Məhkəmə qərarları › İş №2(053)-1111/2022

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1111/2022

28.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1111/2022 28.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən - Neftçala Rayon Məhkəməsinin hakimi X4, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «himayəçinin təyin edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 yaşına çatmış xx.xx.2004-cü il təvəllüdlü övladı - X3 üzərində himayəçi təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.1-ci maddəsinə əsasən «Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər». Həmin Məcəllənin 33.6-cı maddəsinə əsasən «On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir». Eyni Məcəllənin 33.4-cü maddəsinə əsasən “On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir”. Göründüyü kimi mülki qanunvericiliyə əsasən himayəçilik on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar, habelə spirtli, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində təyin edilir. Təqdim edilmiş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, iddiaçının üzərində himayəçi təyin olunmasını tələb etdiyi qızı - X1 artıq on səkkiz yaşı tamam olmuşdur. X2 himayəçi təyin olunması üçün qanunvericiliyin yuxarıda istinad edilən müddəalarında nəzərdə tutulan digər halların mövcudluğu da iş materiallarından görünmür. Qeyd edilən hallara görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığını hesab edir və iddia ərizəsinin məhkəmə icraatının mümkün olmadığı qənaətinə gəlirəm. Məhkəmə eyni zamanda təqdim olunmuş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddiaçı Ərizəçi X3 üzərində qəyyum təyin olunması ilə əlaqədar qanunla müəyyən edilmiş tədbirlər görə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2 və 317.3-cü maddələrinə əsasən «Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır», «şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir». Eyni Məcəllənin 153.3-cü maddəsinə əsasən «Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar