Məhkəmə qərarları › İş №2(053)-563/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-563/2023

31.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-563/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “16 may 2023-cü il tarixli aktın ləğv olunması və həmin akta əsasən hesablanmış 1413,44 manat cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 16 may 2023-cü il tarixli, AKT R seriyalı, 032765 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1413,44 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, Neftçala şəhəri, S.Bayramov küçəsində yaşayış evi vardır. Yaşayış evinə cavabdeh tərəfindən elektrik xətti çəkilmiş və sayğac quraşdırılmışdır. 16 may 2023-cü il tarixdə "xxxx" ASC-nin bir neçə əməkdaşı yaşadığı evin elektrik sayğacına baxış keçirərək “X1ydalarının” pozulması haqqında 032765 nömrəli akt tərtib etmişlər. Akta əsasən də bu işdə təqsirli olan tərəf müəyyən edilmədən və heç bir əsaslı hesablama aparılmadan 1413,44 manat cərimə yazmışlar. "xxxx" ASC-nin bir neçə əməkdaşları 16 may 2023-cü il tarixdə elektrik sayğacına baxış keçirərkən ona və ailə üzvlərinə və yaxud qonşuluğunda yaşayan şəxslərə məlumat verməmişlər. Elektrik sayğacının pozulması haqqında olan müvafiq aktın tərtib olunmasında onun iştirakı təmin edilməyib. Ona görə də cərimə olunmağı barədə tərtib edilmiş aktın obyektivliyinə şübhə ilə yanaşır. Belə ki, evinin yerləşdiyi ərazinin elektrik sayğaclarına nəzarət edən məsul şəxs vardır. Həmin nəzarətçi tərəfindən hər ay iki dəfə elektrik sayğaclarına baxış keçirilir. Sayğacın işlək vəziyyətdə olub-olmaması yoxlanılır, sərfiyyatı yazılır və sərfiyyat barədə istehlakçıya sərfiyyat aktı verilir. Verilmiş sərfiyyat aktı əsasında da istifadə edilmiş elektrik enerjisinin pulu ödənilir. Əgər bu müddət ərzində sayğacda hər hansı müdaxilə halı olsaydı nəzarətçi onu aşkar edərək bu barədə məlumat verərdi. Lakin belə bir hal olmayıb. Ona görə də akt etibarsız hesab edilməli və əsassız hesablanmış məbləğ silinməlidir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nağıyeva X3 şəhəri, M.Ə.Sabir küçəsi ünvanında daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 16 may 2023-ci il tarixdə tərtib olunmuş “X1ydalarına riayyət olunması” haqqında 032765 nömrəli aktın surətindən görünür ki, EEİQ-nin tələblərinə əsasən baxış keçirilən zaman məlum olmuşdur ki, yuxarıda göstərilən abonent “elektrik sayğacının giriş-çıxış xətlərinin, sayğacın sıxaclar qutucuğunun çıxış yuvasında birləşdirilərək, sayğacın sxemdən kənarlaşdırıldığı aşkarlandı. Abonentin evi sayğacdan kənar enerji ilə qidalandırılır. Baxış zamanı video çəkiliş aparıldı. Ampermasa vasitəsilə ölçü aparıldı. Axan yük: 2,5A, Kabelin en kəsiyi:2x10mm, 50x0,22=11 kvt saat, Faktiki yük: 11kvt saat təşkil edir. Tələb: Sayğac sxemi bərpa olunub möhürlənsin”. İş materiallarına əlavə olunmuş 611994 saylı müqavilədən görünür ki, "xxxx" ASCnin Şirvan REİSİ-nin səbəkə rəisi E.Həsənov şəxsində Neftçala şəhər sakini İddiaçı (nümayəndəsi) məişət abonenti ilə tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********02629 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, hazırda 1413,44 manat məbləğində borc yaranmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********02629 nömrəli kod üzrə imzasız bildirişdən görünür ki, İddiaçı qalıq borc 180 manat olmaqla ödəniləcək məbləğin 1413,12 manat olması haqqında bildiriş təqdim edilmişdir. “Xəbərdarlıq” məktubundan görünür ki, cavabdeh tərəfindən hesablanmış cərimənin silinməsi barədə iddiaçı tərəfindən "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, o, elektrik sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca cavabdeh tərəfindən nəzarət olunur və açıq sahədə sayğac quraşdırılmış, "xxxx" ASC-nin bir neçə əməkdaşları 16 may 2023-cü il tarixdə elektrik sayğacına baxış keçirərkən ona və ailə üzvlərinə və yaxud qonşuluğunda yaşayan şəxslərə məlumat verməmişlər. Elektrik sayğacının pozulması haqqında olan müvafiq aktın tərtib olunmasında onun iştirakı təmin edilməyib. Ona görə də cərimə olunmağı barədə tərtib edilmiş aktın obyektivliyinə şübhə ilə yanaşır. Nəzarətçi tərəfindən hər ay iki dəfə elektrik sayğaclarına baxış keçirilir. Sayğacın işlək vəziyyətdə olub-olmaması yoxlanılır, sərfiyyatı yazılır və sərfiyyat barədə istehlakçıya sərfiyyat aktı verilir. Verilmiş sərfiyyat aktı əsasında da istifadə edilmiş elektrik enerjisinin pulu ödənilir. Əgər bu müddət ərzində sayğacda hər hansı müdaxilə halı olsaydı nəzarətçi onu aşkar edərək bu barədə məlumat verərdi. Lakin, belə bir hal olmayıb. Sayğaca hər hansı müdaxilə olmuş olsa belə bu cavabdehin əməkdaşları tərəfindən törədilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 4.1-ci maddəsinə əsasən “enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyəti ilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir”. Həmin qaydaların 7.11-ci maddəsinə əsasən “Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır”. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, “Öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh elektrik sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 16 may 2023-ci il tarixli, NDM seriyalı, 032765 nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Lakin yaxarda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-nin İddiaçı yuxarıda göstərilən səbəblərə görə 1413,44 manat pul tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Azərişıq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına tərtib edilmiş 16 may 2023-cü il tarixli, NDM seriyalı, 032765 nömrəli akt ləğv edilsin. Həmin akta əsasən 01 may 2023-cü il tarixli müqavilə üzrə İddiaçı (abonent №**********02629, Neftçala şəhəri) itirilmiş elektrik enerjisinə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1413 (min dörd yüz on üç) manat 44 (qırx dörd) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar