Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-132/2023 13.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «30 noyabr 2022-ci tarixli 282597 nömrəli aktın ləğv edilməsi, həmin akta əsasən hesablanmış 502,83 manat cərimədən ödənilmiş 220 manat məbləğində pulun geri qaytarılması və 282,83 manat ödənilməmiş cərimənin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 30 noyabr 2022-ci tarixli 282597 nömrəli aktın ləğv olunmasını, həmin akt əsasında hesablanmış 502,83 manat cərimədən ona ödətdirilmiş 220 manat məbləğində pulun geri qaytarılması və həmin cərimədən qalan 282,83 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək göstərmişdir ki, Neftçala rayonu, Xolqaraqaşlı kəndində ailəsi ilə birlikdə yaşayır. 01 dekabr 2022-ci ildə "xxxx" ASC ilə arasında evinin enerji sərfiyyatı ilə bağlı müqavilə bağlanmışdır. Hər ay istifadə etdiyi enerji sərfiyyatının ödənişlərinin nəzarətçilər tərəfindən verilən bildirişlərə əsasən ödəyib. "xxxx" ASC-nin əməkdaşı, həmkəndlisi olan X1 30 noyabr 2022-ci il tarixdə həyət darvazasının yanında oğlu Rza ilə söhbət edən vaxt nəvəsi gəlib ona deyib ki, nəzarətçi Kərim atası ilə söhbət edir. Bayıra çıxıb Kərimdən oğlu ilə nə barədə söhbət etdiyini soruşub. Kərim isə ona heç bir söz deməyib çıxıb getmişdir. Kərim gedəndən təxminən 15 dəqiqə sonra sayğaca nəzarət edən Qafarov Qadir telefonla zəng edərək ona bildirib ki, Kərim deyir ki, sizin evin elektrik sayğacında problem var. Qadirə bildirib ki, sayğacda problem olsaydı, Kərim sayğacda olan problemi göstərərdi. Ona sayğacda olan qüsurla əlaqədar heç bir akt və bildiriş təqdim edilməmişdir. 15 dekabr 2022-ci tarixdə Qadir ona zəng edərək 502,83 manat cərimə olunduğunu, həmin cərimənin ödənilməyəcəyi təqdirdə onlara elektrik enerjisinin verilməsinin bu gün dayandırılacağını bildirmişdir. Eyni zamanda Qadir bu gün cərimənin ən azı yarı hissəsinin ödənilməsinin vacib olduğunu deyib, yalnız belə olan halda elektrik enerjisinin verilməsinin mümkün olacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı qeyd edir ki, gəlini müəllim, iki nəvəsi məktəbli, həyat yoldaşı isə xəstədir. Evin işıqlanması və internetin kəsilməməsi üçün məcbur qalıb 12 dekabr 2022-ci tarixdə hesablanmış 502,83 manat cərimədən 220 manatını ödəməli olmuşdur. Cərimənin yarı hissəsini ödədikdən sonra Qadirlə, Kərimə deyib ki, cərimədən ödəmiş olsa da o, bu işin axırınadək gedəcəkdir. Təxminən dekabr ayının axırlarında Qadir ona bildiriş verərək qalan cəriməni də ödəməli olduğunu bildirmişdir. O, etiraz edərək Qadirdən ona sayğacın qüsuru haqqında akt verməsini tələb etmişdir. Daha sonra Neftçala şəhərində yerləşən Elektrik Şəbəkəsinə gəlmişdir. Orada ona tərtib olunmuş akt göstərilmiş və ondan akta imza etməsi istənilmişdir. Bu zaman bildirmişdir ki, akt yerində tərtib olunsaydı həmin vaxt akta münasibətini bildirərdi. Tərtib olunduqdan bir ay keçdikdən sonra akta imza etməsi isə düzgün deyildir. Aktla tanış olanda görmüşdür ki, aşağıdakılar qeyd edilmişdir: «E.E.İ.Q-na uyğun olaraq elektrik sayğacına baxış keçirildi (Gecə reydi zamanı) və məlum oldu ki, abonent uçot kompleksini pozaraq kənar xətdən istifadə edir. Elektrik sayğacı evdən kənar, həyət qapısından təxminən 20 metr arxa hissədə dirəyə bərkidilmişdir. Sayğacın plombu açılmayıb, sayğacın üstündədir». Aktda göstərilir ki, pozuntu gecə reydi zamanı müəyyən edilib. Lakin həmin reyd vaxt etibarilə gecə saatlarına təsadüf etməyib. Təxminən həm gün saat 16.30-17.00 radələrində Ağazadə Kərim həyət darvazasının yanında olmuşdur. Həmin vaxt isə hava işıqlı olmuşdur. Digər tərəfdən qaydaya əsasən reyd adətən iki-üç əməkdaş tərəfindən keçirilir. Lakin orada Ağazadə Kərimdən başqa digər əməkdaşı görməmiş, kənar xətdən istifadə etməsi də ona göstərilməmişdir. Akt tərtib edilərkən hal şahidləri iştirak etməli olduğu halda, onların iştirakı təmin edilməmişdir. Qeyd edir ki, X1 iki il yarım bundan əvvəl həyat yoldaşından 250 manat məbləğində pulu borc adı ilə alaraq, maaşından qaytaracağını bildirmişdir. Lakin həmin puldan cəmi 50 manatını qaytarmışdır. Qalan 200 manat pulu Kərimdən tələb etsə də o, pulu bu günə qədər qaytarmamışdır. Hesab edir ki, Kərimdən borclu olduğu 200 manat pulu tələb etdiyi üçün Kərim tərəfindən bu iş qərəzli şəkildə qurulmuşdur. Həmçinin hesab edir ki, 30 noyabr 2022-ci tarixli 282597 nömrəli qanunsuz tərtib olunmuş aktın ləğv olunması və hesablanmış 502,83 manat cərimədən ona ödətdirilmiş 220 manat məbləğində pulun geri qaytarılması, həmin cərimədən qalan 282,83 manat cərimənin silinməsi üçün əsaslar vardır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov X2 rayonu, Xolqaraqaşlı kəndində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 30 noyabr 2022-ci il tarixdə tərtib olunmuş «Elektrik enerjisindən istifadə qaydalarının pozulması» haqqında 282597 nömrəli aktda pozuntunun qısa məzmunu kimi göstərilmişdir: «EEİQ-na uyğun olaraq Elektrik sayğacına baxış keçirildi (Gecə reydi zamanı) və məlum oldu ki, Abonent uçot kompleksini pozaraq kənar xətdən istifadə edir. Belə ki, kənar xətdən axan yük ampermaşa vasitəsi ilə ölçü aparıldı. 1 A=12,6 A. Tələb: Kənar xətt ləğv edilsin. Uçot kompleksi bərpa olunsun». İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********00378 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, «Elektrik enerjisindən istifadə Qaydaları»na uyğun olaraq aparılmış, hazırda 502,83 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan abonent İddiaçı **********00378 nömrəli «Abonentin kodu»ndan görünür ki, işıqdan istifadə etməklə yaranmış akta görə hesablanmış borc 502,83 manat təşkil edir. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, tərtib edilmiş akt iddiaçı təşkilatın əməkdaşının ona qarşı qərəzli münasibətinin nəticəsidir. O, abonent olaraq elektrik sayğacına müdaxilə etməmiş, heç bir zaman sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməmiş, akt tərtib olunan tarixədək istifadə etdiyi elektrik enerjisinə görə onunla yalnız sayğac göstəriciləri vasitəsilə hesabat aparılmışdır. Elektrik sayğacı küçədə, evinin həyət darvazasından təxminən 20 metr kənarda olan elektrik dirəyində quraşdırılmışdır. Sayğaca nəzarət olunması isə cavabdeh orqanın vəzifələrinə aiddir. Sayğaca baxış keçirilib akt tərtib edilərkən onun və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Sayğaca hər hansı müdaxilə olmuş olsa belə bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Tərtib edilmiş akta əsasən hesablanmış cərimənin bir hissəsini ödəməsini isə aktda qeyd edilənlərlə razı olması ilə deyil, elektrik enerjisinə olan tələbatının zəruriliyi ilə əlaqələndirir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, «Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür». «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən «istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 4.1-ci maddəsinə əsasən «enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyəti ilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir». Həmin qaydaların 7.11-ci maddəsinə əsasən «Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır». «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, «Öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır»» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, «Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz». Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, «Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir», «Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Beləliklə, məhz cavabdeh elektrik sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli 282597 nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-nin İddiaçı yuxarıda göstərilən səbəblərə görə 502,83 manat pul tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Azərişıq» Acıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 30 noyabr 2022-ci tarixli 282597 nömrəli akt ləğv edilsin. Həmin akta əsasən hesablanmış 502 (beş yüz iki) manat 83 (səksən üç) qəpik məbləğində borcun 282 (iki yüz səksən iki) manat 83 (səksən üç) qəpiklik hissəsi silinsin, İddiaçı tərəfindən yuxarıda göstərilən borca (cəriməyə) görə ödənilmiş 220 (iki yüz iyirmi) manat cavabdehdən tutularaq, iddiaçının özünə qaytarılsın. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-132/2023
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-132/2023
13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver