Məhkəmə qərarları › İş №2(053)-832/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-832/2023

01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-832/2023 01.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsinə qarşı «hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması»na dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Neftçala şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№ 438938 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və “adlı siyahı”nın Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən «iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir». Eyni Məcəllənin 89.3-cü maddəsinə əsasən «yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir». Müəyyən edilmişdir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə tərtib olunmuş, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Eyni zamanda ərizəyə əlavə olunmuş “Bildirş”, “torpaq sahəsinin planı və ölçüsü”, “arayışlar” və “şəhadətnamə” lər isə surətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1.-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə», 152.1.5-ci maddəsinə əsasən «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyindən və ərizəyə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən icraata qəbul edilmədən geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsinə qarşı «hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar