Məhkəmə qərarları › İş №2(052)-79/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-79/2023

25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-79/2023 25.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə. İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS əməkdaşları tərəfindən tərtib olunmuş 29 iyun 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Naftalan şəhəri “Muğan” bağçılığında yaşayır. Həmin ünvanda yerləşən həyət evini 5 ildən artıq müddətdir ki, almış olmasına baxmayaraq, iki ildir evə köçmüşdür. Yaşadığı ev təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. “Azəriqaz” İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS əməkdaşları gələrək ona məxsus olan evə quraşdırılmış sayğacı başqa sayğac ilə əvəz etmişlər. İdarənin əməkdaşları sayğacı apardıqdan sonra akt tərtib etmiş, aktda sayğacın çıxarılma səbəbi kimi kütləvi əzəz etmə ilə əlaqədar olması yazılmışdır. Həmin akt ona “Azəriqaz” İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS-yə müraciət etdikdən sonra verilmişdir. Bir müddət keçdikdən sonra “Azəriqaz” İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS-nin əməkdaşları daha bir qanunsuz akt tərtib etmişlər. xx.xx.2021-ci il tarixli, ******* saylı həmin aktda sayğaca baxışın keçirilməsi, sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşilməsi, barabanın üzərində kənar təsir işlərinin mövcud olması qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 2160 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda həmin akt etibarsız hesab olunmalı və 2160 m3 qaz sərfiyyatı silinməlidir. Göründüyü kimi onun yaşadığı evə quraşdırılmış sayğac kütləvi əzəz etmə ilə əlaqədar dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixli, ******* saylı aktda isə sayğaca baxış keçirilməsi və nöqsanların aşkar edilməsi qeyd edilmişdir. Əgər sayğacda hər hansı zədə olmuşsa bu barədə rəy verilməli idi. O, “Azəriqaz” İB-nin qaz sayğaclarına nəzarət komissiyasının rəyini görməmiş, həmin rəy ona verilməmişdir. Həmçinin o, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Birinci qrup əlildir, yoldaşı və o yaşlı insanlardır. Bundan başqa qaz sayğacları bütün şəhər ərazisində küçələrdə quraşdırılmışdır və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilər və sayğaca istənilən müdaxiləni edə bilərlər. Odur ki, qeyd edilən hallara görə vətəndaş məsuliyyət daşımamalıdır. Həmçinin sayğaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edildiyi qeyd edilir. Halbuki qaz idarəsinin işçiləri hər ay qaz sayğacına baxaraq işlətmiş olduğu qazın bildirişini ona verir, bildiriş əsasında da o, qazın pulunu dövlət büdcəsinə ödəyir. Əgər sayğaca müdaxilə olunmuş olsa idi sahə nəzarətçisi bunun dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığı halda ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Odur ki, tərtib olunmuş akt əsassızdır. İdarənin əməkdaşları tərəfindən heç bir çəkiliş aparmadan, hal şahidləri dəvət etmədən əsassız akt yazılmışdır. Odur ki, hazırda həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının teleqramını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin Gəncə X2 İdarəsinin baş mühəndisi Azər Bayramov tərəfindən təsdiq edilmiş 30 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz işlədicilərinin qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 2160 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS tərəfindən təsdiq edilmiş 29 iyun 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşilməsi, barabanın üzərində kənar təsir izlərinin mövcud olması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyinin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı kütləvi əvəzetmə ilə əlaqədar çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da “Azəriqaz” İstehsalat Birliyi qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğaca müdaxilənin edilməsini müəyyən edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə sayğaca müdaxilə müəyyən olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sübutlar təqdim edilməmişdir. «Qazdan istifadə qaydaları»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır. Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 90 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. Bundan başqa, həmin aktda qeyd olunmuş əməlin bilavasitə abonent və ya onun ailə üzvləri tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi sübuta yetmədiyindən iddia təmin edilməklə “Azəriqaz” X1 X2 İdarəsinin Naftalan XS əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyun 2021-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında 2160 kub/metr qaz sərfiyyatına görə hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” X1 X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyun 2021-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında 2160 kub/metr qaz sərfiyyatına görə hesablanmış borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar