Məhkəmə qərarları › İş №2(053)-339/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-339/2023

05.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-339/2023 05.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “07 fevral 2023-cü il tarixli aktın ləğv olunması və həmin akta əsasən hesablanmış 706,72 manat cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 07 fevral 2023-cü il tarixli, AKT NDM seriyalı, 031171 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 706,72 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, Neftçala rayonu, Beşdəli kəndində mərhum atası X3 məxsus olmuş evdə ailəsi ilə birlikdə yaşayır. 01 mart 2023-cü il tarixdə "xxxx" ASC ilə aralarında evin enerji sərfiyyatı ilə bağlı müqavilə bağlanılmışdır. Hər ay işlətdiyi enerji sərfiyyatının ödənişlərini nəzarətçilər tərəfindən verilən bildirişlərə əsasən ödəmişdir. Sayğac küçə hasarına bərkidilmiş və kart sistemi ilə enerji sərfiyyatından istifadə edirlər. Təxminən 05 yanvar 2023-cü il tarixdə əvvəlki sayğacı yeni sayğacla əvəzlənib. Yeni sayğaca kartla enerji vurulmuşdur. İkinci dəfə kartda pul olduğu halda sayğac kartı qəbul etməmişdir. O, rayon elektirik satışı şöbəsinin rəisi Nurlan müəllimə müraciət etmişdir. Müraciəti əsasında 01 fevral 2023-cü il tarixdə Bahadir adlı əməkdaş gəlib sayğaca daxil olan xəttləri kəsərək kənar xəttə birləşdirmiş, sayğacın şəkilin çəkərək harasa göndərmişdir. Sonra bildirmişdir ki, yeni sayğac quraşdırılana qədər enerji sərfiyyatından istifadə edin. Təxminən 3-4 gündən sonra Bakı şəhərində yerləşən "xxxx" ASC-dən gələn nümayəndələr tərəfindən sayğacdan kənar xətt birləşdirildiyinə görə ona 706,72 manat cərimə yazmışlar. Yeni sayğac isə 2023-cü il fevral ayının 15-də quraşdırılmşdır. "Azərişıq” ASC-nin 07 fevral 2023-ci il tarixli, NBM 031171- nömrəli aktında qeyd edilmişdir ki, sayğaca giriş xətləri yerindən çıxarılaraq kənar xəttlə birldirilməsi aşkarlandı. Sayğacdan kənar xəttin birləşdirilməsi onun günahı deyil. Bu hərəkət "xxxx" ASC-nin əməkdaşı tərəfindən edilmişdir. Ona görə də akt etibarsız hesab edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov X2 rayonu, Beşdəli kəndində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 080851 saylı vəsiqəin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 19 aprel 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 07 fevral 2023-ci il tarixdə tərtib olunmuş “Elektrik enerjisindən istifadə qaydalarına riayyət olunması” haqqında 031171 nömrəli aktın surətindən görünür ki, EEİQ-nin tələblərinə əsasən baxış keçirilən zaman məlum olmuşdur ki, yuxarıda göstərilən abonent “sayğacın giriş xətlərinin yerindən çıxarılaraq sayğacın sxemdən kənarlaşdırıldığı aşkarlandı. Abonentin evi sayğacsız enerji ilə qidalandırılır. Baxış zamanı video çəkiliş aparıldı. Ampermasa vasitəsilə ölçü aparıldı. Axan yük: 8,5A, Kabelin en kəsiyi:2x10mm, 50x0,22=11 kvt saat, Faktiki yük: 11kvt saat təşkil edir. Tələb: Sayğac sxemi bərpa olunub möhürlənsin”. İş materiallarına əlavə olunmuş 548701 saylı müqavilədən görünür ki, "xxxx" ASCnin Neftçala EŞ-nın səbəkə rəisi A.Babayev şəxsində Neftçala rayonu, Beşdəli kənd sakini İddiaçı (nümayəndəsi) məişət abonenti ilə tərəflər arasında elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********00117 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, hazırda 706,72 manat məbləğində borc yaranmışdır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, o, elektrik sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca cavabdeh tərəfindən nəzarət olunur və açıq sahədə sayğac quraşdırılmış, təxminən 05 yanvar 2023-cü il tarixdə sayğac yenisi ilə əvəzlənmiş, yeni sayğaca kartla enerji vurulmuş, ikinci dəfə isə kartda məbləğ olduğu halda sayğac kartı qəbul etməmiş və bununla bağı iddiaçı tərəfindən Neftçala elektrik satışı şöbəsinə müraciət olunmuş, müraciəti əsasında 01 fevral 2023-cü il tarixdə Bahadir adlı əməkdaş gəlib sayğaca daxil olan xətləri kəsərək kənar xəttə birləşdirmiş, sayğacın şəklini çəkərək “yenisi quraşdırılana qədər enerji sərfiyyatından istifadə edin” demişdir. Bundan üç-dörd gün sonra "xxxx" ASC-dən gələn nümayəndələr tərəfindən sayğacdan kənar birləşdirməyə görə ona 706,72 manat cərimə yazılmışdır. Sayğaca hər hansı müdaxilə olmuş olsa belə bu cavabdehin əməkdaşları tərəfindən törədilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən “enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyəti ilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir”. Həmin qaydaların 7.11-ci maddəsinə əsasən “Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır”. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, “Öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh elektrik sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 07 fevral 2023-ci il tarixli, NDM seriyalı, 031171 nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Lakin yaxarda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-nin İddiaçı yuxarıda göstərilən səbəblərə görə 706,72 manat pul tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Azərişıq» Acıq Səhmdar Cəmiyyəti tərəfindən mərhum X1 adına tərtib edilmiş 07 fevral 2023-cü il tarixli, NDM seriyalı, 031171 nömrəli akt ləğv edilsin. Həmin akta əsasən 01 mart 2023-cü il tarixli müqavilə üzrə İddiaçı (abonent №**********00117, Neftçala rayonu, Beştalı kəndi) itirilmiş elektrik enerjisinə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 706 (yeddi yüz altı) manat 72 (yetmiş iki) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar