Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-279/2023 22.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, ərizəçi Hüseynova (Eyvazova) Elmira Məhərrəməli qızının, Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə ərizəçi Hüseynova (Eyvazova) Elmira Məhərrəməli qızının «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüseynova (Eyvazova) Elmira Məhərrəməli qızı ərizə ilə məhkəməyə müraciət edərək 27 iyul 2004-cü il təvəllüdlü qızı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Hüseynova (Eyvazova) Elmira Məhərrəməli qızı işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, keçmiş əri X7 ilə olan nikahından 27 iyul 2004-cü il təvəllüdlü X9 və 12 dekabr 2005-ci il təvəllüdlü X10 adlı uşaqlarının doğulduğunu bildirmişdir. Nikahları məhkəmə qaydasında pozulmuş və boşanmadan sonra hər iki uşağı onunla qalmışdır. Qeyd edir ki, keçmiş ərinin psixi xəstəliyi olduğu üçün övladlarının sağlamlığında da müəyyən qüsurlar özünü büruzə vermişdir. Hal-hazırda qızı Minarə yetkinlik yaşına çatmışdır. Psixi durumunda çatışmazlıqlar olduğundan Minarə daimi olaraq onun nəzarətindədir. Həmçinin Minarə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında psixi xəstə kimi qeydiyyatdadır. Uşaqları ilə birlikdə artıq 17 ildir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi «X15» adlanan ərazidə kirayədə yaşayır. Qeyd etdiyi kimi, Minarəyə özü qulluq edir və onun artıq 19 yaşı var, lakin fəaliyyət qabiliyyəti yoxdur. Bu səbəbdən Minarənin iştirakı ilə aparılmalı olan müvafiq sənədləşmə işlərində onun iştirakı zəruridir. Ona görə də qızı X3 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs nümayəndəsi X1 Minarə Müşfiq qızının xəstəliyini nəzərə alaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçini və Maraqlı şəxs nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, X7 və Ərizəçi nikahı Neftçala Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Hüseynova soyadı verilmişdir. «Doğum haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Hüseynova (Eyvazova) Elmira Məhərrəməli qızı 27 iyul 2004-cü ildə Neftçala rayonu, Kürqarabucaq kəndində doğulmuş X3 anasıdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi» X16 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının 23 noyabr 2022ci il tarixli 560 nömrəli arayışından görünür ki, 27 aprel 2004-cü il təvəllüdlü X9 Bakı şəhəri, Xəzər rayonu 29 №-li BŞX-nın RX kabinetində «orta dərəcəli əqli gerilik, qıcolma sindromu» diaqnozu ilə müşahidədədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının 12 sentyabr 2022-ci il tarixli 8NSTM620006 nömrəli qərarından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Neftçala rayonu, Aşağı Qaramanlı kənd sakini X9 xx.xx.2022-ci TSEK tərəfindən müayinə olunmuş, müayinənin nəticəsi olaraq o, əmək qabiliyyətsiz hesab edilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilmişdir. Həmin qərarda əlilliyin meyarı kimi 7.2.2. Psixi və davranış pozuntuları, əqli gerilik, orta dərəcəli əqli gerilik, orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılara adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaranması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması göstərilmişdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 24 may 2023-cü il tarixli 1440 saylı rəyində qeyd olunur ki, 27 iyul 2004-cü il təvəllüdlü X4 orta dərəcəli əqli gerilik davranış pozuntuları aşkar olunur. X3 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 27 iyul 2004-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X9 üzərində qəyyumluq təyin edilməsi üçün Maraqlı şəxsnə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 iyul 2004-cü ildə Neftçala rayonu, Kürqarabucaq kəndində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X9 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Maraqlı şəxsnə göndərilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-279/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-279/2023
22.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver