Məhkəmə qərarları › İş №2(053)-1603/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1603/2025

02.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1603/2025 02.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Neftçala rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Neftçala rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il təvəllüdlü X7 onun oğludur. Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərindən özünün ona qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Övladı anadan gəlmə xəstədir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən əldə etdiyi ambulator kitabçadan çıxarışa əsasən övladına “yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə anamnezində qıcolma tutmaları, keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri” diaqnozu təyin olunmuşdur, xəstəliyi xronikidir. Bundan başqa o, zahirən narahatdır, davranış pozuntuları var, yaddaşı azalıb, intellektual yaşına uyğun deyil. Ətrafa qarşı laqeyddir, kontakta daxil olmur, qıcolmalardan əziyyət çəkir, qulluq və nəzarətə ehtiyacı vardır. Milli Hematologiya Transfuziologiya Mərkəzindən ambulator xəstənin kartından çıarışa əsasən övladına D69-1 Trombositlərin keyfiyyət qüsurları diaqnozu da qoyulmuşdur. Diaqnozun şərhi belədir: tez-tez təkrarlanan hemorraqik sindromla xroniki gediş (dəri örtüklərində qansızmaların əmələ gəlməsi, burun, diş dibi və bağırsaq qanaxmaları) Həmin çıxarışdakı məlumatlara əsasən uşaq anadangəlmə xroniki xəstədir. Serebral iflic xəstəliyindən əziyyət çəkir. Hal-hazırda ümumi vəziyyəti kafidir. Psixi və fiziki inkişafdan geri qalır. Əvvəlki illərdə də övladının orqanizm funksiyalarının pozulması faizi 75% olduğunu, müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Ərizəçi övladının səhhətindəki problemlərin kəskin şəkildə dərinləşməkdə olduğunu, onun əlillik dərəcəsinin dəyişdirilməsinə zərurət olduğu qənaətində olduğunu qeyd edir. Ərizəçi özünün nəzarəti olmadan övladının özünü idarə edə bilmədiyini, qidalana və gəzə bilmədiyini, ümumiyyətlə nəzarətsiz hərəkət edə bilmədiyini qeyd edir. O hərəkətlərinin mahiyyətini, mənasını anlamır, hüquqi nəticələrini dərk etmir, buna görə də hesab edir ki, övladının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməli və ərizəçi özü valideyn olaraq onun qəyyumu təyin olunmasını qeyd edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Neftçala Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş müayinə aktından görünür ki, X4 ağır dərəcəli əqli gerilik aşkarlanmışdır. - X2 görünür ki, X4 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu aşkarlanmışdır. Müəyyən edilmə tarixi kimi xx.xx.2025-ci il qeyd olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 görünür ki, xx.xx.2024-cü il tarixində xəstə X5 göndəriş verilmişdir və əsas xəstəlik kimi diplegik spastik serebral iflic qeyd olunmuşdur. - AZ-İİ seriyalı 035393 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X8, ana qrafasında Ərizəçi göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. - AZ-İ seriyalı 447201 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və Ərizəçi arasında bağlanmış nikah 11 aprel 2023-cü il tarixli qətnaməyə əsasən pozulmuşdur. Nikaha 22 may 2023-cü il tarixində xitam verilmişdir. - AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. - xx.xx.2025-ci il tarixli, 4287 saylı “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü X4 “ağır dərəcəli əqli gerilik” aşkar olunmuş, X7 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 Fərid Rəşid oğlunun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X4 uşaq serebral iflicinin qalıq əlamətləri, imbesillik dərəcəsində oliqofreniya olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar