Məhkəmə qərarları › İş №2(053)-536/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-536/2023

31.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-536/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunan, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 yanvar 2023-ci il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 1036 məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, o, Neftçala rayonu, Bankə qəsəbəsi ünvanında ailə üzvləri ilə birlikdə özlərinə məxsus fərdi yaşayış evində yaşayır. Bu səbəbdən həmin mənzilə məişət qazının verilməsini tənzimləyən qaz sayğacı da adına rəsmiləşdirilmiş və cərimə olunan vaxt onun adına yazılmış və hazırda onun adına qeydiyyatdadır. Həmin qaz sayğacı yaşadıqları evin həyətinə giriş darvazasının üstündə, küçədə quraşdırılmışdır. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları 03 mart 2021-ci il tarixdə qaz sayğaclarının dəyişdirilməsi və yenisi ilə əvəz olunması məqsədi ilə yaşadıqları evin sayğacını çıxararaq yenisi ilə əvəz etmişlər. Sayğacın dəyişdirilməsi və yenisi ilə əvəz edilməsi zamanı abonent olaraq o da orada iştirak etmiş və ona bu barədə müvafiq akt təqdim edilmişdir.Özü də orada iştirak etmişdir. Sayğacın dəyişdirildiyi vaxtdan bir müddüt sonra sonra, yəni 28 dekabr 2022-ci il tarixdə «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh Neftçala Xidmət Sahəsinin əməkdaşları yaşadığı mənzilə gələrək dəyişdirdikləri sayğacın nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması və sayğacın qoruyucu şüşəsinin sınmasını bildirmişlər. Bunu əsas gətirərək 29/1710-04930-1 nömrəli akt tərtib etmişlər. O, onlara bidirmişdir ki, sayğaca o və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilməmişdir. Bütün bunlara baxmayaraq «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh Neftçala Xidmət Sahəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana gələrək müdaxilənin aşkar olunduğunu və tərtib edilmiş ******* nömrəli akta imza etməklə həmin aktı qəbul etməli olduğunu bildirmişlər. O, həmin əməkdaşlara, bu işin qanunsuz olduğunu bildirərək həmin akta imza etməkdən imtina etmiş və onlar ona bildirmişlər ki, 1036 manat ziyan vurmuşdur. Hesab edir ki, «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh Neftçala Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçı olaraq hüquqları pozulmuş və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 23 yanvar 2023-cü il tarixli akt tərtib edilmişdir. Ona görə də həmin aktın ləğv edilməsi və bu akta əsasən itirilmiş qazın bərpasına görə hesablanmış 1036 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyi öz nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər”. Məhkəmə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsininin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov X1 rayonu, Bankə qəsəbəsində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 23 dekabr 2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı fərdi yaşayış evində quraşdırılmış “Zenner G-4” markalı, **********4 nömrəli sayğac abonentin müraciəti əsasında hər hansə zərbə nəticəsində hesab mexanizminin qoruyucu plasmast qapağı çatladığı üçün sayğac yoxlanılarkən qaz keçirmədiyi aşkarlandığı üçün “Zenner G-4” markalı, **********8 nömrəli yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın və “Qaz sayğaclarının yoxlanması” barədə 28 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, ARDNŞ-nin “Azəriqaz” İB-nin qaz sayğaclarının yoxlanması barədə 28 dekabr 2022-ci il tarixli, AKT № MSK – 29/1710-04930-1 saylı aktına əsasən abonentin mənzilinə quraşdırılmış “G-4” markalı, 181 nömrəli qaz sayğacına baxış keçirilmişdir. Qeyd olunur ki, sayğacın mexanizminin qoruyucu şüşəsi sınmışdır. Hesablama iş prinsipinə mane törətməsi mümkündür. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, hesablanmış ziyan tam ödənilməlidir”. İş materiallarına əlavə olunmuş 732 saylı müqavilədən görünür ki, “Azəriqaz” İB-nin Salyan RQİİ-nın rəisi N.Məmmədov şəxsində Neftçala rayonu, Bankə qəsəbə sakini İddiaçı (nümayəndəsi) arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin-4x24x90=8640 m3 cəmi: 8640 m3. Dəymiş ziyan hesablansın, sayğacın dəyəri ödənilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “Azəriqaz” İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent № **********00, Neftçala rayonu, Bankə qəsəbəsi) barədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında müəyyən edilən dəymiş zərər məbləği 1036 manat (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar