Məhkəmə qərarları › İş №2(054)-10/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-10/2024

02.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-10/2024 02.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə Sadəddin oğlunun, Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs və Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə 02 may 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) qardaşı -xx.xx.1975-ci il tarixdə anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, ərizəçi xx.xx.1990-cı ildə Oğuz rayonu, Muxas kəndində anadan olmuşdur. Onun qardaşı xx.xx.1975-ci il təvəllüdlü Maraqlı şəxs ərizəçi ilə birlikdə yaşayır. Seymur 2005-ci ildən Oğuz rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “ruhi-əsəb” kabinetində “F20 şizofreniya” diaqnozu ilə 2-ci qrup əlil kimi dispanser qeydiyyatında olmuşdur. Azərbaycan Respublikası ƏƏSMN TSEK-də xx.xx.2023-cü il tarixdə keçirilmiş qiymətləndirməyə əsasən Seymur həmin tarixdən müddətsiz 1-ci dərəcəli əlil hesab edilməklə əmək qabiliyyətsiz, diaqnozu qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır əqli gerilik, özünə xidmət qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı olması kimi müəyyən edilmişdir. Seymurun orqanizminin funksiyalarının pozulması 90 faiz, İQ əmsalı 20 faiz olaraq qiymətləndirilmişdir. Beləliklə Seymur xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Onun hüquqlarının qorunması üçün üzərində qəyyumluq müəyyən edilməlidir. Bunun üçün isə Seymurun məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz olması müəyyən edilməlidir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2(054)-525/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icraat dayandırılmış və mülki iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X3 publik hüquqi şəxsi X7 şöbəsinə göndərilmişdir. Sözügedən iş ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdi, ekspertin rəyi ilə tanış olduğunu və rəyə etirazının olmadığını bildirdi, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Humayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, iş materiallarında olan sənədlərdən, o cümlədən aparılmış ekspertizanın nəticələrinə dair rəydən göründüyü kimi Maraqlı şəxs psixi xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlamaq və idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Həmin şəxs məhz eyni xəstəlik səbəbli müddətsiz 1-ci qrup əlil hesab edilmişdir. Qanunamüvafiq çıxarılacaq qərara etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, habelə Komissiyanın nümayəndəsini dinləyərək iş materiallarını araşdırmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə Azərbaycan Respublikası Vartaşen rayonu Muxas kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Muxas kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1975-ci ildə Azərbaycan Respublikası Vartaşen rayonu Muxas kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Muxas kəndidir. İşə əlavə edilmiş doğum haqqında İİİ-JQ 364871 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1975-ci il tarixdə Vartaşen rayonu Muxas kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Muxas kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci ildə 23 nömrə ilə qeyd edilmiş, atası X4, anası X1r. İşə əlavə edilmiş doğum haqqında XV-JQ 353421 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Vartaşen rayonu Muxas kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Muxas kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı ildə 57 nömrə ilə qeyd edilmiş, atası X4, anası X1r. Oğuz rayon İHB Oğuz rayon Muxas kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-95/2023 saylı arayışından görünür ki, Oğuz rayon Muxas kənd sakini Ərizəçi həqiqətən qardaşı Maraqlı şəxs ilə bir evdə yaşayır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” X11 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/1-M-xx-xx/2023 saylı arayışından görünür ki, Maraqlı şəxs xəstəliyə görə 2-ci qrul əlil olmaqla Oğuz MRX poliklinika şöbəsinin “ruhi-əsəb” kabinetində 2005-ci il tarixdən “F20 Şizofreniya” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası ƏƏSMN TSEK-in işə əlavə edilmiş sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli elektron məlumatın surətindən görünür ki, Maraqlı şəxs müddətsiz birinci dərəcəli əlil olub, xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, ümumi xəstəlik səbəbli əmək qabiliyyətsiz, “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır əqli gerilik, özünə xidmət qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı olması” diaqnozu ilə orqanizminin funksiyalarının pozulması 90 faiz, İQ əmsalı 20 faiz olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X3” X11 X7 Şöbəsinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 148 saylı rəyindən görünür ki, Maraqlı şəxs keçirdiyi ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Yenə həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1975-ci il təvəllüdlü Maraqlı şəxs məhkəmə psixiatrik ekspertizası keçirilərkən ekspert onun keçirdiyi ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi səbəbindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu nəticəsinə gəlmiş və Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi barədə xx.xx.2024-cü il tarixli, 148 saylı rəy verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1975-ci il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1975-ci il tarixdə Oğuz rayon Muxas kəndində anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar