Məhkəmə qərarları › İş №2(053)-1011/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1011/2025

19.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1011/2025 19.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı aktın ləğvi və cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 29 fevral 2024-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 777,60 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yaşayır. Cavabdeh1 ilə onun arasında yaşadığı evin qaz sərfiyyatı ilə bağlı 21 aprel 2025-ci il tarixli müqavilə bağlanmışdır. Qaz sayğacı evin həyətindən kənarda daşdan hörülmüş hasara bərkidilmiş vəziyyətdə olmuşdur. Hər ay nəzarətçilər tərəfindən verilən bildirişlərə əsasən ödəniləcək qaz sərfiyyatının məbləğini ödəyib. 23 yanvar 2024-cü il tarixdə evdə olmadığı vaxt Cavabdeh1 Neftçala xidmət sahəsinin nümayəndələrinin iştirakı ilə qaz sayğacına baxış keçirilmiş və sayğac yerindən çıxarılaraq başqa sayğacla əvəz edilmişdir. Həmin tarixdə ******* nömrəli akt tərtib olunmuş və həmin akt nümayəndələr tərəfindən imzalanmışdır. Həmin aktda onun da imzası olsa da, o, həmin vaxt evdə olmamış, ümumiyyətlə heç bir sənədə imza çəkməmişdir. Təxminən bir aydan sonra nəzarətçi ona bildirmişdir ki, o, 777,60 manat məbləğində cərimə olunub. Nəzarətçidən niyə cərimə olunduğunu soruşduqda isə ona sayğaca müdaxilə olduğunu bildirmişdir. Lakin o, heç vaxt sayğaca müdaxilə etməmiş, sayğac başqa sayğacla əvəz olunduğu vaxt isə ailə üzvlərindən heç kim orada olmamışdır. Sayğaca müdaxilənin mövcud olması ilə bağlı akt tərtib edilərkən onun və yaxud ailə üzvlərinin orada iştirakları təmin olunmalı idi. O, Cavabdeh1nə gedib qanunsuz olaraq cərimə olunması ilə bağlı etirazını bildirərək sayğacın ona verilməsini tələb etsə də, sayğac ona verilməmişdir. Hesab edir ki, Cavabdeh1 Neftçala xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq 777,60 manat məbləğində cərimə edilib. Hazırda isə onun evinə üç aydır ki, qazın verilməsi dayandırılmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh2 Cavabdeh1 nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. 21 aprel 2025-ci il tarixli XS-19-00075/25 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı» müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 Neftçala xidmət sahəsi ilə İddiaçı arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. 23 yanvar 2024-cü il tarixli «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı fərdi evində quraşdırılmış «Zenner G4T» markalı, **********9 nömrəli sayğacın yoxlanılmaya göndərilməsi ilə əlaqədar dəyişdirilərək «Honeywell BK64T» markalı, 13741578 nömrəli yeni sayğacla əvəz olunmuşdur. 29 fevral 2024-cü il tarixdə tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında ******* nömrəli aktın surətindən görünür ki, ARDNŞ-nin Cavabdeh2 İB-nin qaz sayğaclarının yoxlanması barədə 19 fevral 2024-cü il tarixli, «ГОСТ- 8.324.2002» akt № 0134 nömrəli aktına əsasən abonentin mənzilinə quraşdırılmış G4 markalı, **********9 nömrəli qaz sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı və hesablanacaq dəymiş ziyan tam ödənilməlidir. «Azərbaycan Metrologiya İnstitutu» PHŞ «Kommunal Laboratoriyalar» tərəfindən tərtib olunmuş 13 fevral 2024-cü il tarixli 0134 nömrəli aktdan görünür ki, 00459153 nömrəli plomb kəsilərək qutu açılmışdır. Sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın bərpasına dair 29 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, «Azərbaycan Metrologiya İnstitutu» PHŞ «Kommunal Laboratoriyalar»-ın 13 fevral 2024cü il tarixli 0134 nömrəli aktına əsasən G-4 markalı **********9 nömrəli sayğaca baxış keçirmək üçün 00459153 nömrəli plomb kəsilərək qutu açılmışdır. Sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. 23 yanvar 2024-cü il tarixli «Abonentin saldosu» adlı sənəddən görünür ki, abonent kodu **********01590 olan İddiaçı müvafiq akta əsasən 777,60 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməyib. Sayğac həyətində deyil, küçədə quraşdırılmış, həmçinin təhlükəsizlik baxımından xüsusi qutu ilə təmin edilməmişdir. Sayğaca tərəfindən daim nəzarət edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən «istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, «Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz». Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, «Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir», «Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 29 fevral 2024-cü il tarixli ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent № **********01590, Neftçala rayonu, Aşağı Qaramanlı kəndi) barədə Cavabdeh2 Cavabdeh1 tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 fevral 2024-cü il tarixli ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında müəyyən edilən 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində dəymiş zərər (cərimə) silinsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar