Məhkəmə qərarları › İş №2(053)-392/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-392/2025

18.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-392/2025 18.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30 dekabr 2022-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” X4 QİS-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB X9 İdarəsi tərəfindən tərtib olunan, təbii qazdan istifadə qaydalarının pozulması barədə 30 dekabr 2022-ci il tarixli, ******* № aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1036,80 manat həcmində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı bildirmişdır ki, o, Neftçala rayonu, Bankǝ qəsəbəsi, M.P.Vaqif küşəsində yaşayır. Həyat yoldaşı X2 xx.xx.2023-cü ildə vəfat etmişdir. Cavabdeh ilə həyat yoldaşı X2 arasında yaşadığı evin qaz sərfiyyatı ilə bağlı 15 fevral 2022-ci il tarixli, DS-19 00893/2023 müqavilə bağlanmışdır. Bu müddət ərzində nəzarətçilər tərəfindən verilən bildiriş xəbərdarlıqlarda daimi abunəçi olaraq qaz sayğacı vasitəsilə ödənişlər aparılmışdır. Qaz sayğacı həyətdən kənarda, daşdan hörülmüş hasara bərkidilmiş vəziyyətdə, plomb da sayğacın üstündə olmuşdur. 2022-ci ilin təxminən dekabr ayının 22-23 tarixlərində evlərinə qaz gəlmədiyi üçün X6 İdarəsinə gedərək evlərinə qazın gəlmədiyni, soyuqdan donduqlarını bildirmişdir. 30 dekabr tarixində X6 İdarəsinin işçilərinin bir qrupu həyətə gələrək yoxlama apararaq bildirmişlər ki, qaz sayğacı istismara yararsızdır. Bundan sonra əvvəlki sayğac yerindən çıxararaq yenisi ilə əvəz olunmuş və həmin sayğacı maşına tullamışlar. Elə həmin vaxt ona təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2022-ci il tarixli, ******* saylı akt verilmişdir. Ona bildirilmişdir ki, 1036.80 manat cərimə olunmusdur. O, yalvar - yaxar etmişdir ki, onun heç bir təqsiri yoxdur. Evlərinə qaz gəlmədiyinə görə onlara müraciət emişdir. Sayğacda bir nasazlıq olub ki, onun evinə qaz gəlmir. Dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, “Azərqaz” İB Melorasiya Departamentinin sayğacların müayinəsi labarotiyasının xx.xx.2022-ci il tarixli, MSK 29/1710-04930-1 nömrəli rəyinə əsasən G-4 markalı, **********6 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınmışdır. Hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. X6 İdarəsinin işçiləri tərəfindən yazılmış 1036.80 manat cəriməni aldığı 363 manat pensiyadan hər ay 10 manat ödəməklə 204.52 manat ödəmiş, 832.28 manat cərimə qalmışdır. Onlara əsassız yazılan cərimədən bir qismini ödəməsini onunla əsaslandırır ki, mərhum həyat yoldaşı ağır yataq xəstəsi olmuş, evin isidilməsi və isti suyun davamlı olması üçün ödəniş etmək məcburiyyətində olmuşdur. Qeyd etdiyi kimi 363 manat pensiya alır, aldığı pensiya da dolanışığı üçün bəs etmir. Hazırda da infarkt keçirmişdir. Hər ay pensiyasından yazılmış cəriməni ödəyir. X6 İdarəsi tərəfindən qanunsuz olaraq 1036.80 manat cərimə edilmişdir. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyi öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər”. Məhkəmə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsininin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyini, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia qismən təmin edilməlidir: İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Neftçala rayonu, Bankə qəsəbəsi, M.P.Vaqif küçəsində daimi qeydiyyatdadır. “Nikahın bağlanması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 ilə X3 arasında nikah 07 iyul 1977-ci ildə bağlanmış, nikahdan sonra arvada Novruzova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 20 dekabr 2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, Məhərrəm Novruzovun fərdi yaşayış evində quraşdırılmış “Zenner” tipli “G-4” markalı, **********6 nömrəli sayğac əvəzetmə üçün çıxarılmış və “Zenner” tipli “G-4” markalı, **********3 nömrəli yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 30 dekabr 2022-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın və “Qaz sayğacının dövlət yoxlanılmasıdan keçirilməsi” barədə 28 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, “Azəriqaz” İB-nin 26 dekabr 2022-ci il tarixli məktubuna əsasən 27 dekabr 2022-ci il tarixində salyan RQİİ-dən dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğacına 28 dekabr 2022-ci il tarixində Metrologiya departamenti tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı və hesablanacaq dəymiş ziyan ödənilməlidir”. İş materiallarına əlavə olunmuş 15 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, “Azəriqaz” İB-nin Salyan RQİİ-nin Neftçala XS ilə Neftçala rayonu, Bankə qəsəbə sakini X2 arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x24x90=8640 m3 cəmi: 8640 m3. Dəymiş ziyan hesablansın sayğacın dəyəri ödənilsin. 14 fevral 2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent (**********00180) X2 2023-cü il üzrə qalıq borcu 1036,80 manat təşkil edir. “Ölüm haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2023-cü ildə “Durğunluq ürək çatmamazlıq” səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı iclası zamanı bildirir ki, qaz sayğacına onun tərəfindən hər hansı bir müdaxilə edilməmiş və o, cərimə məbləğindən 204,52 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “Azəriqaz” İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı cərimə məbləğindən könüllü olaraq hər ay 10 manat ödəniş etməklə ümumilikdə 204,52 manat ödəniş etməsi nəzərə alınmalıdır. Ona görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 (abonent № **********00180, Neftçala rayonu, Bankə qəsəbəsi) barədə cavabdeh “Azəriqaz” X4 RQİİ tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış dəymiş zərər məbləğindən qalıq qalmış 832,28 (səkkiz yüz otuz iki manat iyirmi səkkiz qəpik (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar