Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-444/2024 09.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “29 sentyabr 2023-cü il tarixli, 035709 nömrəli aktın ləğv olunması və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 29 sentyabr 2023-cü il tarixli, 035709 nömrəli aktı əsassız olduğundan ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1990-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Neftçala rayonu Xıllı qəsəbəsi, İrşad Hüseynov küçəsində qeydiyyatda olmaqla, hazırda 2-3 aydır ki, Abşeron rayonu Hökməli qəsəbəsində yaşayır. 29 sentyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları olan E.Hüseynov və A.Kazımov onun yaşadığı fərdi yaşayış evinə gələrək 035709 nömrəli akt yazaraq evin qeydiyyatsız olaraq elektrik enerjisindən istifadə edildiyini bildirmişlər. Halbuki o özü sahə nəzarətçisinə yaşadığı evə sayğac qoyulması üçün müraciət etmiş, akt yazılmamışdan bir neçə gün qabaq həmin nəzarətçi ondan sayqac qoyulması üçün 1000 manat, sayğac qoyulana yaxın isə 500 manat istəmişdir. O, pulu olmadığını bildirdikdə nəzarətçi akt yazdıracağını və 500 manat cərimə ediləcəyini bildirmişdir. Həmin nəzarətçi akt yazılana kimi hər ay gəlib ondan pul almışdır. 29 sentyabr 2023-cü il tarixdə yazılan akt zamanı ona xəbərdarlıq edilməmiş, aktı imzalamağa heç kim dəvət olunmamış, aktın yazılma tarixi göstərilməmiş, heç bir şahid və ya akt yazılan zaman video çəkiliş yoxdur. Bu aktın qərəzli şəkildə və ən əsası aktın yerində yazılmadığını aydın şəkildə başa düşmək olar. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə baxış iclasında iştirak etməmiş, 27 iyun 2024-cü il tarixdə ərizə təqdim edərək iclasda iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılıb, iddianın təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Hakimiyyəti Başçısının Hökməli qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş 01 mart 2024-cü il tarixli, 808 nömrəli arayışdan görünür ki, İddiaçı Hökməli qəsəbəsi Yeni yaşayış massivi küçəsində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş 29 sentyabr 2023-cü il tarixdə tərtib olunmuş “Elektrik enerjisindən istifadə qaydalarına riayət olunması” haqqında 035709 nömrəli aktın surətindən görünür ki, EEİQ-nin tələblərinə əsasən fərdi yaşayış evinə məxsus elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, yuxarıda göstərilən abonent “fərdi yaşayış evində elektrik enerjisi qeydiyyatsız və sayğacsız istehlak edilir. Tələb: EEİQ-nə uyğun icra edilsin”. İş materiallarına əlavə olunmuş 11 mart 2024-cü il tarixdə tərtib olunmuş müqavilədən görünür ki, "xxxx" ASC-nin Abşeron RETSİ-nin səbəkə rəisi V.Kazımov şəxsində Xırdalan şəhəri Hökməli qəsəbə sakini İddiaçı (nümayəndəsi) məişət abonenti ilə tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********05480 nömrəli kod üzrə 11 oktyabr 2023-cü il tarixli bildirişindən məlum olmuşdur ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, hazırda 520,55 manat məbləğində borc yaranmışdır. Məhkəmə iclası zamanı iddiaçı elektrik enerjisindən qanunsuz olaraq istifadə etdiyini etiraf etmişdir. Belə ki, o, sahə rəisi kimi tanıdığı İlqar adlı şəxs ilə razılığa gələrək, hər ay ona 20 manat nəğd olaraq ödəniş etdiyini və bu səbəbdən də sayğac olmadan elektrik enerjisindən qanunsuz olaraq istifadə etdiyini səmimi etiraf etmişdir. Habelə elektrik enerjisindən qanunsuz olaraq istifadə etmə iş materialları və digər sübutlarla müəyyən edilir. Belə olan halda hazırkı mülki iş üzrə iddianın təmin olunması əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. Məhkəmə iddiaçı tərəfi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehə qarşı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməyib. Göstərilənləri və işin s. faktik hallarının nəzərə alaraq məhkəmə iddianın təmin olunmasını mümkün saymır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir”. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və iddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəməyə iddia ilə müraciət olunması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “29 sentyabr 2023-cü il tarixli, 035709 nömrəli aktın ləğv olunması və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-444/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-444/2024
09.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver