayrılmışdır. Həmin sərəncam ilə isə 21 nömrəli sahə Ərizəçi ayrılmışdır. O, ərizəçini bir qonşu kimi uzun illərdir tanıyır. Ərizəçi hətta 1995-ci ildə həmin torpaq sahəsindən ev tikdirməyə başlamış, lakin daha sonra tikinti işləri yarımçıq qalmışdır. Hazırda da, həmin yarımtikili ərizəçiyə məxsus torpaq sahəsində qalmaqdadır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. Onu uzun illərdir tanıyır. Belə ki, onun yeri 10 nömrəli küçədə, Asifin yeri isə 9 nömrəli küçədə yerləşir. Ona məxsus torpaq sahəsi əvvəllər Feruz Musayev adlı şəxsə məxsus olmuş, daha sonra o, alqı-satqı müqaviləsi əsasında torpağı Feruzdan almışdır. 9 nömrəli küçədə yerləşən 21 nömrəli sahə həqiqətən də Ərizəçi məxsusdur. Məhkəmə ərizəçi və maraqlı şəxsin nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 07 aprel 1995-ci il tarixli, 64 nömrəli sərəncamından çıxarışdan görünür ki, Naftalan şəhərində yerləşən “Muğan” bağçılıq yoldaşlığının 41 ha torpaq sahəsi vətəndaşların yaşayış evləri və tikililərinin xüsusi mülkiyyət hüququ rəsmiləşdirilməsi qərara alınmış və sərəncama vətəndaşların adlı siyahısı əlavə olunmuşdur. Həmin siyahıda Heydərov Faiq adlı şəxsə 9 nömrəli küçə, 21 saylı ərazidə 0.06 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş Ərizəçi ünvanlanmış 05 iyul 2024-cü il tarixli, 5-4/2-H-9-091/2024 saylı məktubda qeyd edilmişdir ki, qeyd edilən Sərəncam 1995-ci ildə “Muğan” bağçılıq yoldaşılığının sədrinin tərtib etdiyi Naftalan şəhər “Muğan” bağçılıq yoldaşlığının ərazsində yerləşən fərdi təsərrüfatların siyahısına əsasən təsdiq edilmişdir. Həmin sərəncama əlavə olunan siyahıda hər hansı bir adın və soyadın dəyişdirilməsi Naftalan şəhər İcra Hakimiyyətinin səlahiyyəti xaricindədir. Odur ki, ərizəçiyə ərizədə göstərilən məsələnin həlli ilə əlaqədar müvafiq məhkəməyə müraciət etməsi tövsiyyə ediləmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci il tarixdə Naftalan şəhərində anadan olmuşdur. İş materiallarında olan Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 07 aprel 1995-ci il tarixli, 64 nömrəli ““Muğan” bağçılıq yoldaşlığının ərazisində yerləşən yaşayış evlərinə və tikintilərə mülkiyyət hüququnun verilməsi haqqında” sərəncamına əlavə edilmiş adlı siyahıdan görünür ki, 9 nömrəli küçədə 21 nömrə ilə Heydərov Faiq adlı şəxsə 0.06 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və işin digər hallarına əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçi qeyd olunan faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 07 aprel 1995-ci il tarixli, 64 nömrəli “Muğan” bağçılıq yoldaşlığının ərazisində yerləşən yaşayış evlərinə və tikintilərə mülkiyyət hüququnun verilməsi haqqında sərəncamın (9№-li küçə, 21. Heydərov Faiq hissədə) Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar