Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1357/2025 25.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X4 və X18 qızının katibliyi, Ərizəçi, Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Yüngül dərəcəli əqli gerilik. Emosional iradi pozğunluqlar» diaqnozu ilə xəstə olan qızı – 07 sentyabr 1978-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, 21 sentyabr 1977-ci ildə X10 ilə nikah bağladığını bildirmişdir. Qeyd edir ki, həmin nikahdan doğulmuş X7 anadangəlmə ruhi xəstədir. Qızı Vüsalə öz hərəkətlərini idarə edə bilmir. Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli, 594 nömrəli arayışa əsasən 07 sentyabr 1978-ci il təvəllüdlü X7 «Yüngül dərəcəli əqli gerilik. Emosional iradi pozğunluqlar» diaqnozu ilə həkim-psixiatrın qeydiyyatındadır və 3-cü qrup əlildir. Psixoloji problemləri olan qızının qayğısına özü qalır. X6 29 iyul 2025-ci ildə vəfat etmişdir. Ərinin vəfatından sonra qızını təkbaşına saxlayır. Şüurlu şəkildə özünü idarə edə bilmədiyi üçün qızının bütün ehtiyaclarını xüsusi həssaslıqla qarşılayır. Qızının özünü anormal aparmasını qohum və qonşular, o cümlədən onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. Qızı əqli qüsurlu olduğu üçün onunla bağlı heç bir hüquqi prosedur həyata keçirə bilmir. Ona görə də qızı X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 işin məhkəmə baxışı zamanı X2 xəstəliyini nəzərə alaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçini və Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. «Nikahın bağlanması haqqında» şəhadətnamə ilə müəyyən olunur ki, X10 ilə X5 21 sentyabr 1977-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə Neftçala rayon VVAQ şöbəsi tərəfindən akt qeydləri kitabında 178 nömrəsi ilə qeyd edilmişdir. «Doğum haqqında» şəhadətnamələrin surətləri ilə müəyyən olunur ki, X10 və Ərizəçi 09 yanvar 1975-ci ildə Neftçala rayonunda doğulmuş X2 valideynləridirlər. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X9 23 iyul 2025-ci ildə Neftçala rayonunda ölmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, xx.xx.1978-ci il təvəllüdlü X7 ümumi xəstəlik səbəbi ilə (diaqnoz: Üçüncü dərəcə əlillik; gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79) üçüncü dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin 04 noyabr 2025-ci il tarixli 3729 nömrəli rəyində qeyd olunur ki, «X3 yüngül kəmağıllıq (kəskin debillik dərəcəsində oliqofrenya) müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 müəyyən edilən yüngül kəmağıllıq (kəskin debillik dərəcəsində oliqofrenya) ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir». Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 07 sentyabr 1978-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X7 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 sentyabr 1978-ci ildə Neftçala rayonunda doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X7 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1357/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1357/2025
25.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver