Məhkəmə qərarları › İş №2(053)-85/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-85/2024

30.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-85/2024 30.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Salyan X3 İdarəsinə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 07 iyul 2023-cü il tarixli aktın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Salyan X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 07 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə özlərinə məxsus fərdi yaşayış evində yaşayır. Sözügedən fərdi yaşayış evinə verilən məişət qazının alqı-satqısı barədə müqavilə əvvəllər nənəsi Arəstə Ağayeva ilə bağlanmış, 27 iyul 2023-cü il tarixdə isə müqavilə onunla bağlanmışdır. Fərdi yaşayış evinə qazın istifadəsinə görə aylıq ödənişləri halhazıra kimi vaxtı-vaxtında ödənilmişdir. 27 iyul 2023-cü il tarixdən aylıq qaz sərfiyyatının ödənişlərini öz adına ödəyir. Qaz sayğacı küçədə, həyətin hasarına olan qaz xəttinə birləşdirilib. Evdə istiliyi təmin etmək üçün kombi sistemindən, bundan əlavə "Kamforka" adlanan “PQ-2” tipli qaz cihazından mətbəxdə, qış aylarında kombi sistemindən axşam saat 09:00-dan 22:00-a kimi, "Kamforka" adlanan “PQ-2” tipli qaz cihazından istifadə edirlər. Qeyd edir ki, 03 iyul 2023-cü il tarixdə evdə olmadıqları vaxt yaxınlıqda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sürücüsünü tanımadıqları avtomobil həyət hasarına birləşdirilmiş qaz xəttinə dəyərək daş hasarı və qaz xəttini zədələmişdir. Bu məsələ ilə bağlı ona məlumat veriləndən sonra o, təcili olaraq Salyan X3 İdarəsinin qaynar xətti olan “104” xidmətinə məlumat vermiş, müraciəti əsasında Salyan X3 İdarəsinin Neftçala XS-nin əməkdaşları sayğaca baxış keçirmişlər. Baxış zamanı hesab mexanizminin korpusdan aralanıb yerə düşməsi və sayğacın nömrəsi yazılan lövhənin yerində olmaması aşkar edilmişdir. Bu səbəbdən qaz sayğacı Salyan X3 İdarəsinin Neftçala XS-nin işçiləri tərəfindən açılaraq götürülmüşdür. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 03 iyul 2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda mərhum nənəsinin adı ilə yanaşı istehlakşının nümayəndəsi kimi onun adı qeyd olunmuşdur. 07 iyul 2023-cü il tarixdə Salyan X3 İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Həmin aktda bunlar qeyd edilmişdir: “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun plombu kəsilib, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfiyyatı qeydə almır, sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni sayğac almalı, hesablanacaq dəymiş ziyan tam ödənilməlidir” Bu akta xidmət sahəsinin əməkdaşları Sədrəddin Gözəlov, Mübariz Əliyev və S.Ağayev tərəfindən imza edilmişdir. O, həmin gün, yəni 07 iyul 2023-cü il tarixdə Salyan X3 İdarəsinin Neftçala XS-nin inzibati binasına getmiş, qaz sayğacına tərəflərindən hər hansı müdaxilənin edilmədiyini, sayğacın sıradan çıxmasına səbəbin 03 iyul 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin səbəb olduğunu bildirmişdir. Buna baxmayaraq Salyan X3 İdarəsinin Neftçala XS-nin əməkdaşları məhkəməyə müraciət etməyimi tovsiyə etdilər. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə haqqında ərizə təqdim edərək iddia tələbində aktın ləğv olunması ilə yanaşı həmin akt əsasında hesablanmış 1555,20 manat ziyanın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin Cavabdeh ilə ilkin müqavilə bağlamış nənəsi Arəstə Ağayevanın vəfat etdiyini bildirərək, ikinci müqavilənin onunla bağlandığını qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, Arəstə Ağayevanın ölümü ilə bağlı sənədi əldə etməyə çalışsa da, bu mümkün olmadığından həmin sənədi təqdim edə bilmir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, “İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər”. Məhkəmə, Cavabdeh nümayəndəsininin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyini, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir: İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Ağayev X1 şəhəri, E.Bağırov küçəsi, ev 11 ünvanında daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 03 iyul 2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, Ağayeva Arəstənin fərdi yaşayış evində quraşdırılmış “Elster” tipli, “G-4” markalı, 12570788 nömrəli sayğac əvəzetmə üçün çıxarılmış və “Zenner” tipli, “G-4” markalı, **********0 nömrəli yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 07 iyul 2023-cü il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktın və “Qaz sayğaclarının yoxlanması” barədə 07 iyul 2023-cü il tarixli aktın surətindən görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, ARDNŞ-nin Cavabdeh İB-nin qaz sayğaclarının yoxlanması barədə 07 iyul 2023-cü il tarixli aktına əsasən abonentin mənzilinə quraşdırılmış “G-4” markalı, 12570788 nömrəli qaz sayğacına baxış keçirilmişdir. Qeyd olunur ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun plombu kəsilib, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfiyyatı qeydə almır, sayğac istismara yararsızdır. Tələb: Abonent öz hesabına yeni qaz sayğacı almalı, hesablanacaq dəymiş ziyan tam ödənilməlidir”. İş materiallarına əlavə olunmuş XS-19-03792/23 saylı müqavilədən görünür ki, Cavabdeh İB-nin Salyan RQİİ-nın rəis müavini M.Gözəlovun şəxsində Neftçala şəhəri, E.Bağırov küçəsi sakini İddiaçı arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı işin məhkəmə baxışı zamanı bildirir ki, qaz sayğacına onun tərəfindən hər hansı bir müdaxilə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. “İstehlakçıların hüquqularının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları var”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 07 iyul 2023-cü il tarixli, ******* nömrəli akt isə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübut hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, aktda qeyd edilən həmin müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB-nin İddiaçı yuxarıda göstərilən dəymiş zərəri tələb etməsi əsassız olmuşdur. Belə olan halda hesablanmış pul məbləği abonentdən tələb edilə bilməz. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 252, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Arəstə Ağayevanın (abonent № **********0, ünvan 1) adına Cavabdeh tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 07 iyul 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında hesablanmış dəymiş zərər məbləği 1.555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar