Məhkəmə qərarları › İş №2(053)-442/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-442/2024

12.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-442/2024 12.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktı və onun əsasında hesablanmış 777,60 manat cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunan, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktı və onun əsasında hesablanmış 777,60 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə bir yerdə yaşayır. Həyat yoldaşı X4 uzun illərdir ki, onlardan ayrılmış, ünvanı məlum deyildir. Cavabdeh ilə həyat yoldaşı X4 arasında yaşadığı evin qaz sərfiyyatı ilə bağlı müqavilə bağlanmışdır. Nəzarətçilər tərəfindən verilən bildirişləri X2 adına qaz sərfiyyatı ilə əlaqədar ödənişlər aparılmışdır. Qaz sayğacı həyətdən kənarda küçə hasarına bərkidilmiş dəmir qutunun içərisində yerləşir. O, xx.xx.2023-cü il tarixdə, gecə vaxtı saat 22:50 radələrində qaz xəttinin səsinə çölə çıxaraq, qaz sayğacının qutusunun qapağının acıq vəziyyətdə görmüşdür. Sayğaca baxdıqda sayğacın LSD ekranının zədələndiyini görmüşdür. O, dərhal DİN-nin 102 xidmətinə və Azəriqazın 104 xidmətinə zəng etmiş, polis əməkdaşları gəlib baxış keçirmişlər. Polis əməkdaşlarının keçirdikləri baxışdan sonra rayon Qaz İstismar İdarəsinin əməkdaşları gəlib sayğaca baxış keçirərək şəkillərini çəkmişlər. Səhəri gün X6 İdarəsinin işçiləri gəlib akt tərtib etmişlər. Aşkar edilən nöqsan qeyd edilərək göstərilmişdir ki, “Azəriqaz” İB-nin Melorasiya Departamentinin sayğacların müayinəsi labaratoriyasının xx.xx.2023-cü il tarixli, MSK–14-2-2/3-5-12349/Q001 nömrəli aktına əsasən “G-4” markalı, **********620 nömrəli sayqacın LSD ekranı zədəlidir, göstəricilərin və informasiyanın oxunması mümkün deyil, klapan açıqdır. Sayğac istismara yararsızdır. Hadisədən sonra aidiyyəti əməkdaşlar sındırılmış sayğacı müvəqqəti olaraq yeni sayğacla əvəz etmişlər. O, 20 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktı poçt vastəsilə 30 dekabr 2023-cü ildə almışdır. Bundan əvvəl də qaz sayğacı sındırılmış, Qaz İstismar İdarəsi tərəfindən 432 manat çərimə edilmişdir. Neftçala rayon Polis Şöbəsinin təhqiqatçısı tərəfində araşdırılma zamanı naməlum şəxs müəyyən edilməmiş və cinayət işin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər”. Məhkəmə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsininin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir: İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əmirova X1 şəhəri, məhəllə 2, ev 92 ünvanında daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 02 noyabr 2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, istehlakçı X2 Qoltuq qəsəbəsində fərdi yaşayış evində quraşdırılmış “Zenner” tipli “G-4” markalı, **********620 nömrəli sayğac əvəzetmə üçün çıxarılmış və “Elster” tipli “G-4”markalı, 10048849 nömrəli yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 20 dekabr 2023-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın və “Qaz sayğaclarının yoxlanması” barədə 30 noyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, ARDNŞ-nin “Azəriqaz” İB-nin qaz sayğaclarının yoxlanması barədə 30 noyabr 2023-cü il tarixli, AKT № MSK – 14-2-2-/3-5-12349/Q001 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılmış “G-4” markalı, **********620 nömrəli qaz sayğacına baxış keçirildi. Qeyd olunur ki, sayqacın LSD ekranı zədəlidir, göstəricilərin və informasiyanın oxunması mümkün deyil, klapan açıqdır və sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, hesablanacaq dəymiş ziyan tam ödənilməlidir”. İş materiallarına əlavə olunmuş XS-19-04888/23 saylı müqavilədən görünür ki, “Azəriqaz” İB-nin Salyan RQİİ-nın rəis müavini M.Gözəlovun şəxsində Neftçala şəhəri sakini X4 (İddiaçı) arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, Qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6x12x90=6480 m3 cəmi: 6480 m3. Dəymiş ziyan hesablansın, sayğacın dəyəri ödənilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 20 dekabr 2023-cü il tarixli, ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “Azəriqaz” İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent № **********000, Neftçala rayonu, Qoltuq qəsəbəsi) barədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 dekabr 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında müəyyən edilən dəymiş zərər məbləği 777,60 manat (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar