Məhkəmə qərarları › İş №2(053)-335/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-335/2024

29.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-335/2024 29.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 1.555,20 manat məbləğində cərimənin silinməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio-video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunan, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 1.555,20 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evində tək yaşayır. O, əmək veteranıdır, 86 yaşı var. 21 fevral 2023-cü ildə “Azəriqaz” RQİ ilə aralarında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Hər ay işlətdiyi qaz sərfiyyatının ödənişlərini nəzarətçilər tərəfindən verilən bildirişlərə əsasən ödəmiş və heç bir zaman borcu olmamışdır. 2022-ci ilin aprel ayında Neftçala Qaz İdarəsinə zəng edərək bildirib ki, evinə qaz gəlmir. Qaz İdarəsindən İlkin adında nümayəndə gəlib qaz sayğacını yoxlamış, qaz gəlmədiyindən köhnə qaz sayqacını yenisi ilə əvəz etmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19 aprel 2022-ci tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Neftçala Qaz İdarəsinin nümayəndəsi əvvəlki qaz sayqacını çantasına qoyaraq özü ilə aparıb. Yeni qaz sayqacı quraşdırıldıqdan təxminən 11 ay sonra Qaz İdarəsinin üç nəfər işçisi ona akt təqdim etmişlər. Onlara bu sənədin nə olduğunu deyəndə, ona bildirilib ki, əvvəlki sayğacda problemlər aşkar edilib, buna görə cərimə hesablanmışdır. Qaz İdarəsinin işçiləri tərəfindən tərtib olunmuş 21 fevral 2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktda qeyd edilir ki, aşkar edilmiş nöqsan Azəriqaz İB-nin Melorasiya Departamentinin sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli, MSK–14-2/3-5-83-1 nömrəli rəyinə əsasən G-4 markalı, **********1 nömrəli sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayqac hesablama mexanizminin iş prinsipinə mane törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. Bildirir ki, G-4 markalı, **********1 nömrəli sayğac evin darvazasının küçə tərəfinə bərkidilib. Küçə ensizdir, iritutumlu maşınlar çox çətinliklə keçə bilir. Məktəbdən gələn uşaqlar da daş, taxta parcası atanı olur. Belə hallara dəfələrlə şahid olmuşdur. Onun 86 yaşı var və sayğaca heç vaxt yaxınlaşmamışdır. Sayğaca müdaxilə etmək bu yaşında ona yaraşmaz. Salyan rayon RQİİ-nin işçiləri əsassız olaraq akt tərtib edərək onu 1.555,20 manat cərimə etmişlər. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyi öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər”. Məhkəmə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsininin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir: İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nazarov X1 rayonu, Bankə qəsəbəsi, ev 334 ünvanında daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 19 aprel 2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı fərdi yaşayış evində quraşdırılmış “Zenner” tipli, “G-4” markalı, **********1 nömrəli sayğac əvəzetmə üçün çıxarılmış və “Zenner” tipli, “G-4”markalı, **********0 nömrəli yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 21 fevral 2023-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın və “Qaz sayğaclarının yoxlanması” barədə 17 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, ARDNŞ-nin “Azəriqaz” İB-nin qaz sayğaclarının yoxlanması barədə 17 fevral 2023-cü il tarixli, AKT № MSK–14-2-2/3-5-83-1 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılmış “G-4” markalı, **********1 nömrəli qaz sayğacına baxış keçirilmişdir. Qeyd olunur ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacın hesablama mexanizminin iş prinsipinə mane törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, hesablanacaq dəymiş ziyan ödənilməlidir”. İş materiallarına əlavə olunmuş XS-19-01050/23 saylı müqavilədən görünür ki, “Azəriqaz” İB-nin Salyan RQİİ-nın rəisi müavini M.Gözəlovun şəxsində Neftçala rayonu, Bankə qəsəbəsi sakini İddiaçı arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6x24x90=12960 m3 cəmi: 12960 m3. Dəymiş ziyan hesablansın, sayğacın dəyəri ödənilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 21 fevral 2023-cü il tarixli, ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “Azəriqaz” İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent № **********00, Neftçala rayonu, Bankə qəsəbəsi) barədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 fevral 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında hesablanmış dəymiş zərər məbləği 1.555,20 manat (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar