Məhkəmə qərarları › İş №2(053)-58/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-58/2025

21.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-58/2025 21.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, ərizəçi Neftçala Rayon İcra Hakimiyyətinin qanuni nümayəndəsi X3 iştirakı ilə ərizəçi Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon İcra Hakimiyyəti ərizə ilə məhkəməyə müraciət edərək “F22 Sayıqlama” diaqnozu ilə xəstə olanlar, Neftçala rayonu Tatarməhlə kəndində doğulmuş 29 mart 1956-cı il təvəllüdlü X15 və 15 sentyabr 1958-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əvvəl də Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş, işə 2(053)- 372/2024 nömrəsi verilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-372/2024 nömrəli iş üzrə 11 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə Ambulator Məhkəmə - Psixiatriya Ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - X2 göndərilmiş və iş üzrə icraat dayandırılmışdır. 23 iyul 2024-cü il tarixdə 2(053)-372/2024 nömrəli mülki iş müvafiq ekspert rəyi ilə birlikdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizəçi Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 işin məhkəmə hazırlıq iclası zamanı ərizə verərək iddianın təmin olunmasına zərurət olmadığından ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-372/2024 nömrəli iş üzrə 20 avqust 2024-cü il tarixli qərardadı ilə ərizəçi Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının “şəxsin (şəxslərin) fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçi Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına geri qaytarılmışdır. Ərizəçi Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qanuni nümayəndəsi işin məhkəmə baxışı iclası zamanı bildirmişdir ki, hazırda ünvan 1i ünvanında daimi qeydiyyatda olmaqla yaşayan Maraqlı şəxs ərizə ilə Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək, qohumları, hazırda Neftçala rayonunun Tatarməhlə kəndində yaşayan bacılar X15 və X4 anlaqlı olmadıqları üçün acınacaqlı vəziyyətdə yaşadıqlarını qeyd etmiş, bacıların fəaliyyət qabiliyyəti olmayan hesab edilmələrinə ciddi zərurət olduğunu bildirərək, bununla bağlı müvafiq hüquqi prosedurların həyata keçirilməsinə köməklik edilməsini xahiş etmişdir. Müraciət aidiyyəti üzrə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasında hərtərəfli araşdırılmış, müvafiq zəruri prosesual hərəkətlər həyata keçirilmişdir. Hazırda rayonun Tatarməhlə kəndində yaşayan bacılar - X15 və X11 özlərinə qapanmış şəkildə, antisanitar şəraitdə həyat sürürlər. Rəsmi surətdə “F22 Sayıqlama” diaqnozu qoyulmuş hər iki şəxs artıq 10 ildir ki, bütün kommunal xidmətlərdən də imtina ediblər. Hazırda nə elektrik, nǝ qaz, nə də su istifadəçisi olmayan bacıların həyat şəraitini təsəvvür etmək çətin deyil. Bununla yanaşı təqaüdçü olan bacılar dövlətin onlara verdiyi müavinətdən də istifadə etmirlər. Onların gündəlik zəruri qidalanma ehtiyaclarını Neftçala Rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə kənd İƏD üzrə Nümayəndəliyi, Tatarməhlə Bələdiyyəsi və qonşuluqda yaşayan şəxslər təmin edirlər. Bu məsələdə ərizəçi Maraqlı şəxs yaxından iştirak edir. Vəziyyəti öyrənmək məqsədilə Komissiyanın üzvləri və aidiyyəti şəxslərin iştirakı ilə məsələ yerində araşdırılmış, müvafiq akt tərtib edilmiş, ərazidə yaşayan qonşularla söhbət edilmişdir. Məsələ araşdırılarkən fakt öz təsdiqini tapmış, onların acınacaqlı həyat sürdükləri məlum olmuşdur. Hər iki şəxs təbii vəziyyətlərinə uyğun olaraq özlərini normal aparmırlar. Baxış zamanı onların anlaqlı olmadıqları açıq-aydın müşahidə olunmuşdur. Hər iki şəxs bu vaxta qədər rəsmi şəkildə fəaliyyət qabiliyyəti olmayan hesab edilməyiblər və bu səbəbdən də onlarla bağlı heç bir hüquqi prosedurlar həyata keçirilə bilmir. Komissiya hesab edir ki, hazırda “F22 Sayıqlama” diaqnozu ilə xəstə olan Əminə və Məlahət Əhmədova bacılarının məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi vacibdir. Hər iki şəxsə məxsus şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələr və digər sənədlərin hazırda harada olması barədə məlumat yoxdur. Xəstələr bununla bağlı aydın fikir və izahat verə bilmirlər. Komissiya bu məsələ ilə bağlı əvvəlki dövrlərdə də aidiyyəti qurumlardan zəruri məlumatlar toplamış, hər iki şəxslə bağlı məsələni davamlı nəzarətdə saxlamışdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə kənd İƏD üzrə Nümayəndəliyindən daxil olmuş məktubda X15 və X11 barədə məlumatların Nümayəndəliyin 1 nömrəli təsərrüfatbaşına kitabının 2 nömrəli təsərrüfatında qeydə alındığı, onların hazırda Tatarməhlə kəndi ünvanında mərhum ataları A.Əhmədova məxsus fərdi yaşayış evində yaşadıqları bildirilmişdir. Məktubda həmin şəxslərin ciddi psixoloji problemlərinin olduğu qeyd edilmişdir. Neftçala Rayon Polis Şöbəsindən müraciət əsasında daxil olmuş məlumatda hər iki şəxsə Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2008ci il tarixində AZE 06717458 (X15) və AZE 06717457 (X11) nömrəli şəxsiyyət vəsiqələrinin verildiyi qeyd edilmişdir. Neftçala rayon Qeydiyyat şöbəsindən müraciət əsasında daxil olmuş məktubda hər iki şəxslə bağlı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə yoxlamalar aparıldığı və onların doğumlarının Neftçala Rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə kənd İƏD üzrə Nümayəndəliyində xx.xx.1956-cı il tarixli 12 və xx.xx.1958-ci il tarixli 22 nömrəli doğum haqqında akt qeydləri ilə tərtib edildiyi qeyd edilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmaqla ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır. Neftçala Rayonu İcra Hakimiyyəti Başçısının Tatarməhlə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş X13 və X8 barədə məlumatlar Neftçala Rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1 nömrəli təsərrüfatbaşına kitabının 2 nömrəli təsərrüfatında qeydə alınıb. X13 və X8 hal - hazırda Neftçala rayonu Tatarməhlə kəndi ünvanında mərhum atasına məxsus fərdi yaşayış evində yaşayırlar. X13 xx.xx.1956-ci ildə Neftçala rayonu Tatarməhlə kəndində anadan olmuşdur. X8 xx.xx.1958-ci ildə Neftçala rayonu Tatarməhlə kəndində anadan olmuşdur. Həmin şəxslərin ciddi psixoloji problemləri var. Neftçala Rayon Polis Şöbəsinin Neftçala Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Neftçala rayonu Tatarməhlə kəndində qeydiyyatda olanlar xx.xx.1958-ci il təvəllüdlü X7 xx.xx.2008-ci il tarixdə AZE seriyalı, 06717457 nömrəli şəxsiyyət vəsiqəsi və xx.xx.1956-cı il təvəllüdlü X12 xx.xx.2008-ci il tarixdə AZE seriyalı, 06717458 nömrəli şəxsiyyət vəsiqələri Neftçala Rayon Polis Şöbəsi tərəfindən verilmişdir. Neftçala rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X9 doğumu və X4 doğumu barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və aşkar olunmuşdur ki, xx.xx.1956-cı il tarixdə anadan olmuş X1 rayon Tatarməhlə kənd İƏN-də xx.xx.1956-ci il tarixli, 12 nömrəli və xx.xx.1958-ci il tarixdə anadan olmuş X4 doğumu Neftçala rayon Tatarməhlə kənd İƏN-də xx.xx.1958-ci il tarixli 22 nömrəli doğum haqqında akt qeydləri tərtib olunmuşdur. Salyan rayonu, Həsənli kənd sakini Maraqlı şəxs tərəfindən Neftçala Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış ərizənin məzmunundan görünür ki, o, qohumları ünvan 4ləri X15 və X4 anlaqlı olmadıqları üçün həddindən artıq acınacaqlı vəziyyətdə yaşadıqlarını, hazırda onlarla bağlı hüquqi prosedurları həyata keçirə bilmədiklərini, hər iki bacının fəaliyyət qabiliyyəti olmayan hesab edilmələrinə zərurət olduğunu bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasınının 1526 №-li göstərişə cavab məktubunda xx.xx.1956-cı il təvəllüdlü X9 Salyan RPX-da xx.xx.2023-cü ildə müayinə olunduğu və ona “F22 Sayıqlama pozuntusu” diaqnozu qoyulduğu və ambulator müalicə tövsiyyə edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasınının 1525 №-li göstərişə cavab məktubunda xx.xx.1958-ci il təvəllüdlü X4 Salyan RPX-da xx.xx.2023-cü ildə müayinə olunduğu və ona “F22 Sayıqlama pozuntusu” diaqnozu qoyulduğu və ambulator müalicə tövsiyyə edildiyi qeyd edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-1270/2024 nömrəli iş üzrə 21 noyabr 2024cü il tarixli qərardadından görünür ki, ərizəçi Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə Ambulator məhkəmə psixiatriya ekspertizası təyin edilmiş və iş üzrə icraat müvafiq rəy alınanadək dayandırılmışdır. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 13 fevral 2025-ci il tarixli, 452 saylı rəyində qeyd olunur ki, yoxlanılan şəxs X5 xroniki sayıqlama pozuntusu (F22.8) qeyd olunur. Bunu tibbi sənədlər və hazırkı müayinənin nəticələri - Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdə müayinə olunarkən “sayıqlama pozuntusu” diaqnozunun müəyyən edilməsi, hazırkı müayinə zamanı aqressivlik nümayiş etdirməsi, sayıqlama fikirlər söyləməsi, fikirlərinin korreksiyaya tabe olmaması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidinin olmaması və sair sübut edir. X5 xroniki sayıqlama pozuntusu qeyd olunur. X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. M.A.Əhmədovanı fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 13 fevral 2025-ci il tarixli, 451 saylı rəyində qeyd olunur ki, yoxlanılan şəxs X10 xroniki sayıqlama pozuntusu (F22.8) qeyd olunur. Bunu tibbi sənədlər və hazırkı müayinənin nəticələri - Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdə müayinə olunarkən “sayıqlama pozuntusu” diaqnozunun müəyyən edilməsi, hazırkı müayinə zamanı aqressivlik nümayiş etdirməsi, sayıqlama fikirlər söyləməsi, fikirlərinin korreksiyaya tabe olmaması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidinin olmaması və sair sübut edir. X10 xroniki sayıqlama pozuntusu qeyd olunur. X15 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Ə.A.Əhmədovanı fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, 29 mart 1956-cı il təvəllüdlü X15 və 15 sentyabr 1958-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X15 və X11 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 mart 1956-cı ildə Neftçala rayonu, Tatarməhlə kəndində doğulmuş X15 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. 15 sentyabr 1958-ci ildə Neftçala rayonu, Tatarməhlə kəndində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X15 və X11 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala Rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar