Məhkəmə qərarları › İş №2(053)-1115/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1115/2023

14.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1115/2023 14.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan tələb etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv olunması və akt əsasında hesablanmış 1.555,20 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda təbii qazdan heç bir halda istifadə etməmiş, qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. 23 aprel 2023-cü il tarixdə mənzili satın almışdır. Bundan sonra onun nə iştirakı, nə də xəbəri olmadan Cavabdeh əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilib. Qeyd edir ki, yuxarıda göstərilən aktda qeyd olunan məişət cihazları heç vaxt mənzildə olmamışdır. Cavabdeh Neftçala Qaz İstismarı sahəsi 25 aprel 2023-cü il tarixdə göstərib ki, sizin ünvanda olan ********** nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanınızdan çıxarılmış sayğacın hesablama mexaniziminin gapağı yan tərəfdən əzilib, daxili qulaqcıqlarda əziküzük vardır. Bu səbəbdən sayağac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 1555,20 manat ödənilməlidir. Bu barədə ünvanına heç bir rəsmi məktub təqdim edilməmişdir. Cavabdeh Neftçala Qaz İstismarı sahəsindən aldığı sənədlərdən belə başa düşülür ki, guya mənzilində quraşdırılmış əvvəlki qaz sayğacı işlək deyil, qüsurlu olub. Buna görə də cavabdeh qurum sayğacı istismara yararsız kimi qiymətləndirir. Qeyd edir ki, o, mənzilə sahib olan tarixdən hal-hazırki dövrə qədər ümumiyyətlə qazdan istifadə edilməyib, çünkü mənzili yaşayış üçün hazır deyildir. Hətta bu bərədə Azərişiq ASC-nin Neftçala EŞ-si də təsdiq edə bilər ki, 2021-2023-cü illər ərzində mənzildə yaşayış olmayıb. Digər tərəfdən, həmin sayğacın çıxarılması, quraşdırılması zamanı preseslərdə iştiraka dəvət edilməmişdir. Mənzili alarkan qaz sayğacının çıxışı açıq olduğundan sayağacın işlək olub-olmamasını müəyyən etmək onun üçün çətindir, çünkü onun bu işdən qəti anlayışı yoxdur, məlumatlı deyil və bunu bacarmır. Sual olunur “ Azəriqaz” X2 Qaz İstismarı sahəsi əgər sayğac işlək deyildirsə, bu vaxta qədər qüsurlu idisə niyə bu mənzildə neçə vaxtı sahəyə nəzarət edən tərəfindən və yaxud hər hansısa bir işçi tərəfindən baxış edilib, qüsur aşkar edilmirdi. Bəlkədə o, mənzili satın alınana qədər sayağac başqa mənzildə olub. Buna əsas şübhəni o, mənzili aldıqdan cəmi 2 (iki) gün sonra bu hal aşkar edilib. Çox maraqlı faktdır. Buna görə də cavabdehin ondan 1555,20 manat tələb etməsi tamamilə qanunsuzdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 2.1.10-cu bəndinə əsasən, istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək paylayıcının vəzifələrindən biridir. Əgər onun mənzilində quraşdırılan əvvəlki qaz sayğacında hər hansı nasazlıq var idisə, dövlət yoxlanılması zamanı bu aşkara çıxa bilərdi. Ona görə də həmin aktın ləğv edilməsi və bu akta əsasən itirilmiş qazın bərpasına görə hesablanmış 1.555,20 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu iddiaçı onun əridir. Hazırda İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil əvvəlki sahibi Gülbadam Bəşirovadan alınmış, lakin qaz istismar sahəsi ilə aralarında yeni müqavilə bağlanmamışıdr. Əri hərbçidir və hazırda Kəlbəcər rayonunda işləyir. Bir həftədir ki, uşaqları ilə birlikdə evə köçmüşlər. Ev təmirsiz olduğundan orada yaşamamışlar. Üç ildir ki, həmin evdə yaşayış olmamışdır. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər”. Məhkəmə, Cavabdeh nümayəndəsininin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Neftçala şəhəri, M.Əsədov küçəsi, ev 61, 10 saylı mənzildə daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 26 noyabr 2021-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, istehlakçı Gülbadam Bəşirovanın M.Əsədov küçəsi ünvanında quraşdırılmış “ELSTER” tipli “BRG-4” markalı, ******* nömrəli sayğac əvəzetmə üçün çıxarılmış və “Zenner tipli “G-4” markalı, **********0 nömrəli yeni sayğacla əvəz olunmuşdur. Digər qeydlər: Sayğacın vaxtı çatdığı üçün yeniləndi. İş materiallarına əlavə edilmiş 25 aprel 2023-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın və “Qaz sayğaclarının yoxlanması” barədə 31 yanvar 2022-ci il tarixli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, ARDNŞ-nin Cavabdeh İB-nin qaz sayğaclarının yoxlanması barədə 31 yanvar 2022-ci il tarixli, AKT № MSK – 29/1710-00408-1 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılmış “G-4” markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilmişdir. Qeyd olunur ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-üzük izləri var. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, Dəymiş ziyan tam ödənilməlidir”. İş materiallarına əlavə olunmuş 2467 saylı müqavilədən görünür ki, Cavabdeh İBnin ünvan 4 ünvanında yaşamış X5 arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6x24x90=12960 m3 cəmi: 12960 m3. Dəymiş ziyan hesablansın, sayğacın dəyəri ödənilsin. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh 30 aprel 2017-ci il tarixdə nikah bağlamış, həmin nikah Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 44 nömrəsi ilə qeyd edilmişdir (nikahdan əvvəl iddiaçının soyadı Məcidli olub). xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığının surətindən görünür ki, Neftçala rayonu Notariat ofisinin xüsusi notariusunun "xxxx" ASC-də açılmış depozit hesabına müqaviləyə əsasən region ipotekası üçün 12000 manat məbləğ evin alqı-satqısı üçün X3 tərəfindən pul köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçının nümayəndəsi işin məhkəmə baxışı zamanı bildirir ki, həmin ünvanda təbii qazdan heç bir halda istifadə etməmiş, qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. 23 aprel 2023-cü ildə mənzili satın almışdır. Qaz sayğacına hər hansı bir müdaxilə onlar tərəfindən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı və evin əvvəlki sahibi tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 25 aprel 2023-cü il tarixli, ******* nömrəli akt isə iddiaçı və evin əvvəlki sahibi tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Həmçinin 23 aprel 2023-cü il tarixdə Neftçala şəhəri, M.Əsədov küçəsi, ev 61, 10 nömrəli mənzilə hazırkı İddiaçı mülkiyyət hüququ tanınmış, iki gün sonra, yəni 25 aprel 2023-cü il tarixdə isə ******* nömrəli sözügedən akt tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı, eləcə də evin əvvəlki sahibi Gülbadam Bəşirova tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı və evin əvvəlki sanibi (abonent) Gülbadam Bəşirova tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB-nin abonent kodu:**********100 olan Gülbadam Bəşirovadan yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Gülbadam Bəşirova (abonent № **********100, Neftçala şəhəri, M.Əsədov küçəsi) barədə Cavabdeh Salyan RQİİ tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 aprel 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında müəyyən edilən dəymiş zərər məbləği 1.555,20 manat (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar