Məhkəmə qərarları › İş №2(053)-925/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-925/2023

01.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-925/2023 01.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Ərizəçi maraqlı şəxslər X2 və 2 saylı Respublika Psixiatriya Xəstəxanasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxslər X2 və 2 saylı Respublika Psixiatriya Xəstəxanasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb» göstərilməlidir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən «Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir». Qeyd olunur ki, Ərizəçi ərizəsində X1 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının əsasları kimi sonuncunun “özü-özü ilə danışması”, “nəyəsə deyinməsi”, ondan “pis qoxu gəlməsi”, “saçlarını daramaması”, “yaddaşının olmaması”, “məntiqsiz, rabitəsiz danışması”, “uşaqları döyməsi”, “uşaqlara “bıçaq götürüb başını kəsəcəyəm” deməsi” və s. göstərilir. Buna baxmayaraq ərizəyə ərizəçinin göstərdiklərini təsdiq edə biləcək heç bir sübut, həmçinin X1 hər hansı psixi pozuntudan əziyyət çəkdiyini təsdiqləyən tibbi sənəd əlavə olunmayıb. Belə olan halda Ərizəçi ərizəsində X1 fəaliyyət qabiliyyəti olmayan sayılması üçün əsas kimi göstərilənlər ərizəçinin şəxsi mülahizəsi hesab olunmalıdırlar. Bu mülahizələr isə Azərbaycan Respublikası MPM-nin yuxarıda istinad olunan müddəalarının mənası baxımından şəxsin psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən fakt, hal və ya sübut, habelə bunların ərizəçi tərəfindən şərhi kimi qiymətləndirilə bilməzlər. Beləliklə, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə zidd məzmunda verilib. Bununla yanaşı, Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinin tələbinə görə «Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir». Neftçala Rayon Məhkəməsində «Elektron məhkəmə» informasiya sistemi tətbiq olunub. Bununla bağlı qeyd olunur ki, ərizə ərizəçi ilə yanaşı onun vəkil nümayəndəsi tərəfindən imzalanmış, ərizəyə vəkil orderi habelə ərizəçinin vəkilə verdiyi etibarnamə əlavə edilmişdir. Bunları nəzərə aldıqda görünür ki, ərizənin «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunması mümkün idi. Buna baxmayaraq, ərizə məhkəməyə «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə deyil, kağız daşıyıcıda təqdim olunub. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən “İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxslər X2 və 2 saylı Respublika Psixiatriya Xəstəxanasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar