Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-645/2024 18.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 2008-2009-cu illər üzrə əsassız hesablanmış 296,99 manat borcun **********01642 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə teleqram göndərərək üzrlü səbəblərə görə məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd edib, işə onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, **********01642 abonent kodu ilə elektrik enerjisindən istifadə edir. Fərdi yaşayış evini X2 almış və 16 dekabr 2023-cü il tarixdə evi qeydiyyatdan keçirərək rəsmi çıxarış almışdır. Evi alarkən abonent hesabında heç bir borc olmayıbdır. Lakin sonradan Salyan «ASAN xidmət» mərkəzində sayğacı öz adına rəsmiləşdirərkən ona sayğac üzrə borcun olduğu bildirilmişdir. Daha sonra ona məlum olmuşdur ki, 2008-2009-cu illər üzrə "xxxx" ASC tərəfindən heç bir məlumat olmadan, əsassız olaraq borc hesablanmış və buna görə də 296,99 manat cərimə borcu yaranmışdır. Həmin borc barədə onlara rəsmi məlumat verilməyib. Birincisi sayğaca cavabdeh tərəfindən nəzarət olunur və sayğac açıq sahədə quraşdırılmışdır. Həmçinin hər 15 gündənbir nəzarətçi tərəfindən sayğaca baxış keçirilərək sərfiyyat barədə bildiriş təqdim edilmiş və verilmiş bildirişlərə əsasən mütəmadi olaraq ödənişlərini etmişdir. Həmin göstərilən borc tamamilə əsassızdır. 2008 – 2009-cu illər üzrə göründüyü kimi 296,99 manat borcun hansı hissədə cərimə hansı hissədə borc və ya sayğacdan kənar xətt üçün hesablanmış olduğu da bilinmir. Heç vaxt elektrik enerjisindən istifadəyə görə borcu yaranmamış, istifadə edilən enerjinin pulu daim vaxtında ödənilmişdir. Hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən təqsiri qanunvericiliklə təsdiq olunmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın tələbləri pozulmaqla ona borc hesablanmışdır. Çünki, istifadəsində olan sayğaca tərəfindən müdaxilə edilməmiş, həmçinin kənar xəttdən istifadə halı müəyyən edilməmişdir. Beləliklə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən heç bir fakta əsaslanmadan şəxsi ehtimallara əsasən tərtib olunmuş rəy və akt onun istehlakçı olaraq hüquqlarını pozmuşdur. Ona görə də əsassız olaraq hesablanmış borc məbləğinin abonent hesabından silinməsi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktik olaraq ünvan 2i qaydalarla: Neftçala şəhəri, ünvan 3 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli AN – İ № ******* nömrəli «daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, Neftçala şəhəri, X7 küçəsi, 354, yeni qaydalarla: AZ 4701, Neftçala rayonu, Neftçala şəhəri, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 33 kv/m, yaşayış sahəsi 18 kv/m, yardımçı sahəsi 15 kv/m olan 1 otaqlı fərdi yaşayış evi «satıcılar» – X5, X3 və X1 tərəfindən «alıcı» – İddiaçı satılmışdır. «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» **********91-10301 nömrəli çıxarışın məzmunundan görünür ki, Neftçala şəhəri, X7 küçəsi,ev 354, yeni qaydalarla: AZ 4701, Neftçala şəhəri, Cəbrayıl Bağırov küçəsi, giriş 23 ünvanında 0,11278 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 33 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat tarixi: xx.xx.2023). İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin **********01642 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, sayğac quraşdırma tarixinə 296,99 manat məbləğində borc yaranmışdır. İddiaçı bildirir ki, o, hazırda mülkiyyətində olan fərdi yaşayış evini 21 noyabr 2023cü ildə alğı-satqı yolu ilə almış, alğı-satqı zamanı həmin dövrədək elektrik enerjisindən istifadəyə görə hər hansı bir borcun olması müəyyən edilməmişdir. Həmçinin elektrik sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca cavabdeh tərəfindən nəzarət olunur və açıq sahədə sayğac quraşdırılmışdır. Sayğac daim tam saz vəziyyətdə olmuşdur. Sayğaca baxış keçirilib akt tərtib edilərkən nə abonentin, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Sayğaca hər hansı müdaxilə olmuş olsa belə bunun cavabdehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, «Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür». «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən «istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 4.1-ci maddəsinə əsasən «enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyəti ilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinin hazırlanması və tətbiqi müvafiq təlimata əsasən həyata keçirilir». Həmin qaydaların 7.11-ci maddəsinə əsasən «Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır». «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, «Öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, «Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz». Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, «Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir», «Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Beləliklə, məhz cavabdeh elektrik sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş abunə vərəqəsində qeyd edilən borcun məhz iddiaçının hər hansı bir təqsiri üzündən və ya sayğaca müdaxiləsi nəticəsində yaranmasını təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, yaranmış borca görə iddiaçının hər hansı bir məsuliyyət daşıması işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Lakin yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" ASC-nin İddiaçı yuxarıda göstərilən səbəblərə görə 296,99 manat borc hesablaması əsassız olmuşdur. Belə olan halda hesablanmış borc məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı (abonent №**********01642, ünvan 2i qaydalarla: Neftçala şəhəri, ünvan 3) sayğac quraşdırma tarixinə olan borc olaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 296 (iki yüz doxsan altı) manat 99 (doxsan doqquz) qəpik məbləğində borc silinsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-645/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-645/2024
18.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver