Məhkəmə qərarları › İş №2(053)-669/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-669/2024

29.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-669/2024 29.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 12 dekabr 2005-ci il təvəllüdlü “Baş beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yaranan ağıl zəifliyi, kopud davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları (3 dəfə)” diaqnozu ilə xəstə olan oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsəslandırmışdır ki, keçmiş həyat yoldaşı X7 ilə birgə nikahlarından doğulmuş oğlu 12 dekabr 2005-ci il təvəllüdlü X10 əqli qüsurlu xəstədir. Oğluna “Baş beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yaranan ağıl zəifliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları (3 dəfə)" diaqnozu qoyulub. Ruhi-psixoloji problemləri olan oğlunun qayğısına valideyn olaraq özü qalır. Müstəqil şəkildə özünü idarə edə bilməyən oğlunun bütün ehtiyaclarını qarşılamağa çalışır. Demək olar ki, oğlu təbii olaraq özünü xəstəliyinə uyğun şəkildə aparır. Onun anlaqsız şəkildə hərəkətlərini yalnız özü tənzimləyə bilir. Oğlu Səbuhinin xəstə olmasını, bu səbəbdən də özünü anormal aparmasını qohum və qonşular, o cümlədən onları tanıyan digər şəxslər də təsdiq edə bilərlər. Bildirir ki, yetkinlik yaşına çatmış, 18 yaşı olan oğlu əqli qüsurlu olduğu üçün onunla bağlı heç bir hüquqi proseduru həyata keçirilə bilmir. Əlavə olaraq qeyd edir ki, keçmiş həyat yoldaşı X7 ilə birgə nikahlarından doğulmuş digər övladı, 27 iyul 2004-cü il təvəllüdlü X9 da əqli qüsurludur. Məhz bu səbəbdən ərizəsi əsasında Neftçala Rayon Məhkəməsi 22 avqust 2023-cü il tarixli, 2(053)-279/2023 nömrəli qətnamə ilə qızını fəaliyyət qabiliyyəti olmayan hesab edib. Neftçala Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə X2 rəsmən boşandıqdan sonra birgə nikahdan doğulmuş hər iki övladının yaşayış yeri onun yanı müəyyən edilib. Ərizəçi 23 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək 29 noyabr 2024cü il tarixə təyin edilmiş məhkəmə iclasında ailə vəziyyəti ilə bağlı iştirak edə bilməyəcəyini, həmin prosesin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş, lakin müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. «Nikahın pozulması haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 və X1 nikahı Neftçala Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Hüseynova soyadı verilmişdir. «Doğum haqqında» şəhadətnamənin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, Hüseynova (Eyvazova) Elmira Məhərrəməli qızı 12 dekabr 2005-ci ildə Neftçala rayonu, Kürqarabucaq kəndində doğulmuş X5 anasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə TSEK tərəfindən müayinə olunmuş, müayinənin nəticəsi olaraq ona Baş beynin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində yaranan ağıl zəifliyi, kopud davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları (3 dəfə) diaqnozu qoyulmuş, əmək zəmanətsiz hesab edilmiş və ona ümumi xəstəlik səbəbindən xx.xx.2027-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-97/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh X4 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilməklə tərəflər arasındakı nikah pozulmuş, onların birgə nikahlarından 27 iyul 2004-cü ildə doğulmuş X9 və 12 dekabr 2005-ci ildə doğulmuş X10 iddiaçı anaları X1 yanında saxlanmaları müəyyən edilməklə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmalarından ötrü hər ay cavabdeh X3 qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-279/2023 nömrəli iş üzrə 22 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi Hüseynova (Eyvazova) Elmira Məhərrəməli qızının “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi təmin edilməklə, 27 iyul 2004-cü ildə Neftçala rayonu, Kürqarabucaq kəndində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 2627 saylı rəyində qeyd olunur ki, 12 dekabr 2005-ci il təvəllüdlü X6 demensiya (ağıl zəifliyi) müəyyən edilir. S.M.Eyvazov öz psixi vəziyyətinə görə hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. S.M.Eyvazovu öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə əsasən «Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir». Həmin Məcəllənin 33.4 və 34.2-ci maddələrinə əsasən «On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir», «Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir». Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır». Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, 12 dekabr 2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan sayılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti X10 üzərində qəyyumluq təyin edilməsi üçün Neftçala rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 320, 321, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 dekabr 2005-ci ildə Neftçala rayonu, Kürqarabucaq kəndində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X10 üzərində qəyyum təyin edilməsi üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində onun surəti Neftçala rayon İcra Hakimiyyətinə göndərilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar