Məhkəmə qərarları › İş №2(053)-1088/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1088/2023

11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1088/2023 11.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunan, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 02 may 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1001 nömrəli müqaviləyə əsasən o, istehlakçı olaraq tanınmış və yaşadığı həyətin çöl hissəsində evlərindən təxminən 20-25 metr aralıda “ELSTER” tipli “BKG-4” markalı, 11238170 nömrəli qaz sayğacı quraşdırılmış və üzərinə 05142776 nömrəli plomb vurulmuşdur. Bu aktda soyadı Axundova olaraq qeyd edilmişdir. Həmin tarixdən işlətdikləri təbii qazın haqqı sayğacın göstərişinə əsasən, ayda iki dəfə Cavabdeh Neftçala Xidmət Sahəsinin əməkdaşları tərəfindən təqdim edilən bildirişlər əsasında ödəmişlər. Qeyd edir ki, ödənişlərində gecikmələr və borclar olmuş, lakin nə o, nə də həyat yoldaşı heç vaxt qaz sayğacına nəinki müdaxilə, heç ətrafına yaxınlaşmamışlar. Qaz sayğacının futlyarı sındığı üçün o, daima açıq şəraitdə qalmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh Neftçala Xidmət Sahəsinin əməkdaşları yaşadıqları evə gələrək qaz sayğacının dəyişdirilməsinin lazım olduğunu bildirib, 11238170 nömrəli qaz sayğacını açmışlar. Bu tarixdə tərtib edilmiş ******* nömrəli aktı həyat yoldaşına imzalatdıran Neftçala Xidmət Sahəsinin əməkdaşları həyat voldaşına heç bir işin olmadığını deyib, çıxarılan sayğacı aparıblar. xx.xx.2023-cü il tarixdə Neftçala Xidmət Sahəsinin əməkdaşları evə gələrək, guya çıxarılmış qaz sayğacının hesablama mexanizminə müdaxilə edildiyini əsas göstərərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli akt tərtib edilərək imzalamağını tələb etmişlər. Tərtib edilmiş bütün aktlarda onun qızlıq soyadı qeyd edilir. O, tərəflərindən qaz sayğacına heç bir müdaxilənin olunmadığını bildirib, aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixdə isə Neftçala Xidmət Sahəsinin əməkdaşları tərəfindən ona dəymiş ziyanın bərpasına dair tələbnamə təqdim edilmişdir. Tələbnamədə göstərilirdi ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış, 12960 m3 itirilmiş qazın məbləği ödənilməlidir. Dəymiş ziyan, günlük qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə hesablanmışdır. Tərtib edilmiş bu aktdan belə görünür ki, guya onlar evdə 24 saat “PQ-3” tipli məişət plitəsini və “radiator" tipli sobanı istifadə etmiş və guya 90 gün ərzində qaz sayğacı müdaxiləli şəkildə işləyib. Qeyd edir ki, heç kim qaz cihazlarını 24 saat 7 gün ərzində işlətmir. Onlar maddi vəziyyətləri ilə əlaqədar daima çalışmışlar ki, qazı qənaətlə işlətsinlər. “PQ-3” tipli məişət plitəsini biş-düş zamanı, “radiator" tipli sobanı isə əsasən soyuq havalarda yataq otaqlarını isitmək üçün istifadə etmişlər ki, bu da gün ərzində “PQ-3” tipli məişət plitəsi üçün maksimum 2-3 saat, “radiator" tipli soba üçn maksimum 6-8 saat təşkil edir. Digər tərəfdən yuxarda qeyd etdiyi kimi Neftçala Xidmət Sahəsinin əməkdaşları hər ay iki dəfə olmaqla sayğaca baxış keçirib, göstəriciləri qeyd edib və bu göstəricilərə əsasən abonentə bildirişlər paylanılır. Belə sual yaranır ki, Neftçala Xidmət Sahəsinin əməkdaşları iddia edilən müdaxiləni necə oldu ki, görmədilər. İddiaçı işin məhkəmə baxışı zamanı iddia ərizəsinə dəqiqləşmə haqqında ərizə təqdim edərək iddia tələbində aktın ləğv olunması ilə yanaşı həmin akt əsasında hesablanmış 1555,20 manat ziyanın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini qeyd etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər”. Məhkəmə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsininin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyini, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və “AZEMİS” Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, Vəliyeva X2 şəhəri, məhəllə 7 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 27 aprel 2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, istehlakçı X1 fərdi yaşayış evində quraşdırılmış “ELSTER” tipli “G-4” markalı, 11238170 nömrəli sayğac əvəzetmə üçün çıxarılmış və “ELSTER” tipli “G-4” markalı, 11234328 nömrəli yeni sayğacla əvəz olunmuşdur. Digər qeydlər: Sayğacın baxış zamanı hesab mexanizminin qoruyucu plasmas qapağının alt hissəsindən deşici alətlə deşildiyi abonentin iştirakı ilə aşkar edilmişdir. Akt istehlakçının həyat yoldaşı Vəliyev Təbriz və digər şəxslər tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş 02 may 2023-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın və “Qaz sayğaclarının yoxlanması” barədə 02 may 2023-cü il tarixli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, ARDNŞ-nin “Azəriqaz” İB-nin qaz sayğaclarının yoxlanması barədə 02 may 2023-cü il tarixli, AKT № MSK – 14-2-2-/3-5-4705-Q003 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılmış “G-4” markalı, 11238170 nömrəli qaz sayğacına baxış keçirildi. Qeyd olunur ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib və sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, hesablanacaq dəymiş ziyan ödənilməlidir”. İş materiallarına əlavə olunmuş 1001 saylı müqavilədən görünür ki, “Azəriqaz” İBnin Salyan RQİİ-nın rəisi O.Beybudovun şəxsində Neftçala şəhər sakini X3 arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6x24x90=12960 m3 cəmi: 12960 m3. Dəymiş ziyan hesablansın, sayğacın dəyəri ödənilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 02 may 2023-cü il tarixli, ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “Azəriqaz” İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent № **********010, ünvan 1) barədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 02 may 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin. Həmin akt əsasında müəyyən edilən dəymiş zərər məbləği 1555,20 manat (cərimə) silinsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsait İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar