Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-20/2023 23.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi, Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu – 08 fevral 2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, mərhum həyat yoldaşı X6 ilə birgə nikahından doğulmuş və hazırda himayəsində yaşayan övladı 08 fevral 2003-cü il təvəllüdlü X5 anadangəlmə xəstə olduğunu bildirmişdir. Oğlu İsmayıla «Dərin kəmağıllıq» diaqnozu qoyulmuşdur. Ruhi-psixoloji problemləri olan oğlunun qayğısını özü çəkir və bütün ehtiyaclarını qarşılayır. Qeyd edir ki, oğlu ondan başqa şəxslə qala bilməz. İsmayıl özünü xəstəliyinə uyğun şəkildə aparır. Onun anlaqsız hərəkətlərini yalnız özü tənzimləyə bilir. Oğlu İsmayılın xəstə olmasını, bu səbəbdən də özünü anormal aparmasını qonşular, onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. Hazırda 19 yaşı tamam olan İsmayıl bu günə qədər rəsmi şəkildə fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdir. Qeyd edilən səbəbdən də onunla bağlı heç bir hüquqi prosedurlar həyata keçirilə bilmir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 İsmayıl Faiq oğlunun xəstəliyini nəzərə alaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçini və Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. “Şəxsiyyət vəsiqəsi”nin və «Doğum haqqında» şəhadətnamənin surətləri ilə müəyyən olunur ki, X9 08 fevral 2003-cü ildə Neftçala şəhərində doğulub. Atası Ərizəçi, anası X3r. TƏBİB «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş arayışla müəyyən olunur ki, 2003-cü il təvəllüdlü X9 hal-hazırda «Dərin kəmağıllıq» diaqnozu ilə xəstədir və Neftçala RMX-da həkim-nevropatoloqun dispanser qeydiyyatındadır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 dekabr 2022-ci il tarixli 3410 nömrəli rəyində qeyd olunur ki, X9 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktik hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 08 fevral 2003-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X9 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 fevral 2003-cü ildə Neftçala şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X9 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamənin surəti qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-20/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-20/2023
23.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver