Məhkəmə qərarları › İş №2(053)-458/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-458/2025

11.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-458/2025 11.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Neftçala rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Neftçala rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il təvəllüdlü X9 onun oğludur. Övladı anadangəlmə xəstədir. Neftçala RMX publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 39 saylı arayışına əsasən xx.xx.1979-cu il təvəllüdlü X9 imbesilik dərəcəsində əqli gerilik diaqnozu ilə Neftçala RMX PHŞ-da həkim-psixatırın dispanser qeydiyyatındadır və hazırda ömürlük İİ qrup əlillik alır. Oğlu öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, psixi qusuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. Başqasının yardımı olmadan onun sərbəst yaşaması mümkün deyildir, bu səbəblə də məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilməsi sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: -AZ-T seriyalı 060792 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 ilə X2 arasında xx.xx.1974-cü il tarixdə Neftçala rayon Xolqarabucaq kənd sovetində nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydlərində kitabında 21 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Zaliyev arvada Zaliyeva soyadı verilmişdir. - Vİ-JQ seriyalı 391887 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1979-cu il tarixdə Neftçala rayonu Dördlər kəndində anadan olmuş, ata qrafasında X6, ana qrafasında Ərizəçi göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 41 nömrə ilə qeyd edilmişdir. - AA0185207 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X9 xx.xx.1979-ci il tarixdə anadan olmuşdur. - Neftçala RMX publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 39 saylı arayışına əsasən xx.xx.1979-cu il təvəllüdlü X9 imbesilik dərəcəsində əqli gerilik diaqnozu ilə Neftçala RMX PHŞ-da həkim-psixatırın dispanser qeydiyyatındadır və hazırda ömürlük İİ (ikinci) qrup əlillik alır. - xx.xx.2025-ci il tarixli, 1535 saylı “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.1979-ci il təvəllüdlü X5 “ imbesillik dərəcəsində oliqofreniya” aşkar olunmuş, X9 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X5 uşaq imbesillik dərəcəsində oliqofreniya olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X9 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar