Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1077/2023 11.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30 noyabr 2022-ci il tarixli aktın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, o, ünvan 1i ünvanında ailə üzvləri ilə birlikdə özlərinə məxsus fərdi yaşayış evində yaşayır. Qeyd edir ki, yaşadığır ev 1957-ci ildə tikilib və mərhum valideynlərinə məxsusdur. Bu günə qədər yaşadığı evdə bütün kommunal xidmətlərdən istifadə etmiş və bunun müqabilində xərcləri vaxtı-vaxtında dövlətə ödəmişdir. Hər hansı kommunal ödənişilərində problem olmadığı üçün həmin xidmət idarələri ilə problem yaşamamışdır. Evin təbii qaz sərfiyyatı ilə bağlı bildirişlər onun adına gəlir və onun tərəfindən də vaxtında ödənilir. Məlumat üçün bildirir ki, 31 may 2022-ci il tarixdə yaşadıqları evin təbii qaz sərfiyyatı ilə bağlı müqavilə bağlanmışdır. Ötən müddət ərzində nəzarətçilər tərəfindən verilən bildirişxəbərdarlıqlarda daimi abunəçi olaraq qaz sayğacı vasitəsi ilə ödəmələr aparmışdır. Qaz sayğacı quraşdırılarkən əməkdaşlara onu həyətinə qoymalarını xahiş etmişdir. Lakin əməkdaşlar məhəl qoymayaraq sayğacı həyətindən kənara, mərhum dayısı Xanəhməd adlı şəxsin həyətinin divarına bərkitdilər və üzərinə plastmas qutu yerləşdirdilər. Qeyd edir ki, evində istiliyi təmin etmək üçün "Kamforka" adlanan “PQ-3” tipli qaz cihazından istifadə edirlər. "Kamforka" adlanan “PQ-3” tipli qaz cihazından həm də məişətdə istifadə edirlər. O, özü işsizdir. Həyat yoldaşı da evdar qadındır. Evdə həm də iki azyaşlı övladı yaşayır. Ailəni dolandırmaq üçün kəndin heyvanlarını otarmaqla məşğuldur. Bu səbəbdən günün əksər hissəsini evdə olmur. 30 noyabr 2022-ci il tarixində, gündüz saatlarında o, evdə olmayan zaman Cavabdeh Neftçala Xidmət Sahəsinin əməkdaşları yaşadıqları evə gələrək nə onun, nə də həyat yoldaşının iştirakı olmadan qaz sayğacına baxış keçirərək, akt tərtib ediblər. Əliyev və Eyvazov soyadlı həmin şəxslər aktı təhsilsiz həyat yoldaşı Əhədova Aygünə şifahi surətdə belə oxumadan imzalatdırıb evi tərk ediblər. Bu barədə həyat yoldaşı ona dedikdə o, nə baş verdiyini başa düşməyib və məsələni aydınlaşdırmaq üçün X3 sahəsinə yaxınlaşmışdır. Həmin vaxt orada ona bu barədə heç bir cavab verilməmiş, lakin xx.xx.2022-ci il tarixində göndərilmiş tələbnamədə güya tərəflərindən qaz sayğacına müdaxilə edildiyi, sayğacın əzildiyi və bu səbəbdən də istismara yararsız olması bildirilmişdir. Bu səbəbdən onun hesablamalarına görə 1880 manat cərimə ödəməli olduğu bildirilmişdir. Bir abonent kimi bildirir ki, onun istifadəsində olan sayğaca qətiyyən müdaxilə etməmiş, hər zaman sayğacın göstəricilərinə uyğun ödəniş aparmışdır. Bununla bağlı iddia ərizəsinə çoxsaylı ödəniş sənədlərini əlavə etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yarandığını, ərizənin məzmununda qeyd etdiyi cərimə məbləğinin 1800 manat deyil, 1.036.80 manat olduğunu və ərizənin xahiş edirəm hissəsində cavabdeh tərəfindən tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi ilə yanaşı akt əsasında hesablanmış 1.036.80 manat dəymiş zərərin silinməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyi öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər”. Məhkəmə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsininin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyini, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir: İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhədov X1 rayonu, Boyat kəndində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 31 may 2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı fərdi yaşayış evində quraşdırılmış “ELSTER” tipli “BKG-4” markalı, 10048909 nömrəli sayğac əvəzetmə üçün çıxarılmış və “ELSTER” tipli “BKG-4” markalı, 10065687 nömrəli yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 30 noyabr 2022-ci il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın və “Qaz sayğaclarının yoxlanması” barədə 30 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, ARDNŞ-nin “Azəriqaz” İB-nin qaz sayğaclarının yoxlanması barədə 30 noyabr 2022-ci il tarixli, AKT № MSK – 29/1710-03827-1 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılmış “G-4” markalı, 10048909 nömrəli qaz sayğacına baxış keçirilmişdir. Qeyd olunur ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib, daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkarlanıb və sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, hesablanacaq dəymiş ziyan tam ödənilməlidir”. İş materiallarına əlavə olunmuş XS-19-01723/22 saylı müqavilədən görünür ki, “Azəriqaz” İB-nin Salyan RQİİ-nın rəis müavini M.Gözəlovun şəxsində ünvan 1 sakini İddiaçı arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x24x90=8640 m3 cəmi: 8640 m3. Dəymiş ziyan hesablansın sayğacın dəyəri ödənilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına onun tərəfindən hər hansı bir müdaxilə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “Azəriqaz” İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent № **********00280, ünvan 1i) barədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında hesablanmış dəymiş zərər məbləği 1.036.80 (min otuz altı manat səksən qəpik (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1077/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1077/2023
11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver