Məhkəmə qərarları › İş №2(053)-348/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-348/2024

08.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-348/2024 08.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Neftçala rayon Dövlət Notariat ofisi cəlb olunmaqla «Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın vərəsələr arasında bölünməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri X2 və X1 miras qalmış Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən 0.21 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış və digər tikililərin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakın vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində “iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb” göstərilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. Belə ki, iddia ərizəsində Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində nəzərdə tutulan hallardan, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı tam və düzgün qeyd olunmamış, payı müəyyən olunacaq torpaq sahəsinin hüquqmüəyyənedici sənədi ərizəyə əlavə olunmamış və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın vərəsələr arasında bölünməsi ilə bağlı üçüncü şəxs kimi işə cəlb edilmiş Neftçala rayon Notariat ofisinə iddiaçı tərəfindən müraciət edilməmişdir. Bununla yanaşı iddia ərizəsi iş üzrə tərəflərin sayına uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən “İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən “iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır”. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur”. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Neftçala rayon Dövlət Notariat ofisi cəlb olunmaqla «Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın vərəsələr arasında bölünməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar