Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-5/2025 24.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.796,13 manat məbləğində borcun və 77,97 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 03 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə mərhum Cavabdeh1 hüquqi varisi Cavabdeh2 işə cavabdeh qismində cəlb olunmasını və Cavabdeh1 qarşı iddia tələbinin Cavabdeh2 yönəldilməsini xahiş etmişdir. Cavabdeh1 09 iyul 2022-ci il tarixində öldüyündən Cavabdeh2 onun hüquqi varisi və cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Neftçala filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli, 200 nömrəli alğı-satqı müqaviləsinə əsasən Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində yerləşən 13,5 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 12.162,68 manat məbləğində vəsaiti (iş və xidmət) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 3.020 manat məbləğində pambığın becərilməsi, 480 manat məbləğində şum, 102 manat məbləğində ağır diskli mala, 490 manat məbləğində mala çəkmə, 198 manat məbləğində çiyid səpini, 169 manat məbləğində kultivasiya, 100 manat məbləğində çiyid səpini, 4.340,02 manat məbləğində gübrə, 49,50 manat məbləğində dərman, 1.884,16 manat məbləğində lifsiz çiyid, pambığın əl yığımına görə ödənilən 1.330 manat avans nəzərə alınmaqla, ümumilikdə, 12.162,68 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 9.794,69 kq, 6.366,55 manat məbləğində xam pambıq təhvil vermiş, 5.796,13 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları ilə təsdiq olunur. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmənin 03 iyun 2025-ci il tarixli hazırlıq iclasında iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin hazırkı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş İddiaçı nümayəndəsini göndərməmiş, lakin iddiaçının nümayəndəsi X2 23 iyul 2025-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərərək iş üzrə iddia tələbini müdafiə etdiyini, məhkəmə prosesində üzrlü səbəblərdən iştirak edə bilmədiyini, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini bildirmiş və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək 8 yaşlı qızı ilə birlikdə mərhum əri Cavabdeh1 atasının evində yaşadığını bildirmişdir. Qeyd edir ki, Cavabdeh1 öldüyündən onun 8 yaşlı qızına dövlət tərəfindən hər ay pul ödənilir. Bundan başqa da gəlir yeri yoxdur. Baloğlanın 2-ci ailəsindən 2 oğlan uşağı da var və onlara mərhumdan heç bir şey qalmayıb. Mərhumun hüquqi varisi kimi o, tanınıb və mərhumun adına olan yeganə avtomobil də onun adına keçib. Hal-hazırda da borcu ödəməyə imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. 05 noyabr 2019-cu il tarixli, 200 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin Neftçala filialı – «filial», Cavabdeh1 – «fermer» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 özünə məxsus Neftçala rayonu, Xol Qarabucaq kəndində yerləşən 13,50 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi və «fermer» tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində «filial»a təhvil verilməsi və «filial» tərəfindən «fermer»in borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəsinə götürüb. İş materiallarında olan sənədlərlə iddiaçı tərəfindən Cavabdeh1 avans olaraq ümumilikdə 12.162,68 manat dəyərində zəruri vəsaitlərin verilməsi, həmçinin müxtəlif xidmətlərin göstərilməsi təsdiq olunur. Maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçınə qalıq borcu 5.796,13 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə olunmuş Neftçala rayonu Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, Cavabdeh1 09 iyul 2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 iyul 2022-ci ildə 10 nömrəsi ilə qeyd edilmişdir. Salyan regional «Asan Xidmət» Mərkəzində notariat ofisinin 30 yanvar 2025-ci il tarixli məktubundan (həmin məktub məhkəmənin sorğusuna cavab olaraq göndərilib) və ona əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 avqust 1974-cü il təvəllüdlü Cavabdeh2 və 16 aprel 2017-ci il təvəllüdlü X3 13 iyul 2022-ci il tarixdə ölmüş Cavabdeh1 vərəsələridirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən «Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən «Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir», «Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır». Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən «Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir». Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən «Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar». Beləliklə də, qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən borcalan mərhum Cavabdeh1 05 noyabr 2019-cu il tarixli, 200 nömrəli müqavilədə nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsi üçün onun vərəsəsi Cavabdeh2 cavabdehdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 5.796,13 manat məbləğində borcu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 77,97 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 5.796 (beş min yeddi yüz doxsan altı) manat 13 (on üç) qəpik və məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 77 (yetmiş yeddi) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-5/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-5/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver