Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1739/2025 22.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Ərizəçi Maraqlı şəxsnə qarşı “soyadın və adın ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Neftçala rayon Aşağı Qaramanlı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş 08 oktyabr 1997-ci il tarixli 75 nömrəli doğum haqqında akt qeydində göstərilən soyadın, adın və ata adının ona (ərizəçiyə) məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi barədə işlərə baxır (bu maddədə nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri həyata keçirirlər). Göründüyü kimi qeydiyyat şöbələri tərəfindən verilən şəhadətnamələrin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə bağlı icraat qaydasında ümumi məhkəmələrdə baxılmır. Bununla yanaşı, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6.1-ci bəndinə əsasən “Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər”. Eyni Qərarın 2.2-ci bəndində qeyd olunur ki, «Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər». Ərizənin məzmunundan görünür ki, ərizəçinin məhkəməyə müraciət etməkdə əsas məqsədi doğum haqqında şəhadətnaməsində atasının və anasının soyadlarının müvafiq olaraq “Bağırov” və “Bağırova” olduğu halda öz soyadının “Həsənzadə” olması, o cümlədən “Ərizəçi” adının ona məxsus olması faktının müəyyən edilməsinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının məzmunundan da göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, ərizəçi həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi Neftçala Rayon Məhkəməsinə deyil, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir». Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən «Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı “soyadın və adın ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi mövcud vəziyyətdə yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinin tələbinə görə “Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur”. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1739/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1739/2025
22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver