Məhkəmə qərarları › İş №2(053)-45/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-45/2024

08.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-45/2024 08.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi, Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 03 iyun 2005-ci il təvəllüdlü «Qeyriüzvi mənşəli enkoprez, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik» diaqnozu ilə xəstə olan qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək, həyat yoldaşı X7 ilə olan nikahından 03 iyun 2005-ci il təvəllüdlü X9 adlı uşağının doğulduğunu bildirmişdir. Qeyd edir ki, qızı Əsmər anadangəlmə ağır formalı əqli qüsurludur. Ona «qeyri-üzvi mənşəli enkoprez, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu və ağır dərəcəli əqli gerilik» diaqnozu qoyulubdur. Ruhi-psixoloji problemləri olan qızının qayğısı ilə özü məşğul olur. Müstəqil şəkildə özünü idarə edə bilməyən qızının bütün ehtiyaclarını qarşılamağa çalışır. Əsmər özünü təbii olaraq xəstəliyə uyğun şəkildə aparır. Onun anlaqsız şəkildə olan hərəkətlərini yalnız özü tənzimləyə bilir. Qeyd edir ki, qızı Əsmərin xəstə olmasını, bu səbəbdən özünü anormal aparmasını qonşular və onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. Qeyd olunan diaqnozla xəstə olan və artıq 18 yaşı olan qızı əqli qüsurlu olduğu üçün onunla bağlı hər hansı bir hüquqi prosedurların həyata keçirilməsi mümkün deyildir. Ona görə də qızı X4 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 Əsmər Elton qızının xəstəliyini nəzərə alaraq ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçini və Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. Neftçala RPŞ tərəfindən 12 iyul 2017-ci ildə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, həmçinin Neftçala rayonu, Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli 559 nömrəli arayışdan görünür ki, ərizəçi Nağıyeva X8 rayonu, 1-ci Qaralı kəndində qeydiyyatdadır. «Doğum haqqında» şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Ərizəçi 03 iyun 2005-ci ildə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuş X4 anasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X9 ümumi xəstəlik səbəbi ilə (diaqnoz: Qeyri-üzvi mənşəli enkoprez, qeyri-üzvi enkoprez. Yanaşı xəstəliklər Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin yardımına ehtiyacın olması. Əsas diaqnoz F72.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik İQ=22%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə, qeyri-üzvi enurez və enkoprez, nitq artikulyasiyasının spesifik pozuntusu, kənar şəxsin yardımına ehtiyacın olması) birinci dərəcəli əlil, əmək qabiliyyətsizdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 28 noyabr 2023-cü il tarixli 3312 saylı rəyində qeyd olunur ki, 03 iyun 2005-ci il təvəllüdlü X6 ağır dərəcəli kəmağıllılıq müəyyən edilir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, hesab edir ki, 03 iyun 2005-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X9 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 iyun 2005-ci ildə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X9 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar