Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-70/2024 04.04.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 785 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il təvəllüdlü olmaqla, ailəlidir və iki uşaq atasıdır. Bərdə rayonu Qaradırnaq kəndində yaşayır. Bərdə rayonunda yerləşən “Təzə bazar” deyilən yerdə xırda ticarət ilə, yəni qızılın alqı-satqısı ilə məşğuldur. 2023-cü ilin mart ayında əvvəllər tanıdığı Cavabdeh nisyə olaraq ondan 785 manat dəyərində sep-bilərzik götürmüş və qızılların dəyəri olan 785 manat pulu bir ay müddətində ödəyəcəyinə dair söz vermişdir. Lakin, Cavabdeh sözünə əməl etməmiş, bu günə kimi borcunu ödəməmişdir. O, dəfələrlə Sənanın yaşadığı ünvana getmiş, lakin Sənan hər dəfə bir bəhanə etmiş və verdiyi vədə əməl etməmişdir. Qeyd edilənləri Şahid2 və Şahid1 şahid qismində təsdiq edə bilərlər. Odur ki, Cavabdeh 785 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh əvvəldən tanımamış, Vəfa adlı qonşuluğunda yaşayan tanışı vasitəsi ilə sonradan tanımışdır. Sənan ilk olaraq ondan qızıl üzük və sırğadan ibarət qızıl məmulatlarını nisyə almış və hissə-hissə olmaqla pulunu ödəmişdir. Daha sonra, təxminən 8 ay əvvəl Sənan yenidən ona yaxınlaşaraq ümumi dəyəri 785 manat olan qızıl sep və bilərziyi bir ay müddətində pulunu ödəmək şərti ilə nisyə almış, lakin pulu ödəməmişdir. Dəfələrlə Sənandan borcunu istəsə də, hətta iki dəfə onun yaşadığı ünvana getsə də, heç bir nəticə əldə etməmişdir. Sənan hər dəfəsində bir müddət sonra borcunu ödəyəcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, həqiqətən də İddiaçı bir dəfə qızıl üzük və sırğa dəsti almış olmış, daha sonra hissə-hissə olmaq şərti ilə onun kartına qızılın dəyərini tam şəkildə ödəmişdir. Əlavə olaraq sonradan iddiaçıdan qızıl sep və bilərzik almamışdır. Yalnız bir dəfə almış, onun da pulunu tam şəkildə ödəmişdir. Bunu iddiaçı özü tədiq edir. Əgər iddiaçıdan dediyi kimi qızıl sep və bilərzik almışdırsa, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etsin. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı təşəbbüsü ilə dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, tərəflərin hər ikisini tanıyır, onlarla ədavət və düşmənçiliyi yoxdur. İddiaçı onun iş yoldaşıdır. Cavabdehi isə üzdən tanıyır. Cavabdehin bir neçə dəfə iddiaçının yanına gəldiyini və onunla alış veriş etdiyinin şahidi olmuşdur. Lakin konkret olaraq iddiaçıdan hansı qızıl məmulatını və hansı qiymətə aldığından məlumatlı deyildir. Məhkəmə iclasında İddiaçı təşəbbüsü ilə dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Sarvan onun iş yoldaşıdır. Sənanı isə üzdən görmüşdür. Tərəflər ilə ədavət və düşmənçiliyi yoxdur. Tərəflər arasında alqı-satqı münasibətlərinin olmasından xəbərdar olmuşdur. Belə ki, Sərxanın müştəri kimi Sarvanın yanına gəlib-getdiyini görmüşdür. Hətta Sarvanın bir neçə dəfə Sərxan ilə telefonla danışdığının da şahidi olmuşdur. Lakin aralarında olan alqı-satqının konkret nədən ibarət olmasından məlumatlı deyildir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o Bərdə Rayon Polis Şöbəsinə yazılı şəkildə müraciət edərək Cavabdeh 785 manat dəyərində qızıl-zinət əşyaları satdığını, lakin Cavabdeh həmin əşyaların pulunu ona ödəmədiyini bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 30919 saylı məktubuda İddiaçı müraciətində göstərdiyi faktların mülki xarakterli olduğu və mülki xarakterli məsələlərə baxmaq isə məhkəmə orqanlarının səlahiyyətində olduğu bildirilərək ona müraciətinin həlli ilə əlaqədar məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında 785 manat dəyərində qızıl əşyaların nisyə alqı-satqısına dair münasibətlərin yaranmasını göstərən hər hansı sübut mövcud deyildir. Belə ki, ilk olaraq qızıl üzük və sırğadan ibarət dəstin alqı-satqısına dair münasibətlərin yaranmış olması təsdiqini tapsa da, bu hal qızıl sep və bilərziyə münasibətdə təsdiqini tapmır. Cavabdeh iddiaçıdan dəyəri tələb edilən əşyaları ümumiyyətlə almadığını və ona borcunun olmadığını qeyd edir, iddiaçı isə satışı təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdir etmir. Halbuki qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin İddiaçı təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələrinə münasibətdə qeyd edir ki, həmin ifadələr dolğun olmamaqla, tərəflər arasında konkret alqısatqı münasibətlərin yaranmış olmasını təsdiq etmir. Odur ki, sözügedən ifadələr iş üzrə mümkün sübutetmə vasitəsi hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(052)-70/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-70/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver