Məhkəmə qərarları › İş №2(054)-12/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-12/2022

10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-12/2022 10.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, Ərizəçilər X4 və Ərizəçi2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçilər X4 və Ərizəçi2 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Ərizəçilər X4 və Ərizəçi2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 23.11.1999-cu il tarixli JN 455 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ərizəçilər X4 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçilər öz tələblərini onunla əsaslandırmışlar ki, ərizəçi X4 xx.xx.1946-cı il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı X1 qeyd edilmişdir. Ərizəçi2 xx.xx.1982-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd edilmişdir. Ərizəçilər hazırda Oğuz rayonu Kərimli kəndində yaşayırlar. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,90 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair 23.11.1999-cu il tarixli JN 455 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında isə ərizəçi X2 adı “Əlcan” kimi qeyd edilməli olduğu halda, səhvən “Əlfəndi” kimi, digər Ərizəçi2 isə ata adı “Əlcan” kimi qeyd edilməli olduğu halda, səhvən “Əlfəndi” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan hüquqmüəyyənedici sənədə düzəliş edilməsi və həmin sənədin onlara məxsus olması faktını təsdiq edən lazımi sənədlərin başqa qaydada əldə edilməsi mümkün deyildir. Hazırda həmin hüquqmüəyyənedici sənədin ərizəçilərə məxsus olması faktının yalnız məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Ona görə də ərizəçilər hazırki tələblə məhkəməyə müraciət etmişlər. Ərizəçilər X4 və Ərizəçi2 məhkəmə iclaslarına gəlməmiş, ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə görə məhkəmə iclaslarının ərizəçilərin iştirakı olmadan keçirilməsini qərara almışdır. Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizəçilərin tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə ərizəçilərin adı və ata adının düzgün qeyd edilməməsi texniki bir səhvdir. Adı çəkilən sənəddə ərizəçilərin adı və ata adının düzgün qeyd edilməməsi onların həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə və qeyd olunan sənəddə göstərilən torpaq sahəsinə dair mülkiyyət sənədi əldə etmələrinə maneçilik törədir. Ərizəçilər qeyd olunan sənədə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər, lakin adı çəkilən orqanda həmin sənədə düzəliş edilməsi mümkün olmamış və onlara məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Qeyd etdiklərinə əsasən həmin hüquqmüəyyənedici sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, ərizəçi X3 məxsus olan, 02.10.2005-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və 29.12.1968-ci il tarixli AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1946-cı il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı X1 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi2 məxsus olan, 24.07.2017-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və 27.05.2021-ci il tarixdə verilmiş 163/12 nömrəli doğum haqqında akt qeydinə dair arayışdan müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1982-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 23.11.1999-cu il tarixli JN 455 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci il tarixli 67 nömrəli qərarı ilə ərizəçilər və onların ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Kərimli kəndində yerləşən 0,90 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş Dövlət Aktında ərizəçi X2 adı “Əlfəndi” kimi, digər Ərizəçi2 isə ata adı “Əlfəndi” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Kərimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13.05.2021-ci il tarixli 105 nömrəli arayışda qeyd edilmişdir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənəddə texniki səhv olaraq ərizəçi X2 adı, digər Ərizəçi2 isə ata adı “Əlfəndi” kimi qeyd edilmişdir. Nümayəndəliyin ərazisində X5 və Ərizəçi2 Əlfəndi oğlu adlı şəxslər qeydiyyatda deyillər və yaşamırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli **********27 nömrəli müraciətə cavab məktubundan görünür ki, ərizəçi X4 hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənəddə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda onun müraciətinin müsbət həll edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsi və vəkilinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçilərin ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Kərimli kəndində yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənəddə ərizəçi X2 adı “Əlfəndi” kimi, digər Ərizəçi2 ata adı isə “Əlfəndi” kimi qeyd edilmişdir. Hazırda ərizəçilər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənəddə X2 adının, digər Ərizəçi2 isə ata adının düzgün qeyd edilməməsi ərizəçilərin həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə maneçilik törədir. Hazırki vəziyyətdə həmin hüquqmüəyyənedici sənəddə düzəliş edilməsi, eyni zamanda, ərizəçilərin həmin sənədin onlara məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədin ərizəçilər X4 və Ərizəçi2 məxsus olması, lakin həmin sənəddə X2 adının, Ərizəçi2 isə ata adının düzgün qeyd edilməməsi iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçilərə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 23.11.1999-cu il tarixli JN 455 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ərizəçilər X4 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar