Məhkəmə qərarları › İş №2(053)-53/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-53/2023

23.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-53/2023 23.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 12 oktyabr 2022-ci il tarixli, AKT R seriyalı 267018 saylı aktın ləğv edilməsi və qanunsuz hesablanmış 1.685,91 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, Neftçala rayonu, Şorkənd kəndində fərdi yaşayış evi vardır. Evinə cavabdeh tərəfindən elektrik xətti çəkilmiş və sayğac quraşdırılmışdır. Həmin sayğac evinin həyət darvazasının sol tərəfində, darvazadan təxminən 15 metr kənarda həyət hasarının çöl hissəsinə quraşdırılmışdır. 12 oktyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin Şirvan RETSİ-nin əməkdaşları tərəfindən məlumatı olmadan, hal şahidlərinin iştirakı təmin edilmədən əsassız olaraq 267018 saylı akt yazılmış və buna görə də 1.685,91 manat borc yaranmışdır. Aktda qeyd olunmuşdur ki, “sayğacın alt qapaq möhürünü qıraraq çıxış xətlərini giriş yuvasında giriş xətləri ilə üst-üstə bərkitməklə sayğacı sxemdən kənarlaşdırmış, elektrik enerjisindən birbaşa istifadə edir”. Həmin akt tərtib edilərkən onun iştirakı təmin edilməyib və ona rəsmi məlumat verilməyib. Ona görə də cərimə olunması barədə tərtib edilmiş aktı qanunsuz hesab edir. Belə ki, evinin yerləşdiyi ərazinin elektrik sayğaclarına nəzarət edən məsul şəxs - nəzarətçi vardır. Həmin nəzarətçi tərəfindən hər ay iki dəfə olmaqla müntəzəm şəkildə elektrik sayğaclarına baxış keçirilməklə sayğacın işlək vəziyyətdə olub-olmaması yoxlanılır və sərfiyyatı qeyd edilərək bu barədə istehlakçılara sərfiyyat aktı-bildiriş təqdim edilir. Bir qayda olaraq verilmiş bildiriş əsasında da istifadə edilmiş elektrik enerjisinin pulu ödənilir. Əgər bu müddət ərzində ona məxsus sayğacda hər hansı bir müdaxilə halı olsaydı nəzarətçi onu aşkar edərək bu barədə məlumat verərdi. Deməli belə bir hal mövcud olmamışdır. Cavabdeh qurum tərəfindən elektrik sayğacına baxış keçirilməsi barədə 12 oktyabr 2022-ci il tarixli aktın surəti də ona təqdim edilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən akt "xxxx" ASC-nin Şirvan RETSİ-nin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələbləri pozulmaqla tərtib edimişdir. Ona görə də həmin akt mülki hüquq məsuliyyətinin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Yuxarıda sadalananlardan da bəlli olur ki, onun tərəfindən istifadəsində olan sayğaca müdaxilə edilməmiş, cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib olunmuş rəy və akt ehtimallara əsasən tərtib edilmiş, real fakta əsaslanmamış, bununla da onun hüquqları pozulmuş və cavabdeh tərəfindən ona heç bir real əsas olmadan borc hesablanmışdır. Elektrik enerjisindən istifadəyə görə borcunu təqdim edilmiş bildiriş əsasında hər ay vaxtında ödəmiş, borclu qalmamışdır. Bir daha qeyd edir ki, sayğaca heç vaxt tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Sayğac daim tam saz vəziyyətdə olmuşdur. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olmuş olsa belə bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Hesab edir ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 12 oktyabr 2022-ci il tarixli, 267018 nömrəli akt əsassızdır, həmin akt əsasında hesablanmış 1.685,91 manat məbləğ əsassız hesablanmışdır. Ona görə də akt etibarsız hesab edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Neftçala rayonu, Şorkənd kəndində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş “Elektrik enerjisindən istifadə qaydalarının pozulması” haqqında 267018 nömrəli aktın surətindən görünür ki, EEİQ-nin tələblərinə əsasən baxış keçirilən zaman məlum olmuşdur ki, yuxarıda göstərilən abonent “sayğacın alt qapaq möhürünü qıraraq çıxış xətlərini giriş yuvasında giriş xətləri ilə üst-üstə bərkitməklə sayğacı sxemdən kənarlaşdırmış, elektrik enerjisindən birbaşa istifadə edir. İ1=14,4 A,İ2=14,4A,İ3=0A təşkil edir. Tələb: Sayğac sxemi bərpa olunub möhürlənsin”. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********00193 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun olaraq aparılmış, hazırda 1.685,91 manat məbləğində borc yaranmışdır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, o, elektrik sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca cavabdeh tərəfindən nəzarət olunur və açıq sahədə sayğac quraşdırılmışdır. Sayğac daim tam saz vəziyyətdə olmuşdur. Sayğaca baxış keçirilib akt tərtib edilərkən nə abonentin, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Sayğaca hər hansı müdaxilə olmuş olsa belə bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən “enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyəti ilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir”. Həmin qaydaların 7.11-ci maddəsinə əsasən “Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır”. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, “Öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh elektrik sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2022-ci il tarixli 267018 nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Lakin yaxarda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-nin İddiaçı yuxarıda göstərilən səbəblərə görə 1.685,91 manat pul tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı (abonent №**********00193, Neftçala rayonu, Şorkənd kəndi) itirilmiş elektrik enerjisinə görə cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1.685,91 (min altı yüz səksən beş) manat 91 (doxsan bir) qəpik məbləğində borc silinsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar