Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-320/2023 04.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 1.255,27 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılmış və 13 dekabr 2022-ci il tarixli qiyabi qətnamə ilə iddia təmin edilərək, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1.255 (min iki yüz əlli beş) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borcun silinməsi qət olunmuşdur. Cavabdeh "xxxx" ASC həmin qiyabi qətnamənin ləğvinə dair ərizə vermişdir. Neftçala Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin ərizəsi təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı **********00604 abonent kodu ilə X1 edir. 12 oktyabr 2022-ci ildə "xxxx" ASC-nin Şirvan RETSİ-nin əməkdaşları tərəfindən məlumatı olmadan, iki hal şahidinin iştirakı təmin edilmədən əsassız 267025 saylı akt yazılmış və buna görə də 1.255,27 manat cərimə borcu yaranmışdır. Aktda qeyd olunmuşdur ki, «kənar xətt aşkar edilmiş, bu barədə akt tərtib edilir». Həmin akt tərtib edilərkən onun iştirakı təmin edilməyib və ona rəsmi məlumat verilməyib. Əslində sayğaca cavabdeh tərəfindən nəzarət olunur və açıq sahədə sayğac quraşdırılmışdır. Hər on beş gündən bir nəzarətçi sayğaca baxış keçirǝrǝk bildiriş təqdim edir və tərəfindən mütəmadi olaraq ödənişlər edilir. Gələn bildirişlər əsasında da istifadə edilən elektrik enerjisinin dəyərini ödəyir. Aktda göstərilənlər tamamilə əsassızdır. Heç vaxt elektrik enerjisi istifadəsinə görə borcu olmayıb. İstifadə edilən enerjinin pulunu daim vaxtında ödəyib, amma sayğaca heç vaxt tərəfindən heç bir müdaxilə olunmayıb. Sayğac daim tam saz vəziyyətdə olmuşdur. Sayğaca baxış keçirilib akt tərtib edilərkən nə abonentin, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olmuş olsa belə bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Hesab edir ki, X1 qaydalarının pozulması haqqında tərtib edilmiş 12 oktyabr 2022-ci il tarixli 267025 nömrəli akt əsassızdır, həmin akt əsasında hesablanmış 1.255,27 manat məbləğ əsassız hesablanmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və sonuncunun nümayəndəsi məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti də məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, məktub göndərərək üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin nümayəndə məktubunda qeyd etmişdir ki, İddiaçı abonent olaraq X2 **********00604 nömrəli kod üzrə qeydiyyatdadır. 12 oktyabr 2022-ci ildə X3 nümayəndələri tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində sayğacdan kənar xətt vasitəsilə X1 edildiyi aşkar olunmuşdur. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədilə sözügedən akt tərtib olunmuş və 1.255,27 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Bu zaman müvafiq videoçəkiliş aparılmış, həmin abonentin həqiqətən də elektrik xəttini sayğacdan ayırdığı və kənar xətt vasitəsi ilə X1 etməsi faktı öz təsdiqini tapmışdır. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və akt üzrə hesablanmış məbləğ abonent tərəfindən ödənilməlidir. Məhkəmə işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün sayıb. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsgərova X4 rayonu, Xolqarabucaq kəndində daimi qeydiyyatdadır. 12 oktyabr 2022-ci il tarixli «X1 qaydalarının pozulması» haqqında 267025 nömrəli aktda aşağıdakılar göstərilir: «EEİQ-na uyğun olaraq baxış keçirilən zaman məlum oldu ki, abonent «sayğacın giriş faza xəttinə müdaxilə edərək sayğacı dövrədən kənarlaşdıraraq kənar xətt vasitəsilə X1 edir. Xəttin en kəsiyi 2x10 mm2 təşkil edir. Tələb: Kənar xətt ləğv edilsin, sxem bərpa olunsun». X5, Axundov Akif və Əhədov Hakim adlı şəxslər tərəfindən imzalanıb. Həmin aktın tərtibi, o cümlədən sayğaca baxış keçirilməsi ilə əlaqədar iddiaçının dəvət olunması, ona aktı imzalaması təklif edildiyi, sonuncunun aktı imzalaması və ya imzalamaqdan imtina etməsi, habelə s. bu kimi hallar aktın məzmunundan görünmür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********00604 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqindən görünür ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla 1.255,27 manat məbləğində borc yaranmışdır. Cavabdeh məhkəməyə müvafiq sayğaca baxış keçirilməsinin videoyazısını təqdim edib. Həmin videoyazıdan görünür ki, sayğaca baxış günün qaranlıq vaxtı və yalnız bir şəxs tərəfindən keçirilib. Abonentin, habelə aktı imzalamış digər iki şəxsin baxışda iştirakı və ya iştirak etməsi üçün dəvət olunması videoyazıdan görünmür. Əksinə videoçəkilişi aparan şəxs sanki kənar şəxslərin diqqətini cəlb etməkdən çəkinərək pıçıltı ilə danışır və iddiaçının sayğaca müdaxilə etməklə kənar xətdən istifadə etdiyini bildirir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən «Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür». «İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən «istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 7.11-ci bəndinə əsasən “Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır”. İşin faktik hallarından görünür ki, müvafiq sayğac enerjitəchizatı müəssisəsi tərəfindən iddiaçıya aid yaşayış evinin hasarının xarici tərəfində quraşdırılıb. Yuxarıda istinad edilən qaydaların 8.17 və 8.17-1-ci bəndlərinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır”, “İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır”. Eyni Qaydaların 8.17-2-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur”. Beləliklə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının məzmunundan görünür ki, müvafiq hallarda enerji təchizatı müəssisəsinin nümayəndəsi aktı istehlakçının (abonentin) iştirakı ilə tərtib etməli və tərtib etdiyi aktın bir nüsxəsini istehlakçının özünə təqdim etməlidir. Yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması isə istehlakçının aktı imzalamaqdan imtina etdiyi halda və bu barədə aktda müvafiq qeyd aparılmaqla həyata keçirilir. İş üzrə toplanmış sübutlardan isə görünür ki, sayğaca baxış yalnız bir şəxs tərəfindən və günün qaranlıq vaxtı keçirilmiş, bu zaman iddiaçı (abonent) dəvət olunmamış, ona aktı imzalaması təklif edilməmişdir. Aktı imzalamış digər iki şəxs də baxış keçirilməsində iştirak etməyib. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, işıq sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi halı cavabdeh tərəfindən sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh həmin halı sübuta yetirməyib. Belə ki, sayğaca baxış keçirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın tələbləri pozulmuş, yəni aktı üç nəfər imzaladığına baxmayaraq, baxış cəmi bir nəfər tərəfindən keçirilmiş, iddiaçı baxış keçirilməsində iştirak etməsi üçün ümumiyyətlə dəvət olunmamış, bununla da onun öz etirazını bildirmək hüququ pozulmuşdur. Göstərilənləri və işin digər faktik hallarını, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırılmış sayğaclara görə müvafiq hallar üzrə enerjitəchizatı müəssisəsinin özünün cavabdehlik daşıdığını nəzərə alaraq məhkəmə hesab edir ki, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi halı sübuta yetirilmiş sayıla bilməz. Beləliklə, cavabdehin iddiaçıya hesabladığı 1.255,27 manat miqdarında pul borcu əsassızdır. Ona görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent №**********00604, Neftçala rayonu, Xolqarabucaq İƏN-nin Dördlər kəndi) cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1.255 (min iki yüz əlli beş) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borc silinsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-320/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-320/2023
04.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver