Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-552/2024 16.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın ləğvi və cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunan, təbii qazdan istifadə qaydalarının pozulması barədə 29 mart 2024-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 777,60 manat borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 24 aprel 2024-cü ildə İddiaçı məhkəməyə «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə verərək cavabdeh «Azəriqaz» İB tərəfindən tərtib olunmuş 29 mart 2024-cü il tarixli, ******* nömrəli aktın ləğv olunması və həmin akta əsasən hesablanmış 777.60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək göstərmişdir ki, yaşadığı evdə olduğu vaxt Salyan RQİİ-nin Neftçala xidmət sahəsinin ərazi üzrə nəzarətçisi onu çağıraraq evinin qaz sayğacının istifadə olunan qazın sərfiyyatını az qeydə aldığını bildirmişdir. Ötən ay qazdan istifadəyə görə ödədiyi aylıq sərfiyyatın 90 manat olduğunu nəzərətçinin diqqətinə çatdırmış və nə səbəbə belə olduğunu soruşmuşdur. Bundan sonra nəzarətçi məsələ ilə əlaqədar telefon vasitəsilə rəhbərliyə məlumat vermişdir. 14 iyun 2019-cu il tarixdə «Azəriqaz» İB-nin Salyan RQİİ-nin Neftçala xidmət sahəsinin əməkdaşları yaşadığı evə gələrək qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğacın mexanizmində nasazlıq olduğunu, ilişə-ilişə işlədiyini müəyyən edərək onu yenisi ilə əvəz edib, köhnə sayğacı yoxlanılması üçün laboratoriyaya göndərmək məqsədilə çıxararaq aparmışlar. Bu zaman onlar sayğacda əmələ gəlmiş nasazlığın onun təqsiri üzündən baş vermədiyini bildirmişlər. Bir müddət sonra ona qaz pulu barədə bildiriş gəlmədiyini görüb Salyan RQİİ-nin Neftçala xidmət sahəsinə gedərək bu barədə maraqlanmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, sayğacın qaz sərfiyyatını düzgün qeydə almaması, daha doğrusu sərfiyyatı az qeydə alması barədə 14 iyun 2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra «Azəriqaz» İB Metrologiya Departamenti tərəfindən aparılmış yoxlama nəticəsində 11 mart 2024-cü il tarixli 0272 nömrəli akt tərtib edilmişdir. Həmin aktda sayğacın hesablama mexanizminin qapağının üzərinə vurulan zavod plasmas plombunun aşkar edilməməsi, sayğacın xəta təzyiqlərinin yoxlanmasının mümkün olmadığı, sayğacın membranı fasilələrlə işlədiyindən sınaq qurğularının yoxlanmasının mümkün olmadığı, habelə sayğacın yararsız olduğu göstərilmişdir. Bu əsaslarla 29 mart 2024-cü il tarixli ******* saylı akt tərtib olunmuş və ona 777,60 manat məbləğində cərimə hesablanmışdır. Salyan RQİİ-nin Neftçala xidmət sahəsinə müraciət edərək sayğaca heç bir müdaxilə etmədiyini, həmin aktla razılaşmadığını və hesablanmış cərimənin qanunsuz olduğunu bildirsə də ona məsələ ilə əlaqədar heç bir köməklik edilməmiş, yalnız məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Qeyd edir ki, sayğaca onun və ailə üzvlərinin tərəfindən heç vaxt müdaxilə edilməyibdir. Sayğac həyətində deyil, küçədə quraşdırılmış, həmçinin təhlükəsizlik baxımından xüsusi qutu ilə təchiz edilməmişdir. Bu hal sayğacı daim nəzarətdə saxlamağı mümkünsüz edir. Sayğacın üzərindəki plombu isə cavabdeh təşkilatın əməkdaşları sayğaca baxış keçirərkən özləri qoparmışlar. Çünki sayğacı çıxarmazdan əvvəl onun plombu üzərində olubdur. Həmçinin qeyd edir ki, bu hadisəyədək Salyan RQİİ-nin Neftçala xidmət sahəsinin əməkdaşları tərəfindən sayğaca hər ay baxış keçirilmiş və aylıq sərfiyyata uyğun olaraq ona bildiriş verilmişdir. Verilmiş bildiriş əsasında hər ay qazın pulunu ödəmişdir. Qazdan istifadə Qaydaları»nın 4.8-ci yarımbəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Buna baxmayaraq cavabdeh öz vəzifələrini icra etmədiyi halda, həmçinin obyektiv araşdırma aparmadan əsassız olaraq sözügedən aktı tərtib etməklə ona cərimə hesablamışdır. Hesab edir ki, istehlakçı olaraq hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhədov X1 rayonu, Həsənabad qəsəbəsi, Neftçilər küçəsi, ev 657 ünvanı üzrə daimi qeydiyyatdadır. 14 iyul 2023-cü il tarixli XS-19-03403/23 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə» müqavilədən görünür ki, «Azəriqaz» İB ilə İddiaçı arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. 13 fevral 2024-cü il tarixli «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı fərdi evində quraşdırılmış «Zenner G4T» markalı, **********0 nömrəli sayğac hesab mexanizminin ilişməsi ilə əlaqədar dəyişdirilərək «Honeywell BK G4T» markalı, 13767768 nömrəli yeni sayğacla əvəz olunmuşdur. 29 mart 2024-cü il tarixdə tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında ******* nömrəli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, «ARDNŞ-nin «Azəriqaz» İB-nin qaz sayğaclarının yoxlanması barədə 11 mart 2024-cü il tarixli 0272 nömrəli aktına əsasən abonentin mənzilinə quraşdırılmış G- 4 markalı **********0 № li qaz sayğacına baxış keçirildi sayğacın hesablama mexanizminin plasmas qapaq üzərinə vurulan zavod plasmas plomb aşkar olunmadı. Sayğacın xəta təzyiqlərin yoxlamaq mümkün olmadı. Sayğacın membranı fasilələr ilə işlədiyindən sınaq qurğularını yoxlamaq mümkün olmadı. Sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, dəymiş ziyan hesablamalıdır. 30 may 2024-cü il tarixli «Abonentin saldosu» adlı sənəddən görünür ki, abonent kodu **********00000 olan İddiaçı müvafiq akta əsasən 777,60 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməyib. Sayğac həyətində deyil, küçədə quraşdırılmış, həmçinin təhlükəsizlik baxımından xüsusi qutu ilə təmin edilməmişdir. Sayğaca tərəfindən daim nəzarət edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, «Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür». «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən «istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, «Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz». Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, «Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir», «Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 29 mart 2024-cü il tarixli ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh «Azəriqaz» İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent № **********00000, Neftçala rayonu, Həsənabad qəsəbəsi ev 204) barədə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 mart 2024-cü il tarixli ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında müəyyən edilən 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində dəymiş zərər (cərimə) silinsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-552/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-552/2024
16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver