Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-77/2025 20.05.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən 25 noyabr 2020-ci il tarixli ******* nömrəli Akta əsasən hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 18, mənzil 26 əvvəllər mərhum həyat yoldaşı X1 mülkiyyətində olmuş, X1 ölümündən sonra onun mülkiyyətimə keçmişdir. 29 iyul 2020-ci il tarixdə ona məxsus mənzilə quraşdırılmış qaz sayğacı istismar müddəti keçdiyi üçün başqa bir sayğac ilə əvəz edilmiş və bu barədə akt tərtib edilmişdir. Daha sonra həmin sayğac yoxlamadan keçirilmiş və bu barədə akt tərtib edilmişdir. 28 oktyabr 2020-ci il tarixli qaz sayğacının yoxlanması barədə MSK 29/1710- 02988-1 saylı aktda qeyd edilmişdir ki, sayğaca baxış keçirilmiş sayğacın hesablama müxanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomblar aşkar olunmamış, sayğac mənfiyə işləmiş, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində Alarm 1 rejimi aşkar edilməmişdir. Sonradan üzərindən bir müddət keçdikdən sonra Cavabdeh İBnin X10 İstismarı İdarəsinin Naftalan XS əməkdaşları gələrək qanunsuz akt tərtib etmişlər. 25.11 2020-ci İl tarixli ******* nömrəli həmin aktda MSK 29/1710-02988-1 saylı aktı əsas götürərək ondan dəymiş ziyan və sayğacın dəyəri tələb edilmişdir. xx.xx.2020-ci il tarixli tələbnamə ilə isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 2160 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda həmin akt qeydi etibarsız hesab olunmalı və 2160 m3 qaz sərfiyyatına görə hesablanmış 216 manat borc silinməlidir. Belə ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmçinin sayğacın təhlükəsizliyinə, onun toxunulmazılığına cavabdeh şəxs deyildir. İstənilən bir şəxs həmin sayğaca müdaxilə edə bilər, hətta bilərəkdən onu zədələyə bilər. Bu səbəbdən hesab edir ki, aktda qeyd olunan həmin qüsurlara görə məsuliyyət daşımamalıdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, qaz sayğacı yaşadığı mənzildən kənarda, yəni mənzilin giriş hissəsində olan qapının üzərinə yerləşdirilmişdir. Onun və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Qaz sayağcı idarə tərəfindən mərhum həyat yoldaşı X1 vəfatından əvvəl dəyişilmişdir. Həyat yoldaşı həmin vaxt xəstə olmuş və onun qaz sayğacının dəyişdirilməsinin səbəbindən məlumatı olmamışdır. Daha sonra X3 vəfat etmişdir. Onun adına hesablanmış 216 manat məbləğində borc hazırda qalmaqdadır. Odur ki, hesablanmış borc qanunsuzdur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29 iyul 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1-da yaşayan istehlakçı X2 məxsus evin qaz sayğacı növbəti dövlət yoxlaması üçün sökülmüş və yenisi ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin X10 İstismarı İdarəsinin Naftalan XSi üzrə rəis müavini X5 tərəfindən təsdiq edilmiş 25 noyabr 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1-da quraşdırılmış sayğaca ümumi baxış keçirilmiş, bu zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomblar aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin X10 İstismarı İdarəsinin rəisi Xaliq Namazov tərəfindən təsdiq edilmiş 27 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1-a məxsus qaz sayğacının G-4 markalı sayğacın maksimal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 2160 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Abonentin saldosundan” görünür ki, 2020-ci ilin mart ayında abonent İddiaçı akt üzrə 216 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 23 dekabr 2023-cü il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan X4 həmin miras qalmış əmlakdan tam hissədə pay almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qərara əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçıya məxsus mənzilin qaz sayğacı mənzildən kənarda quraşdırılmış və kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmişdir. Bununla da, Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin tələbini pozmuşdur. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, 29 iyul 2020-ci il tarixdə Cavabdeh əməkdaşları sayğacı istismar müddəti keçdiyi üçün dəyişdirmiş və bu zaman sayğacda hər hansı nasazlıq olmamışdır. Bu isə onu deməyə əsas verir ki, sayğac yenisi ilə əvəz edilərkən, ona əvvəlcədən müdaxilənin edilmiş olması qeyri müəyyən olmuşdur. Bundan başqa qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda istehlakçıya bu barədə məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməli idi. Qaz paylayıcı təşkilat tərtib edilmiş akt və digər əlaqəli sənədlərdə sayğaca müdaxilə edilmiş olmasını qeyd etsə də, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair birlik tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının yararsız hala düşməsində bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən, sayğacda aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində hər hansı sanksiya tətbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 216 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən X3 barəsində ******* nömrəli akt əsasında əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(052)-77/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-77/2025
20.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver