Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-8/2024 07.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil, cavabdeh və üçüncü şəxs İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızının nümayəndəsi (qardaşı) Cavabdeh, üçüncü şəxslər İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızının, Bayrışova (Əzizova) İradə Feyzulla qızının, Neftçala rayon notariat ofisinin xüsusi notariusu X8 iştirakı ilə İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızına, Bayrışova (Əzizova) İradə Feyzulla qızına, Muradova (Əzizova) Sədaqət Feyzulla qızına habelə Neftçala rayon notariat ofisinə qarşı «mirasın qəbul edilməsi və payların müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh habelə “maraqlı şəxslər” Bayrışova (Əzizova) İradə Feyzulla qızına və Neftçala rayon notariat ofisinə qarşı iddia ilə məhkəməyə müraciət edərək özünün, Cavabdeh və Bayrışova (Əzizova) İradə Feyzulla qızının ünvan 2 (yeni qaydalarla AZ4704, Neftçala rayonu, Neftçala şəhəri, X16 küçəsi, 106) ünvanında yerləşən, mərhum anaları X2 miras qalmış fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin ikidə bir hissəsi üzrə miras payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunur ki, hazırkı iş üzrə yekun məhkəmə aktının iddiaçı ilə cavabdehin bacıları İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızının, Bayrışova (Əzizova) İradə Feyzulla qızının və Muradova (Əzizova) Sədaqət Feyzulla qızının hüquq və vəzifələrinə təsir edə biləcəyi nəzərə alınaraq onlar məhkəmənin təşəbbüsü ilə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuşlar. Həmçinin qeyd olunur ki, 17 mart 2024-cü il tarixində İddiaçı nümayəndəsi, Vəkil, Cavabdeh və üçüncü şəxs Bayrışova (Əzizova) İradə Feyzulla qızı arasında barışıq sazişi imzalanmış, Neftçala Rayon Məhkəməsi həmin sazişin qanunazidd olmaqla yanaşı, onun məhkəmə tərəfindən təsdiqlənməsinin üçüncü şəxslər İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızının, Bayrışova (Əzizova) İradə Feyzulla qızının və Muradova (Əzizova) Sədaqət Feyzulla qızının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnə biləcəyini nəzərə alaraq, həmin sazişi təsdiqləməkdən 07 may 2024-cü il tarixli qərardadla imtina etmişdir. İddiaçı məhkəmə iclaslarında iddiasını müdafiə edərək bildirmişdir ki, atası X9 11 may 2000-ci ildə, anası X7 isə 06 aprel 2007-ci ildə vəfat etmişlər. Valideynləri 24 aprel 1952-ci ildə nikaha daxil olublar. Onların birgə nikahından 29 noyabr 1954-cü ildə Qarayeva (Əzizova) Gülbadam Feyzulla qızı, xx xxxx 1958-ci ildə İddiaçı (iddiaçının özü), 11 avqust 1960-cı ildə Cavabdeh, 17 fevral 1964-cü ildə İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, 02 avqust 1966-cı ildə Bayrışova (Əzizova) İradə Feyzulla qızı və 13 aprel 1969-cu ildə Muradova (Əzizova) Sədaqət Feyzulla qızı adlı uşaqları doğulub (bacıları ailə qurarkən ərlərinin soyadlarını qəbul ediblər). Özü, bacısı Bayrışova (Əzizova) İradə Feyzulla qızı və qardaşı Cavabdeh qanun üzrə vərəsələr kimi valideynlərindən miras qalmış əmlakı qəbul ediblər. Digər vərəsələr mirası qəbul etməyib. ünvan 2 (yeni qaydalarla AZ4704, Neftçala rayonu, Neftçala şəhəri, X16 küçəsi, 106) ünvanında yerləşən torpaq sahəsi müvafiq dövlət reyestrindən çıxarışa əsasən ikidə bir hissədə bacısı Bayrışova (Əzizova) İradə Feyzulla qızına, digər ikidə bir hissədə mərhum anası X4 məxsusdur. Eyni ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi isə mərhum anasıdır. Bacısı Bayrışova (Əzizova) İradə Feyzulla qızı miras əmlakın özünə aid hissəsi ilə bağlı bütün sənədləşmə işlərini aparmış və ilkin olaraq 28 mart 2013-cü ildə evi müvafiq qaydada sığorta etdirmişdir. Cavabdehə və üçüncü şəxs Bayrışova (Əzizova) İradə Feyzulla qızına 2022-ci ilin noyabr ayında mərhum anası X2 miras qalmış əmlak barədə Neftçala rayon notariat ofisində açılacaq vərəsəlik işində qanun üzrə vərəsə kimi iştirak etmələri və payların bərabər şəkildə razılaşmaqla naturada bölgüsünün aparılması təklif olunmuşdur. Lakin cavabdeh buna narazılığını bildirərək notariusa gəlməkdən imtina etmişdir. Həmçinin vəkili Vəkil tərəfindən 05 noyabr 2022-ci il tarixli məktubla Neftçala rayon notariat ofisinə müraciət edilərək notariat ofisinə vərəsələrdən Cavabdeh və Bayrışova (Əzizova) İradə Feyzulla qızının dəvət edilməsi, habelə pay bölgüsünün aparılmasına köməklik edilməsi, razılıq olmadığı təqdirdə isə imtina qərarının verilməsi xahiş edilmişdir. Cavabdeh notariat ofisinə gələrək narazılığını bildirmiş, daha sonra ondan Neftçala Rayon Polis Şöbəsinə və Neftçala Rayon Prokurorluğuna şikayətlər etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi, Vəkil da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək İddiaçı məhkəməyə bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh və üçüncü şəxs İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızının nümayəndəsi qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək İddiaçı onun qardaşı olduğunu bildirmişdir. ünvan 2 (yeni qaydalarla AZ4704, Neftçala rayonu, Neftçala şəhəri, X16 küçəsi, 106) ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən ibarət miras əmlaklara münasibətdə İddiaçı payının beşdə bir hissədə müəyyən olunmasına etiraz etmir. Təmsil etdiyi üçüncü şəxsin də iddianın bu qadada təmin olunmasına etirazı yoxdur. İşin məhkəmə baxışı zamanı üçüncü şəxs qismində dindirilmiş İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı və Bayrışova (Əzizova) İradə Feyzulla qızı bildirmişlər ki, analarından miras qalmış əmlaka münasibətdə hər hansı iddiaları və tələbləri yoxdur. Həmin əmlakın qardaşları arasında bərabər paylar üzrə bölünməsinə etiraz etmirlər. Üçüncü şəxs İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı həmçinin bildirir ki, anasının ölümündən sonra mübahisəli daşınmaz əmlakda xeyli müddət ərzində yaşamış, daha sonra isə anasından ona miras qalmış tikilinin daşlarını və s. tikinti materiallarını söküb apararaq özünə başqa bir yerdə ev tikdirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Muradova (Əzizova) Sədaqət Feyzulla qızı gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını mümkün hesab edib. Neftçala rayon notariat ofisinin xüsusi notariusu X11 işin məhkəmə baxışı zamanı iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələblərinə uyğun gələn sübutlarla aşağıdakılar müəyyən olunur. X5 14 may 1929-cu ildə doğulmuş, 24 aprel 1952-ci ildə X9 ilə nikah bağlayaraq “Əzizova” soyadını qəbul etmişdir. X9 11 may 2000-ci ildə, X7 isə 06 aprel 2007-ci ildə ölüblər. X9 ilə X3 birgə ailə münasibətlərindən 29 noyabr 1954-cü ildə Əzizova (nikah bağladıqdan sonra – Qarayeva) Gülbadam Feyzulla qızı, xx xxxx 1958-ci ildə İddiaçı, 11 avqust 1960-cı ildə Cavabdeh, 17 fevral 1964-cü ildə Əzizova (nikah bağladıqdan sonra – İsayeva) Səliməxanım Feyzulla qızı, 02 avqust 1966-cı ildə Əzizova (nikah bağladıqdan sonra – Bayrışova) İradə Feyzulla qızı və 13 aprel 1969-cu ildə Əzizova (nikah bağladıqdan sonra – Muradova) Sədaqət Feyzulla qızı adlı uşaqlar doğulublar. 29 noyabr 1954-cü il təvəllüdlü Əzizova (nikah bağladıqdan sonra – Qarayeva) Gülbadam Feyzulla qızı 28 iyul 2003-cü ildə, yəni anası X3 ölümündən əvvəl vəfat edib. «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» çıxarışlarla müəyyən olunur ki, ünvan 2 (yeni qaydalarla AZ4704, Neftçala rayonu, Neftçala şəhəri, X16 küçəsi, 106) ünvanında yerləşən fərdi yaşayış evi, habelə ölçüsü 0,1202 ha təşkil edən torpaq sahəsinin 1/2 hissəsi xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. Eyni çıxarışlarla müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən və ölçüsü 0,1202 ha təşkil edən torpaq sahəsinin digər 1/2 hissəsi xüsusi mülkiyyət hüququ ilə Bayrışova (Əzizova) İradə Feyzulla qızına məxsusdur. Qeyd olunur ki, yuxarıda göstərilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X7 ilə Bayrışova (Əzizova) İradə Feyzulla qızının paylı mülkiyyəti kimi qeydə alınıb. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, miras əmlakın vərəsələr arasında məhkəmədənkənar qaydada, yəni müvafiq notariat əməliyyatı aparılmaqla vərəsələr arasında bölünməsi mümkün olmayıb. Muradova (Əzizova) Sədaqət Feyzulla qızı aşağıdakı məzmunda notariat qaydasında təsdiqlənmiş formada ərizə təqdim edib: “Bildirirəm ki, mərhum anam X7, xx.xx.2007-ci il tarixdə vəfat etmişdir və mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktik nə də ərizə ilə qəbul etməmişəm, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişəm buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlakdan pay almaq niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəm. Notarius tərəfindən mənə izah edildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz”. İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı məhkəməyə aşağıdakı məzmunda ərizə təqdim edib: “Bildirirəm ki, mərhum anam X2 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və ½ hissədə torpaq sahəsində olan payımdan imtina edirəm. Həmin paylara dair heç bir iddia və tələbim yoxdur. Məhkəmədən ərizəmin nəzərə alınmasını ... xahiş edirəm”. Məhkəmə iddianın həlli ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 1133-cü maddəsinə əsasən «1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır». X1 vəsiyyətnamə qoymadığını və mülki qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə qanun üzrə vərəsəlik qaydaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1134.1-ci maddəsinə əsasən «Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər». Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin tələbinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququ ilə birinci növbə vərəsələr sayılırlar. İşin faktik hallarından görünür ki, Qarayeva (Əzizova) Gülbadam Feyzulla qızı X2 təxminən dörd il əvvəl ölüb. Bunu, habelə Azərbaycan Respublikası MM-nin yuxarıda istinad olunan 1134.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Qarayeva (Əzizova) Gülbadam Feyzulla qızı X3 qanun üzrə vərəsəsi sayıla bilməz. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikası MM-nin yuxarıda istinad olunan 1134.1 və 1159.1.1-ci maddələrinə əsaslanıb, işin faktik hallarını nəzərə alaraq hesab edir ki, xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı, 11 avqust 1960-cı il təvəllüdlü Cavabdeh, 17 fevral 1964-cü il təvəllüdlü İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, 02 avqust 1966-cı il təvəllüdlü Bayrışova (Əzizova) İradə Feyzulla qızı və 13 aprel 1969-cu il təvəllüdlü Muradova (Əzizova) Sədaqət Feyzulla qızı X1 bərabər pay hüququ ilə birinci növbə vərəsələri sayılmalıdırlar. Mirasın qəbulu ilə bağlı iş materiallarında əks olunan, habelə məhkəmə araşdırması dövründə proses iştirakçıları tərəfindən səsləndirilmiş mülahizələrlə əlaqədar aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü ilə tarixli Qərarının nəticəvi hissəsi aşağıdakı məzmundadır: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin...”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunan hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin aidiyyəti müddəalarının tələblərinə uyğun həyata keçirilməlidir. Məhkəmə eyni zamanda vurğulayır ki, qüvvədə olan mülki qanunvericilik mirasın qəbulundan imtinanın xüsusi müddətini və qaydasını müəyyən edib (o cümlədən, MM-nin 1256-cı maddəsinin tələbinə görə mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir). Hazırkı iş üzrə iddia məhkəməyə 14 dekabr 2022-ci ildə daxil olmuş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı qüvvəyə mindiyi vaxt, yəni 26 dekabr 2023-cü ildə məhkəmənin icraatında olmuşdur. İşin faktik halları ilə müəyyən olunur ki, X3 qanun üzrə vərəsələri sayılan İddiaçı, Cavabdeh, İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, Bayrışova (Əzizova) İradə Feyzulla qızı və Muradova (Əzizova) Sədaqət Feyzulla qızı qanunla müəyyənləşdirilmiş müddətdə və qaydada mirasdan imtina etməyiblər. Göstərilənləri, işin s. faktik hallarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı, Cavabdeh, İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, Bayrışova (Əzizova) İradə Feyzulla qızı və Muradova (Əzizova) Sədaqət Feyzulla qızı anaları X2 miras qalmış əmlakı qəbul etmiş sayılmalıdırlar. Qeyd olunduğu kimi, vərəsələrdən heç biri, o cümlədən İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, Bayrışova (Əzizova) İradə Feyzulla qızı və Muradova (Əzizova) Sədaqət Feyzulla qızı qüvvədə olan mülki qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə mirasın qəbulundan imtina etməyiblər. Məhkəmə İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızının, Bayrışova (Əzizova) İradə Feyzulla qızının və Muradova (Əzizova) Sədaqət Feyzulla qızının hazırkı iş üzrə məhkəmə araşdırması dövründə miras paylarından qardaşlarının xeyrinə imtina etmələri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 1255-ci maddəsinə əsasən “Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır”. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü ilə tarixli Qərarında əks olunmuş hüquqi mövqeyi habelə Azərbaycan Respublikası MM-nin 1267 və 1269-cu maddəsinin müddəalarını əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, Bayrışova (Əzizova) İradə Feyzulla qızı və Muradova (Əzizova) Sədaqət Feyzulla qızı göstərilən Qərarın qüvvəsinə görə mirası qəbul etmiş sayılmaları səbəbindən mövcud vəziyyətdə mirasdan imtina edə bilməzlər. Beləliklə, İddiaçı, Cavabdeh, İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, Bayrışova (Əzizova) İradə Feyzulla qızı və Muradova (Əzizova) Sədaqət Feyzulla qızı hər biri 1/5 hissədə olmaqla miras əmlakda pay hüququna malikdirlər (Azərbaycan Respublikası MM-nin 1159.1.1-ci maddəsinə əsasən). Məhkəmə eyni zamanda izah edir ki, İsayeva (Əzizova) Səliməxanım Feyzulla qızı, Bayrışova (Əzizova) İradə Feyzulla qızı və Muradova (Əzizova) Sədaqət Feyzulla qızı miras əmlaklarını qardaşlarının xeyrinə hər hansı formada güzəşt etmək istəyirlərsə, bunun üçün ilk növbədə öz paylarını qanun üzrə vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirməlidirlər. Daha sonra onlar qanun üzrə vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirilmiş miras paylarını notariat qaydasında qanunla müəyyən edilmiş qaydada qardaşlarına güzəşt edə bilərlər (məsələn, bağışlama müqaviləsi bağlana bilər). İddianın həlli ilə əlaqədar olaraq məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən “Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər”. Göründüyü kimi qüvvədə olan mülki-prosessual qanunvericilik şəxsə məhz özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququ verib. İddiaçı isə iddia ərizəsində özü ilə yanaşı cavabdehin, hətta işə cavabdeh qismində cəlb etmədiyi bacısı Bayrışova (Əzizova) İradə Feyzulla qızının da miras əmlakda paylarının müəyyən olunmasını tələb edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinin və s. aidiyyəti müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddianın Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bayrışova (Əzizova) İradə Feyzulla qızına münasibətdə istər tam, istərsə də qismən təmin olunması mümkün deyil. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin olunmaqla İddiaçı mərhum anası X2 miras qalmış, ünvan 2 (yeni qaydalarla: AZ4704, Neftçala rayonu, Neftçala şəhəri, X16 küçəsi, 106) ünvanında yerləşən fərdi yaşayış evinə, habelə ölçüsü 0,1202 ha təşkil edən torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsinə 1/5 (beşdə bir) hissədə qanun üzrə vərəsəlik qaydasında miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mərhum anası X2 miras qalmış, ünvan 2 (yeni qaydalarla: AZ4704, Neftçala rayonu, Neftçala şəhəri, X16 küçəsi, 106) ünvanında yerləşən fərdi yaşayış evinə, habelə ölçüsü 0,1202 ha təşkil edən torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsinə 1/5 (beşdə bir) hissədə qanun üzrə vərəsəlik qaydasında miras payı müəyyən edilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-8/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-8/2024
07.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver