Məhkəmə qərarları › İş №2(053)-312/2023

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-312/2023

18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-312/2023 18.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (oğlu), Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «istehlakçı hüquqlarının müdafiəsi – təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunan, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında müəyyən edilən dəymiş zərərlə əlaqədar cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, Neftçala rayonu, 1-ci Qaralı kəndində qeydiyyatda olsa da, faktik olaraq Neftçala rayonunun Kürqarabucaq kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evinin təbii qazla təminatının təmin edilməsi üçün nəzərdə tutulmuş «G-4» markalı, **********1 nömrəli qaz sayğacı aidiyyəti qurumun əməkdaşları tərəfindən küçədə, hasara bərkidilməklə quraşdırılmışdır. Həmin sayğacdan bir müddət əvvəl davamlı olaraq narahatedici səslər gəlmiş və bununla əlaqədar Cavabdeh İB-nin Salyan RQİİ-nin Neftçala xidmət sahəsinin əməkdaşlarına məlumat vermişdir. Bundan sonra Cavabdeh İB-nin Metrologiya Departamentinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək xətaların normadan artıq olması səbəbindən sayğacın istismara yararsızlığı müəyyən edilmişdir. Həmçinin təbii qazın uçotu və ondan istifadə qaydalarının yoxlanılması nəticəsində sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, keçən qazın həcminin qeyd oluna bilməməsi aşkar edilərək dəymiş ziyanın bərpası 30 iyun 2022-ci il tarixli, ******* nömrəli akt əsas götürülməklə ziyanın bərpasına dair tələbnamə ilə onun üzərinə qoyulmuşdur. Aşkar edilmiş nöqsanla bağlı özünü təqsirli hesab etməmiş və bu səbəbdən tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. Hesab edir ki, Cavabdeh İB-nin Salyan RQİİ tərəfindən tərtib edilmiş ******* nömrəli akt ləğv edilməli və hesablanmış zərər məbləği ilə bağlı cərimə silinməlidir. Qeyd edir ki, hazırkı mübahisə ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsinin hüquqi fakt olaraq əsası müqavilə öhdəliklərinin icra edilməməsi və mülki hüquq pozuntuları, deliktlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdeh tərəfindən ondan tələb edilən zərər məbləğinin hüquqi əsası qismində aralarında bağlanmış 02 fevral 2015-ci il tarixli, 108 nömrəli ümumi müqavilənin 2.2.5-ci bəndi çıxış edir. Həmin bəndə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzini istehlakçıdan tələb etmək qaz paylayıcısının hüququ olaraq müəyyən edilmişdir. Müqavilənin sözügedən bəndindən də göründüyü kimi, qaz sayğacında aşkarlanan nöqsanla əlaqədar cavabdehin bu barədə bilavasitə öhdəliyinin olmamasına baxmayaraq onu təqsirli hesab etməsi və bu halın müqavilənin 2.2.5-ci bəndinə zidd olmasını bildirməsi qanuni əsaslı deyildir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 400.1-ci maddəsinə əsasən bazarda üstün mövqe tutan tərəfin kontragentə qeyri-bərabər şərtlərlə yanaşmasıdır. «Təbii qazdan istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qanunvericilikdə imperativ müəyyən edilən tələblər tərəflərin mülahizəsincə, müqavilədə fərqli hüquqi rejimdə nəzərdə tutula bilməz. Bildirir ki, qaz sayğacı yaşadıqları evin çölündə, daş hasara bərkidilmiş vəziyyətdədir. Sayğacın işləkliyi üçün davamlı olaraq ona gecə-gündüz nəzarət etməsi qeyri-mümkündür. Bundan əlavə sayğacdakı nasazlıqla əlaqədar qaz paylayıcısına məlumat bilavasitə özü tərəfindən «Təbii qazdan istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.2.7-ci bəndinə uyğun olaraq verilmişdir. Həmçinin qeyd edir ki, yaşadığı evin qaz sayğacının işləkliyi ilə bağlı cavabdehlik qanunvericiliyin tələbinə görə qaz paylayıcısının üzərinə düşür. Cavabdehlik daşımadığı risk qrupuna dair təqsirliliyi isə heç nə ilə təsdiqlənmir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəndəsi Nümayəndə da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, İddiaçı bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hazırda Cavabdeh Salyan X3 İdarəsinin Qəza-Dispetçer Xidməti Neftçala Xidmət Sahəsində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işləyir. Əvvəllər isə Cavabdeh İB Salyan RQİİ-nin Neftçala Xidmət Sahəsində nəzarətçi-çilingər vəzifəsində işləyib. İddiaçının yaşadığı ünvan da həmin dövrdə işlədiyi əraziyə aid olmuşdur. İddiaçının oğlu ona zəng edərək evlərindəki qaz sayğacından fərqli səs gəlməsi barədə məlumat vermiş, o da həmin ünvana gələrək sayğacdan həqiqətən də nasazlıq səbəbindən səs gəldiyinin şahidi olmuşdur. Bununla bağlı idarənin sayğac şöbəsinə məlumat vermiş və həmin şöbənin əməkdaşları gəlib sayğacı yenisi ilə əvəz edərək köhnə sayğacı Cavabdeh İB-nin Bakı şəhərində yerləşən Metrologiya Departamentinin laboratoriyasına göndərmişlər. Həmin laboratoriyanın verdiyi rəyə əsasən sayğaca müdaxilə olunması müəyyən olunmuşdur. Şahid qeyd edir ki, sayğaca baxarkən onun zavod plombu üzərində olmuş, ona müdaxilə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Sayğacda yaranmış nasazlığın hansı şəraitdə baş verməsi isə ona məlum deyil. Məhkəmə iddiaçını, onun nümayəndəsini və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Axundova X1 rayonu, 1-ci Qaralı kəndində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 02 fevral 2015-cü il tarixli 108 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə» müqavilədən görünür ki, Cavabdeh İB-nin Salyan RQİİ ilə İddiaçı arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 16 fevral 2022-ci il tarixli «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı aktın surətindən görünür ki, İddiaçı fərdi evində quraşdırılmış «Zenner G4T» markalı, **********1 nömrəli sayğac hesab mexanizminin ilişməsi ilə əlaqədar dəyişdirilərək «Zenner G4T» markalı, **********1 nömrəli yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 30 iyun 2022-ci il tarixdə tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında ******* nömrəli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, «ARDNŞ-nin Cavabdeh İB-nin qaz sayğaclarının yoxlanması barədə 30 iyun 2022-ci il tarixli AKT № MSK – 29/1710-01521-1 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılmış G-4 markalı **********1 nömrəli qaz sayğacına baxış keçirildi. Sayğacın hesablama qapağının alt hissəsi deşici alətlə deşilib. Qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeydə almır. Sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, hesablanmış ziyan tam ödənilməlidir». İş materiallarına əlavə edilmiş «dəymiş ziyanın bərpasına dair» 01 iyul 2022-ci il tarixli tələbnamədə qeyd olunmuşdur: «Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasının 30 iyun 2022-ci il tarixli MSK 29/1710-01521-1 nömrəli rəyinə əsasən G-4 markalı **********1 nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin. İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4 x 24 x 90 = 8540 m3, cəmi 8640 m3. Dəymiş ziyan hesablansın sayğacın dəyəri ödənilsin». İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Salyan RQİİ ilə İddiaçı arasında bağlanmış 02 fevral 2015-cü il tarixli 108 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə» müqavilənin 2.3.4-cü bəndinə görə istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmiş, əksinə sayğacın səsli işləməsi səbəbindən onda nasazlığın yarandığını ehtimal edərək bu barədə Cavabdeh İB-nin Salyan RQİİ-nin Neftçala xidmət sahəsinin əməkdaşlarına məlumat vermişdir. Sayğac küçədə, açıq sahədə evin həyət hasarına quraşdırılmışdır. Sayğac daim tam saz vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, «Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür». «İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, «Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz». Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, «Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir», «Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 30 iyun 2022-ci il tarixli ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent №**********00030, Neftçala rayonu, Kürqarabucaq kəndi) barədə Cavabdeh tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2022-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında müəyyən edilən dəymiş zərər məbləği (cərimə) silinsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar