Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-469/2023 28.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 12 aprel 2023-cü il tarixli, NDM032044 saylı akt əsasında hesablanmış 1.602,52 manat borcun silinməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 28 aprel 2023-cü il tarixdə Neftçala şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 12 aprel 2023-cü il tarixli, NDM032044 saylı akt əsasında hesablanmış 1.602,52 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir». Eyni Məcəllənin 89.3-cü maddəsinə əsasən «yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir». Belə ki, iddia ərizəsində Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsində nəzərdə tutulan hallardan biri, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı qeyd olunmayıb. Görünür ki, iddiaçı ərizənin “xahiş edirəm” hissəsində əsassız hesablanmış 1.602,52 manat məbləğində cərimənin hesablanması haqqında sənədi iş materiallarına əlavə etməmişdir. Eyni zamanda ərizəyə əlavə olunmuş 12 aprel 2023-cü il tarixli, 032044 saylı akt isə surətdir. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən “iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyindən icraata qəbul edilmədən geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 12 aprel 2023-cü il tarixli, NDM032044 saylı akt əsasında hesablanmış 1.602,52 manat borcun silinməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-469/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-469/2023
28.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver