Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-78/2024 08.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 31 iyul 2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və bu akta əsasən hesablanmış borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək göstərmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları fərdi yaşayış evinə məişət qazının verilməsi ilə əlaqədar qaz paylayıcı ilə aralarında qazın alğı-satqısı barədə 08 sentyabr 2015-ci il tarixli 747 nömrəli müqavilə bağlanmışdır. Bu səbəbdən qazın verilməsini tənzimləyən sayğac da onun adına rəsmiləşdirilmişdir. Həmin qaz sayğacı küçədə, yəni yaşadıqları evin həyətinə giriş darvazasından bir qədər aralıda hasara quraşdırılmışdır. Sayğacın göstəricisinə uyğun olaraq hesablanmış sərfiyyatın pulunu verilmiş bildirişlərə əsasən hər zaman tam şəkildə ödəmişlər. 2022-ci ilin noyabr ayının əvvəllərində qazın təzyiqinin qəfil artıb-azalması nəticəsində evdə olan qaz sobasında güclü alov yaranmasından ehtiyatlanaraq əri Elxan Əzizov tərəfindən bu barədə «Azəriqaz» İstehsalat Birliyinin əraziyə nəzarət edən əməkdaşına məlumat verilmişdir. Bundan bir neçə gün sonra «Azəriqaz» İB Salyan RQİİ Neftçala xidmət sahəsinin əməkdaşları gəlib qaz sayğacına, həmçinin qaz xəttinə baxış keçirmişlər. Baxış zamanı onlar sayğacın plombunun üzərində olduğunu, ona hər hansı bir müdaxilənin olmadığını, lakin hesab mexanizminin ilişə-ilişə işlədiyini, bu səbəbdən sayğacın yenisi ilə əvəz edilməli olduğunu bildirmişlər. 16 noyabr 2022-ci il tarixdə isə sayğacı yenisi ilə əvəz edib, bu barədə müvafiq akt tərtib edib, ona həmin aktın sayğacın dəyişdirilməsi ilə bağlı olduğunu və akta imza etməli olduğunu bildiriblər. O, da həmin akta imza etmişdir. Sayğacın dəyişdirildiyi vaxtdan təxminən 9 ay sonra, yəni 2023-cü ilin avqust ayının sonlarında «Azəriqaz» İB Salyan RQİİ Neftçala xidmət sahəsinin əməkdaşları tərəfindən onlara 31 iyul 2023-cü il tarixli ******* nömrəli akt təqdim edilmişdir. Aktı aldıqdan sonra bilmişlər ki, istifadələrində olan əvvəlki sayğac laboratoriyada yoxlanılarkən daxilində müdaxilə əlamətləri aşkarlanıb. Qeyd edir ki, sayğaca heç vaxt hər hansı bir müdaxilə etməyiblər və sayğac yoxlanması üçün çıxarılanadək onun plombu da üzərində olub. Qeyd etdiyi halları sayğacın yoxlanması üçün çıxarılmasında iştirak etmiş Neftçala xidmət sahəsinin əməkdaşları da təsdiq edə bilərlər. Bundan başqa sayğacın küçədə quraşdırılması ona tam nəzarət etməyi də mümkünsüz edir. Buna baxmayaraq cavabdeh təşkilat sayğaca müdaxilə edilib-edilməməsi və ya müdaxilənin olduğu halda onun məhz onlar tərəfindən icra edilməsi barədə hər hansı bir mötəbər sübut olmadan sayğacda yaranmış nasazlığı müdaxilə kimi qiymətləndirmiş və buna istinadən 31 iyul 2023-cü il tarixli ******* nömrəli akt tərtib etmişdir. Göstərilən səbəblərə görə aktı onlara təqdim edən əməkdaşlara aktda qeyd edilənlərlə razı olmadığını bildirərək onu imza etməkdən imtina edibdir. Hesab edir ki, «Azəriqaz» X2 X3 İdarəsi Neftçala xidmət sahəsinin əməkdaşları tərəfindən istehlakçı olaraq hüquqları pozulmuş və yalnız 31 iyul 2023-cü il tarixli akta istinad edilməklə onlara əsassız olaraq 518,40 manat məbləğdə borc hesablanıbdır. Əlavə olaraq bildirir ki, 31 iyul 2023-cü il tarixli ******* nömrəli aktda hesablanmış ziyanın ödənilməsi ilə yanaşı, abonent olaraq öz hesabına yeni qaz sayğacının alınması da tələb kimi göstərilmişdir. Bununla bağlı qeyd edir ki, sayğac 16 noyabr 2022-ci il tarixdə yenisi ilə əvəz edilmiş və hal-hazıradək onların istifadəsindədir. Bundan əlavə sayğacın növü, markası, onun haradan alınması, habelə qiyməti barədə ona hər hansı bir rəsmi məlumat və ya xəbərdarlıq edilməyib. Tələbin sayğaca aid olan hissəsi ilə bağlı Neftçala xidmət sahəsinin aidiyyəti əməkdaşından soruşduqda isə ona sayğacın alınmasına ehtiyac olmayacağı bildirilmişdir. Hesab edir ki, 31 iyul 2023-cü il tarixli ******* nömrəli akt ləğv edilməli və bu akta əsasən itirilmiş qazın bərpasına görə hesablanmış borc abonent hesabından silinməlidir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əzizova X1 rayonu, Aşağı Surra kəndində daimi qeydiyyatdadır. 08 sentyabr 2015-cü il tarixli 747 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə» müqavilədən görünür ki, «Azəriqaz» İB-nin Salyan RQİİ ilə İddiaçı arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. 16 noyabr 2022-ci il tarixli «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı aktın surətindən görünür ki, İddiaçı fərdi evində quraşdırılmış «Zenner G4T» markalı, **********9 nömrəli sayğac hesab mexanizminin ilişməsi ilə əlaqədar dəyişdirilərək «Zenner G4T» markalı, **********6 nömrəli yeni sayğacla əvəz olunmuşdur. 31 iyul 2023-cü il tarixdə tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında ******* nömrəli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, «ARDNŞ-nin «Azəriqaz» İB-nin qaz sayğaclarının yoxlanması barədə 31 iyul 2023 il tarixli AKT № MSK – 14-2-2/3-5-5251-Q001 saylı aktına əsasən abonentin mənzilinə quraş. G-4 markalı **********9 № li qaz say. baxış keçirildi: Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mex. hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində çıxarıldığı aşkarlandı. Sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, hesablanmış ziyan tam ödənilməlidir». 04 sentyabr 2023-cü il tarixli «Abonentin saldosu» adlı sənəddən görünür ki, abonent kodu **********03260 olan İddiaçı müvafiq akta əsasən 518,40 manat məbləğində borcu yaranmışdır. «Azəriqaz» İB-nin Salyan RQİİ ilə İddiaçı arasında bağlanmış 08 sentyabr 2015-cü il tarixli 747 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğısatqısı barədə» müqavilənin 2.3.4-cü bəndinə görə istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməyib. Qazın təzyiqinin qəfil artıb-azalması nəticəsində evdə olan qaz sobasında güclü alov yaranmasından ehtiyatlanaraq bu barədə «Azəriqaz» İB-nin Salyan RQİİ-nin Neftçala xidmət sahəsinin əməkdaşlarına məlumat vermişlər. Sayğac küçədə, açıq sahədə evin həyətinə giriş darvazasından bir qədər aralıda hasara quraşdırılmışdır. Sayğac daim tam saz vəziyyətdə olmuş və yoxlanılması üçün çıxarılanadək onun plombu üzərində olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, «Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür». «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən «istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, «Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz». Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, «Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir», «Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh «Azəriqaz» İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent №**********03260, Neftçala rayonu, Aşağı Surra kəndi) barədə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 iyul 2023-cü il tarixli ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında müəyyən edilən 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində dəymiş zərər (cərimə) silinsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-78/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-78/2024
08.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver