Məhkəmə qərarları › İş №2(053)-320/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-320/2024

27.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-320/2024 27.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30 noyabr 2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 800 manat cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən tərtib olunan, təbii qazdan istifadə qaydalarının pozulması barədə 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 800 (səkkiz yüz) manat həcmində zərər məbləği ilə bağlı cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29 noyabr 2023-cü il tarixdə “Azəriqaz” İB-nin X3 İstismarı İdarəsinin Neftçala rayon xidmət sahəsinin əməkdaşları tərəfindən qaz istehlakı ilə əlaqədar hər hansısa şikayəti olmadan, öz təşəbbüsləri ilə Neftçala rayonunun Kürqarabucaq kəndində yerləşən yaşadığı fərdi yaşayış evində, küçədə daş hasara bərkidilmiş G-4 markalı, **********1 nömrəli qaz sayğacına baxış keçirilmiş, “Azəriqaz” İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-12349/Q002 nömrəli aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi ilə bağlı istismara yararsızlığı müəyyən edilmişdir. Təbii qazın uçotu və ondan istifadə qaydalarının yoxlanması nəticəsində aşkarlanan halla (sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi) bağlı dəymiş ziyanın bərpası xx.xx.2023-cü il tarixli, ******* nömrəli “AKT” əsas götürülməklə dəymiş ziyanın bərpasına dair tələbnamə ilə üzərinə qoyulmuşdur. Aşkarlanmış nöqsanla əlaqədar təqsirini qəbul etməmiş və imtina barədə qeyd aktda göstərilmişdir. Ərizəsində qeyd etdiyi əsaslarla hesab edir ki, “Azəriqaz” İB-nin Salyan RQİİ tərəfindən tərtib edilmiş ******* nömrəli akt ləğv edilməli və hesablanmış 800 (səkkiz yüz) manat hacmində zərər məbləği ilə bağlı cərimə silinməlidir. Hazırkı mübahisə ilə əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsinin hüquqi fakt olaraq əsası müqavilə öhdəliklərinin icra edilməməsi və mülki hüquq pozuntuları, deliktlərdir. “Təbii qazdan istifadə” Qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.8ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı daşıyır. Qanunvericilikdə imperativ müəyyən edilən tələblər tərəflərin mülahizəsincə, müqavilədə fərqli hüquqi rejimdə nəzərdə tutula bilməz. Yuxarıda göstərilən norma ilə əlaqədar bildirir ki, qaz sayğacı yaşadığı evin çölündə, daş hasara bərkidilmiş vəziyyətdədir. Sayğacın işləkliyi üçün davamlı olaraq gecə-gündüz çöldə qarovul çəkməkdən absurd ikinci bir şey yoxdur. Qaz sayğacının işləkliyi ilə bağlı cavabdehlik qanunvericiliyin tələbincə qaz paylayıcısının üzərinə düşür. Cavabdehlik daşımadığı risk qrupuna dair təqsirliliyi isə heç nə ilə təsdiqlənmir. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yarandığını, ərizənin xahiş edirəm hissəsində 800 manat məbləğinin dəyişdirilərək 777,60 manat kimi qəbul edilərək oxunmasını xahiş etməklə yanaşı xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında işləri ilə bağlı iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyi öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər”. Məhkəmə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsininin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyini, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir: İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov X2 rayonu, Kür Qarabucaq kəndində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 07 noyabr 2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı fərdi yaşayış evində quraşdırılmış “Zenner” tipli, “G-4” markalı, **********1 nömrəli sayğac əvəzetmə üçün çıxarılmış və “Honeyoll” tipli, “G-4” markalı, 13724041 nömrəli yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 30 noyabr 2023-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın və “Qaz sayğacının dövlət yoxlanılmasıdan keçirilməsi” barədə 30 noyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, ARDNŞ-nin “Azəriqaz” İB-nin qaz sayğaclarının yoxlanması barədə 30 noyabr 2023-cü il tarixli, AKT № MSK – 14-2-2/3-5- 12349/Q002 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılmış “G-4” markalı, ********** nömrəli qaz sayğacına baxış keçirilmişdir. Qeyd olunur ki, sayğacın hesablama mexanizminin plasmast qapağın alt hissəsinin deşici alətlə deşildiyi aşkarıanmışdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalıdır”. İş materiallarına əlavə olunmuş 13 yanvar 2015-ci il tarixli, 96 saylı müqavilədən görünür ki, “Azəriqaz” İB-nin Salyan RQİİ ilə Neftçala rayonu, Kür Qarabucaq kənd sakini İddiaçı arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6x12x90=6480 m3 cəmi: 6480 m3. Dəymiş ziyan hesablansın sayğacın dəyəri ödənilsin. 15 mart 2024-cü il tarixli abonentin saldosundan görünür ki, abonent (**********00350) İddiaçı 2023-cü il üzrə qalıq borcu 777,60 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə hazırlıq iclası zamanı bildirir ki, qaz sayğacına onun tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “Azəriqaz” İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent № **********00350, Neftçala rayonu, Kür Qarabucaq kəndi) barədə cavabdeh “Azəriqaz” X1 RQİİ tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında hesablanmış dəymiş zərər məbləği 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar